Həyat bəzən yağış damlaları altında rəqs etməkdir, dostum...


Gülnar Mustafa

Bəzən sonsuzluğa uzanan bir sahildə, heç kimin olmadığı bir səssizliyin içində özünlə rəqs etməkdir. Bəzən isə bütün duyğularını oyadan, ürəyinin ritmini dəyişən bir insanla eyni ahəngdə addımlamaq...

Bəzən yoxluğunu kürəyinə bağlayıb bir ömür boyu daşımaqdır həyat. Bəzən də birinin varlığını ürəyinə sarıyıb, onunla birlikdə üşüyərək yaşamaq...

Bəlkə də elə buna görə Rumi deyirdi ki, insanın içində onu dəyişdirən, böyüdən bir yol var. Çünki bəzən getdiyimiz yol bizi harasa aparmır, bizi özümüzə gətirir.

Həyat bəzən səni görməyənlərin ardınca baxmaq deyil, fərqinə varmadan yanından keçdiyin gözəllikləri görməyi öyrənməkdir. Bir səhər pəncərədən süzülən günəş işığı, küçədə sənə gülümsəyən yad bir insan, yağışdan sonra torpağın qoxusu... Bəzən də həyat o qara torpağın içində parıldayan bir almaz daş kimidir…

Bəzən həyat Viktor Franklın həyat və insan haqqında düşüncələri kimidir - insan hər şeyini itirdiyi anda belə, yaşadıqlarına hansı mənanı verəcəyini seçə bilər. Bəzən həyatın bizə verdiyi şərait dəyişmir, amma ona baxışımız dəyişir. Və bəzən insanı ayaqda saxlayan məhz o kiçik məna olur.

Bəzən bir udum suya minnətdarlıq duymaqdır həyat. Bəzən qarşında sərilmiş min nemətə baxıb, heç birinə ehtiyac duymadan üz çevirə bilmək...

Çünki çoxluğa sahib olmaq həmişə zəngin olmaq deyil. Bəzən sahib olduqlarının qədrini bilməkdir əsl zənginlik. Bir stəkan suyun susuzluğunu söndürdüyü an, bir isti sözün üşüyən ruhuna toxunduğu an, bir insanın "yanındayam" deməsi... Həyatın ən böyük nemətləri bəzən çox kiçik görünür.

Həyat bəzən geridə qalanlara baxmadan yoluna davam etməkdir. Bəzən isə qalmaq, kök salmaq, aid olduğun yerdə çiçəklənmək…

Bəzən uzaqlarda göz yaşına boğulmaqdır həyat. Bəzən isə heç kim bilmədən, heç kim görmədən öz yaralarını sarımaqdır.

Və bəzən ürəyin səssiz-səssiz qan ağlayarkən üzündə bir təbəssüm daşımaqdır. Çünki hər gülüş xoşbəxtlikdən doğmur. Bəzən insan sadəcə dağılmamaq üçün gülümsəyir.

Helen Kellerin həyatı isə bizə başqa bir həqiqəti göstərir: insanın dünyanı necə yaşaması yalnız sahib olduğu imkanlarla deyil, içində daşıdığı ümidlə də bağlıdır. O, görmədən və eşitmədən belə həyatın gözəlliyini duymağın mümkün olduğunu bütün dünyaya göstərdi.

Bəlkə də həyatın ən böyük sirri budur, dostum...

Həyat həmişə istədiklərini vermir. Bəzən səndən alır, bəzən səni gözləmədiyin yollara çıxarır, bəzən də heç vaxt sağalmayacağını düşündüyün yaraların üstünə zamanın sakitliyini qoyur.

Amma bütün çətinliklərinə, bütün itkilərinə və bütün yaralarına baxmayaraq həyat yenə də çox gözəldir...

Elə deyilmi, dostum?

Həm də içində sən varsansa daha gözəldir...

Bir az ümid,

bir az sevgi,

bir az cəsarət,

bir az da özünə inam qatarsansa...

Həyat bir az daha işıqlı,

bir az daha mənalı,

bir az da daha gözəldir, dostum...

Bəlkə də yaşamaq — bütün bunların arasında rəqs etməyi öyrənməkdir.

Yağış yağanda islanmaqdan qorxmadan...

Külək əsəndə yıxılmadan...

Və həyat qarşına nə çıxarırsa çıxarsın, ürəyindəki işığı söndürmədən...

Rəqs etməkdir həyat.

Bəzən tək,

bəzən sevdiyin biri ilə,

amma hər zaman öz ruhunun musiqisi ilə...

Əsənliklə qal, dostum!


MANŞET XƏBƏRLƏRİ