ABŞ ilə davam edən hərbi gərginlik fonunda İran Prezidenti Məsud Pezeşkianın istefa ərizəsi təqdim etməsi barədə məlumatlar yayılıb. Pezeşkian isə yayılan xəbərləri təkzib edib.
Məsud Pezeşkian rəsmi IRNA xəbər agentliyi tərəfindən yayımlanan televiziya çıxışında bu iddialara son qoyub:
“Əgər istefa verəcək olsaydım, bunu açıq şəkildə elan edərdim. İstefa verməyəcəyəm və mübarizəni davam etdirəcəyəm”.
O, həmçinin Ali Lider Müctəba Xamenei və silahlı qüvvələrlə fikir ayrılıqlarının olması ilə bağlı iddiaları rədd edərək, onlarla tam harmoniya içində çalışdığını vurğulayıb.
“Hamı bilir ki, hər hansı bir fikir ayrılığı yaranarsa, silahlı qüvvələr Xamenei ilə birlikdə olacaq”, - deyə o əlavə edib.
Xatırladaq ki, İranın müxalifət mediasında Pezeşkianın istefa ərizəsini Xameneiyə bir neçə dəfə təqdim etməsi barədə məlumatlar yayılmışdı.
Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan deputat Rasim Musabəyov deyib ki, ortalıqda xalq tərəfindən qanunla seçilmiş bir prezident var.
Deputatın sözlərinə görə, kimsə seçkiləri qüsurlu hesab edə bilər, amma hər bir halda seçki keçirilib və milyonlarla insan Məsud Pezeşkiana səs verərək onu prezident seçib:
“Eyni zamanda İran parlamentində də xalq tərəfindən seçilmiş deputatlar var. Məhz İranda qanuni hakimiyyət də bunlardır və idarəetməni onlar həyata keçirməlidir. Reallıq isə odur ki, naməlum şəraitdə seçilən yeni dini rəhbər var və onun adından bir qrup, SEPAH-ın generalları bütün hakimiyyəti zəbt edərək, istədiklərini edirlər. Bu qüvvələr heç bir məsuliyyət daşımırlar. İran tərəfi ABŞ ilə danışıqlarda hansısa məsələdə razılığa gəlirsə, onu həyata keçirmək lazımdır. İranın rəsmi nümayəndələri ABŞ rəsmiləri ilə müzakirələrdə nəyisə razılaşdırırlar. Ancaq XİN başçısının yanında, parlament sədrinin başının üstündə SEPAH-ın adamları var və onlar hökumət nümayəndələri üçün maneələr yaradırlar. Hansısa məsələdə müəyyən anlaşmaya yaxın olduqda SEPAH qüvvələri dərhal Körfəzdəki gəmilərə atəş açır, ətrafdakı bazaları hədəfə alır. Danışıqlar pozulduqda, İran növbəti dəfə bombalandıqda bunun məsuliyyəti kimin üzərində qalacaq?!”
Rasim Musabəyov: Belə dövlət idarə etməzlər, bu cür vəziyyət dözülməzdir
Deputat vurğulayıb ki, əhaliyə yemək, su, elektrik enerji və digər zəruri ehtiyaclar lazımdır:
“Məgər bunları SEPAH təşkil edir? Yox. Camaat gözünü Pezeşkiana dikir. Amma prezidentin də heç bir səlahiyyəti yoxdur ki, nəsə etsin. Pezeşkian televiziyada çıxış edir, istefa vermək niyyətində olmadığını deyir, dövlət başçısının çıxışını kəsirlər, senzura tətbiq edirlər. Parlamentin sədri Qalibaf çıxış edir, onu da tam yayımlamırlar. Belə dövlət idarə etməzlər. Bu cür vəziyyət dözülməzdir”.