Tramp: İranla razılığa üstünlük verirəm


ABŞ Prezidenti Donald Tramp İranla diplomatik razılığa üstünlük verdiyini, lakin danışıqlar nəticəsiz qalacağı təqdirdə hərbi güc tətbiqinin hələ də mümkün variant olduğunu bəyan edib.

Turkustan.az xəbər verir ki, Tramp Nevada ştatının Las-Veqas şəhərində iqtisadiyyat mövzusunda keçirilən tədbirdə çıxışı zamanı İranla bağlı mövqeyini açıqlayıb.

ABŞ prezidentinin sözlərinə görə, Vaşinqton İranın nüvə silahına sahib olmasına heç vaxt imkan verməyəcək.

"İnsanları öldürmək istəmirəm. Buna görə də İranla razılaşma əldə etməyə üstünlük verərdim", – deyə Tramp bildirib.

O, həmçinin qeyd edib ki, ABŞ "İkinci Dünya müharibəsindən bəri ən böyük hücumlardan birini" həyata keçirməyə hazır idi. Lakin Körfəz ölkələrinin liderləri və İran rəsmilərinin hücumun dayandırılması və danışıqlara başlanılması ilə bağlı müraciətlərindən sonra planlaşdırılan əməliyyat təxirə salınıb.

"Mənə zəng edib dedilər: 'Xahiş edirik, bunu etməyin, danışaq'. Hazırda danışıqlar aparırıq. Görək nə olacaq. Onlar bizə hörmət edirlər", – deyə Tramp vurğulayıb.

ABŞ prezidenti əlavə edib ki, diplomatik səylər nəticə verməsə, Vaşinqton İrana qarşı "sərt" zərbələr endirməyə hazırdır.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ