İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ ilə İran arasında danışıqların davam etdiyi bir vaxtda Tehranın nüvə silahı əldə etməsinə imkan verməyəcəklərini bildirib və zərurət yaranacağı təqdirdə İsrailin müstəqil addımlar ata biləcəyinə işarə edib.
Turkustan.az xəbər verir ki, Netanyahu bu fikirləri sionizm hərəkatının banisi Teodor Herzlin Serbiyadan gətirilən nənə və babasının qalıqlarının Yerusəlimdə yenidən dəfn mərasimində çıxışı zamanı səsləndirib.
Baş nazir bildirib ki, İran İnqilab Keşikçiləri Korpusunun bir komandirinin İranın nüvə silahı proqramını davam etdirmək niyyətində olduqlarına dair açıqlamalarını eşidib.
"İranın nüvə silahı əldə etməsinin qarşısını almaqda qətiyyətliyəm", – deyə Netanyahu vurğulayıb.
Netanyahu həmçinin ABŞ Prezidenti Donald Trampı İsrailin ən yaxın dostu və müttəfiqi adlandırsa da, ölkəsinin təhlükəsizliyi ilə bağlı qərarları özünün verəcəyini bildirib.
"İsrailin mövcudluğu danışıqlar yolu ilə təmin edilmir. Təhlükəsizliyimizi və gələcəyimizi qorumaq üçün lazım olan hər şeyi etməyə qərarlıyıq", – deyə o əlavə edib.
Aytən Yaşar/ Turkustan.az