Türkiyənin xarici işlər naziri Hakan Fidan İstanbulda keçirilən Məkkə Birgə Müdafiə Sazişi çərçivəsində yaradılan Strateji Siyasi və Müdafiə Komitəsinin ilk iclasından sonra açıqlama verib.
Turkustan.az xəbər verir ki, Fidan bildirib ki, saziş çərçivəsində regionda yeni təhlükəsizlik və əməkdaşlıq arxitekturasının formalaşdırılması prosesi başlayıb. O, alyansın genişlənməyə açıq olduğunu və heç bir dövlətə qarşı yönəlmədiyini vurğulayıb.
“Bu sazişlə bölgəmizdə yeni bir təhlükəsizlik və əməkdaşlıq arxitekturasının qurulması prosesi başladı”, - deyə Fidan bildirib.
Nazirin sözlərinə görə, iclasda sazişin həyata keçirilməsi ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb və alyansın rəsmi adının “Məkkə Müdafiə Alyansı” olması barədə razılıq əldə edilib.
Fidan region ölkələrinin rifahı və davamlı sülhün təmin olunması üçün birgə fəaliyyətin zəruri olduğunu qeyd edib.
O, həmçinin İsrailin Baş naziri Benyamin Netanyahunu sərt tənqid edib və onu “soyqırım lideri” adlandıraraq, ciddi qəbul ediləcək şəxs olmadığını bildirib.
Fidan əlavə edib ki, Məkkə Müdafiə Alyansının ilk iclası Türkiyənin regional sülh və təhlükəsizliyin təmin olunmasında məsuliyyət daşımağa hazır olduğunu göstərir.
Aytən Yaşar/ Turkustan.az