Türkiyə Hərbi Dəniz Qüvvələri və Somali Milli Ordusu Puntland sahillərində dəniz quldurları tərəfindən qaçırılan “MV LATUF” yük gəmisini birgə əməliyyatla xilas edib.
Turkustan.az xəbər verir ki, bu barədə Somali Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, 10 gün davam edən əməliyyat başa çatıb. Kamerun bayrağı altında üzən və Tekirdağdan yola çıxan gəmi 17 avqustda quldurlar tərəfindən ələ keçirilib. Gəminin 10 nəfərlik heyətində bir Türkiyə vətəndaşı da olub.
Türkiyənin Moqadişodakı səfirliyi Somali hakimiyyəti ilə danışıqlar apararaq gəminin qeyd-şərtsiz azad edilməsinə çalışıb. Bölgəyə hava və dəniz qüvvələri göndərilib, Somali təhlükəsizlik qüvvələri ilə koordinasiyalı əməliyyat keçirilib.
Nəticədə 14 dəniz qulduru zərərsizləşdirilib, 29 avqustda isə quldurların hamısı gəmini tərk edib./publika.az