Səfəvilərdən Qızılbaşlara


Elşən Mirişli
Gəncə şəhəri, tarixçi

Şah İsmayıl Xətai tərəfindən Qızılbaş dövlətinin yaradılması
II Yazı

Azərbaycan türklərinin yetişdirdiyi ədəbi şəxsiyyətlər və dövlət başçıları içərisində Şah İsmayıl Xətainin ( 1487-1524) xüsusi yeri vardır.Qızılbaş dövlətinin yaradıcısı kimi böyük şöhrət tapan Şah İsmayılın siyasi fəaliyyəti,mədəniyyətin inkişaf etdirilməsi sahəsindəki xidmətləri onun ədəbi yaradıcılığı ilə sıx surətdə bağlı olmuşdur.
Yaxın Şərqdə əzəmətli bir dövlət quran Şah İsmayılın şəxsi fəaliyyəti və hərbi istedadı haqqında Karl Marks yazırdı: “Səfəvilər xanədanının banisi Şah İsmayıl Fateh idi. O, ilk on dörd illik hakimiyyəti dövründə on dörd əyaləti fəth etmişdi”.
Şübhəsiz parçalanmış və zəif düşmüş Azərbaycan əyalətlərini vahid bir dövlətdə biləşdirmək işi siyasi cəhətdən müsbət tarixi hadisədir.
Şah İsmayılın məmləkət daxilində yürütdüyü siyasət nəticəsində kəndlilərdən alınan vergilər azaldılır, ölkə daxilində asayiş bərpa olunur, ticarət yollarının təhlükəsizliyi təmin edilir, bunun nəticəsində də ticarət inkişaf edirdi.Şah İsmayıl Qızılbaş dövlətinin siyasi hüdudlarını təsadüfi basqınlardan qorumaq üçün çox mühüm tədbirlər görürdü.
Bütün bunlardan başqa Qızılbaş-Səfəvi dövlətində külli miqdarda rütbə adları, idarə və hərbi istilahlar da Azərbaycan türkcəsində idi.Məsələn: Atamüddövlə (baş vəzir) Əmiraxurbaşı (mehtərlərin başçısı),eşik ağası (yazı işlərini icra edən məmur),eşik ağası başı (saray naziri), divan başı ( mülki və siyasi idarənin başçısı),Atminən (hökmdarın yavəri,qabaqcıl atlısı), bitikçi (katib,kargüzar), bəylərbəyi ( bir neçə elin başçılarına başçılıq edən), gəzən (patrul),amac (hədəf), Ərməğan (hərbi səfərdə ələ keçən qənimət, hədiyyə), ocaq (sığınacaq yeri),Qorçubaşı (Qızılbaş şahının seçmə qvardiya döyüşçülərinin qorçuların başçısı olub dövlətin sütunu hesab olunurdu.Qorçubaşı etimad əd-dövlətdən sonra Qızılbaş dövlətinin ən böyük əmirlərindən hesab olunurdu),Qorçu (qoruyucu, hökmdarın xüsusi qvardiyası),Çərik (müharibə vaxtı səfərbər olunan könüllü qoşun),saxlov (daimi qoşun saxlanılan yer,qarnizon),sancaq (bayraq,vilayətin bir hissəsi),qol (orduda işlənən sol cinah,sağ cinah),çalıcıbaşı( musiqi heyətinə rəhbərlik edən,kapelmeystr),ayaqçı (qasid),sürun (hücum),yaraq (silah),yurd (düşərgə) və sairə istilahlara orta əsrlərdə yazılmış tarix kitablarında tez-tez rast gəlmək olar .
Qızılbaşların hakimiyyəti zamanı Təbriz şəhəri Yaxın Şərqin mədəni mərkəzlərindən birinə çevrilmişdi.Ölkənin sənət adamlarından başqa Yaxın Şərqin bir sıra mərkəzlərindən məşhur alim, şair və rəssamlar Şah İsmayıl Xətainin sarayına dəvət olunur müsabiqələr təşkil edilirdi. Bu da tarixi bir həqiqətdir ki,1506-cı ildə Hüseyn Bayqaranın ölümündən sonra hakimiyyət başına keçən oğlu Bədiüz-Zaman Mirzə həmin ildə özbək hökmdarı Şeybani xanın hücumuna məruz qalmışdı.Dövrünün tanınmış şairlərindən olan Bədiüz-Zaman Mirzənin bu hadisədən sonra bir sıra şair və rəssamlarla Təbrizə gələrək, Şah İsmayılın sarayına sığınmışdılar.Bundan başqa 1510-cu ildə, yəni Şeybani xanın ölümündən sonra məşhur rəssam Kəmaləddin Behzad (1455-1535) Təbrizə gələrək Şah İsmayılın sarayın daxil olmuşdur. Üç hökmdarın sarayında yaşayan Behzad,sonuncunun hakimiyyəti zamanı daha çox şöhrət qazanmışdır.
Şah İsmayı Xətai siyasi fəaliyyəti ilə birlikdə mədəniyyət sənət və ədəbiyyata da ciddi fikir vermişdir.Bu haqda tarixçilərin vəsənətşünasların verdikləri maraqlı məlumat diqqəti cəlb edir.
Şah İsmayıl Xətai 1522-ci ildə Kəmaləddin Behzadın saray kitabxanası rəisliyinə təyin edilməsi haqqında xüsusi fərman vermişdir. Bu fərman hər şeydən əvvəl,o dövrdə sənətkarlıq işinin təşkili və nəfis sənətin növləri haqqında aydın təsəvvür yaradır . Digər tərəfdən,burada mədəniyyətə,sənətə yüksək qiymət verən Şah İsmayılın,sənət adamlarına olan xeyirxah münasibəti,həmçinin Behzadın sənətkarlar arasında və dövlət işindəki mövqeyi göstərilmişdir.
XVI əsrin əvvəllərində Qızılbaş dövlətinin hakimiyyəti dövründə Azərbaycan mədəniyyəti yenidən canlanmağa başladı.
Azərbaycan türkcəsinə yüksək maraq, bu dilin rəsmi dövlət dili olması Şah İsmayılın vətənə-xalqa olan böyük xidmətlərindən biridir.
Bu zaman sarayda və orduda rəsmi danışıq dili Azərbaycan türkcəsi idi.Dövlətlər arası rəsmi yazışmalar Azərbaycan türkcəsi və fars dillərində,Hərbi rütbə və divanxana istilahlarının çoxu və əksəriyyəti yenə də Azərbaycan Türkcəsində olmuşdu.Bu tarixi həqiqət haqqlnda məşhur rus alimi, şərqşünas Vasili Vladimiroviç Bartold belə yazırdı:
“Xanədanın təşəkkül etdiyi yerdə Azərbaycan əhalisi hələ o zaman türkcə danışırdı və türkcə, nəticədə Qızılbaş dövlətinin saray və ordu dili olaraq qaldı”.
Səfəvi xanədanının yaratdığı Qızılbaş dövlətində yaşayan və əhalinin tərkib hissəsinə görə yerlərdə əksəriyyət təşkil edən Azərbaycan türkü olan bəylərbəylərinə saray tərəfindən rəsmi fərmanlar, əmir namələr Azərbaycan türkcəsində yazılırdı.
Bütün mədəni və ədəbi hadisələrin yaxın –uzaq şahidi olan Füzuli Şah İsmayıla böyük bir hörmət bəsləmişdir.Bu münasibətlə şair,öz yaradıcılığının ilk böyük gənclik meyvəsi olan “Bəngü badə” əsərini ona ithaf etmişdir. Füzuli “Bəngü badə”-nin müqəddiməsində olan “Bəşəd in mədh Şah İsmayıl “ adlı mədhiyyəsində Qızılbaşların bu ilk hökmdarının qüdrət və bacarığını, “Fəni və gəda”ların,yaxud varlı və yoxsulların ondan asudə və hakimiyyəti altında səlamət yaşadığını,eləcə də onun məclislər yaraşığı,sənət aşiqi olduğunu böyük bir fəxr ilə tərənnüm etmişdir.Füzuli bu mədhiyyədə Şah İsmayıl Xətaiyə yalnız qüdrətli bir hökmdar kimi,ölkədə əmin-amanlığı bacarıqla qoruduğu üçün,apardığı abadlıq işlərinə, elmə,mədəniyyətə və nəhayət sənətkarlara hörmət və ehtiram bəslədiyinə görə,Azərbaycan türkcəsinə rəvac verdiyinə və bu dildə gözəl şeirlərin müəllifi olduğuna görə daha çox bağlı olmuşdur.
Füzuli,Şah İsmayıla bəslədiyi hüsn-rəğbət üzündən onun bir sıra şeirlərinə nəzirələr yazmışdlr.
Səfəvilər siyasi hakimiyyəti ələ aldıqdan sonra Şah İsmayıl məsləkinə qoşulub, hürufiliyi Qızılbaşlıq ilə birləşdirməyə cəhd edən bir çox hürufi şairləri olmuşdur.Əvvəllər amansız surətdə təqib olunan hürufilik Qızılbaş dövləti dövründə azad nəfəs almağa imkan tapmışdı.
Orjinal üsluba malik olan şeirləri ilə orta əsr türk ədəbiyyatında yeni cığır açan Pir Sultan, Xətaini bir ustad, pir kimi tanımış və öz qoşmalarında etiraf etmişdir:
Xətai, Qul Hümmət pirim Pir Sultan,
Həm kiçik yatağan,böyük yatağan.
Xətainin:
Hu,deyəlim gerçəklərin dəminə,
Gerçəklərin dəmi nurdan sayılır-
Misraları ilə başlayan şerinə Pir Sultan belə nəzirə yazmışdır.
Hü deye çağırdım gerçək ərlərə.
Pirim var neylərəm dünya malını.
Pir Sultan, mənsub olduğu məsləkindən dönmədiyinə görə Osmanlı rəsmi dairələri Xızır Paşa tərəfindən Sivasda asılmışdır.Fədakar şair son nəfəsində belə öz məsləkindən dönməyərək,Şah İsmayıla olan bağlılığını bildirmişdi:
Qadılar müftilər fitva yazarsa.
İştə kəmənd,iştə boynum salarsa,
İştə xəncər,iştə kəlləm kəsərsə,
Dönən dönsün,mən dönməzəm pirimdən.
Qızılbaşlığın Osmanlı dövlətində-Şərqi Anadoluda yayılmasını Pir Sultan Abdal,Quyğusuz Abdal,Qul Himmət və bir sıra türk şairləri dönə -dönə tərənnüm etmişlər.Bu şairlər öz şeirlərində Qızılbaşlığa bağlı olmuşlar.
Şah İsmayıl Xətai qısa həyat sürməsinə baxmayaraq,zəngin ədəbi irsə malikdir. “Xətai” təxəllüsü ilə şeirlər yazan şairin ədəbi irsi içərisində Azərbaycan türkcəsində yaratdığı “Divan”,təlim-didaktik və fəlsəfi mahiyyətdə yazdığı mənzumələr,lirik qoşmalar,bayatılar.”Dəhnamə” adlı poeması və “Nəsihətnamə” əsəri vardır.
Şah İsmayılın hakimiyyəti dövründəTəbriz rəssamlıq məktəbi üslubunda miniatür rəssamlığı özünün yüksək mərhələsinə çatmışdı. Bu məktəbin ən görkəmli nümayəndələrindən Kəmaləddin Behzadı, ustad Sultan Məhəmmədi,Ağa Mirək Nəqqaşı, Mir Seyidəli Müsəvviri, Mirzəlini,Müzəffərələlini, Qasıməlini,Sadiq bəy Əfşarı və başqalarını göstərmək olar.
Yuxarıda adları çəkilən rəssamların miniatür rəsmlərindəə cazibəli boyakarlıq,realist üslub,canlı həyat və məişət lövhələri,müəyyən dərəcədə real insan surətləri,məzmun və məna dolğunluğunun şöhrəti bütün dünyaya yayılmışdı .Heç də təsadüfi deyildir ki,bu sənətkarlarlm nəfis mimiatür rəsimləri ilə bəzədikləri nadir əlyazmaları dünyanın məşhur muzey və kitabxanalarının qiymətli inciləri olmuşdur.
Əvvəllər Şah İsmayılın,sonra isə oğlu Şah Təhmasibin (1524-1576) saray kitabxanasında uzun müddət fəaliyyət göstərən ustad Sultan Məhəmmədin miniatür rəsmləri çox böyük şöhrət tapmışdlr.Bir sıra orta əsr təzkirəçiləri və sonra gələn sənətşünaslar Sultan Məhəmmədin, Firdovsinin “Şahnamə”sinə”,Nizaminin “Xəmsə”sinə,Əssar Təbrizinin “Mehr və Müştəri” məsnəvisinə çəkdiyi miniatürləri,Şah Təhmasibin portretini və sairə əsərləri çox yüksək qiymətləndirmişlər.
Bu dövrdə məşhur xəttatlardan isə nümunə üçün Mir Əli Katib,Şah Mahmud Nişburi və Mir İmdadı göstərmək olar.
Ardı var


MANŞET XƏBƏRLƏRİ