Avrasiyada çoxşaxəli əməkdaşlıqdan strateji tərəfdaşlığa


Azərbaycan-Şanxay Əməkdaşlıq Təşkilatı münasibətləri yeni imkanlar acır

Dünyanın diqqəti Mərkəzi Asiyaya yönəlib. Bişkekdə (Qırğızıstan) Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) Dövlət Başçıları Şurasının növbəti iclası, o cümlədən təşkilatın yaradılmasının 25-ci ildönümü ilə bağlı Sammit keçiriləcək.

Tədbirlərdə Azərbaycan Prezidenti İlham Əliyevlə yanaşı, 20-yə yaxın dövlətin lideri, BMT-nin Baş katibi Antonio Quterreş və bir sıra beynəlxalq və regional təşkilatların rəhbərləri iştirak edəcəklər. Dövlət başçıları beynəlxalq və regional gündəlikdəki cari məsələləri, təşkilatın gələcək inkişafı üçün prioritet sahələri, eləcə də siyasi, ticarət-iqtisadi, nəqliyyat-logistika, rəqəmsal, ətraf mühit və mədəni-humanitar sahələrdə əməkdaşlığın dərinləşdirilməsi perspektivlərini müzakirə edəcəklər.

1788165816_3f6740530970d35c15c0d38d94813a81.jpg

Görüşdən sonra ŞƏT-in 25-ci ildönümü ilə bağlı Bişkek Bəyannaməsi, çoxşaxəli əməkdaşlığın daha da gücləndirilməsinə və təşkilatın fəaliyyətinin təkmilləşdirilməsinə yönəlmiş sənədlər və qərarlar, eləcə də dövlət başçılarının bir sıra tematik bəyanatları imzalanacaq.

Qeyd edək ki, Şanxay Əməkdaşlıq Təşkilatı 15 iyun 2001-ci ildə Şanxay (Çin) şəhərində Qazaxıstan, Çin, Qırğızıstan, Rusiya, Özbəkistan və Tacikistan tərəfindən təsis edilib. 2017-ci ildə Hindistan və Pakistan, 2023-cü ildə İran, 2024-cü ildə Belarus təşkilata qoşulub. ŞƏT-in məqsədləri üzv dövlətlər arasında qarşılıqlı inam, dostluq, qonşuluq və səmərəli əməkdaşlığı gücləndirmək, regionda sülh, təhlükəsizlik və sabitliyi təmin etmək və qorumaq, yeni ədalətli beynəlxalq nizamı təşviq etməkdir.

ŞƏT-in tamhüquqlu iştirakçıları 10 ölkə - Rusiya, Belarus, Hindistan, İran, Qazaxıstan, Qırğızıstan, Çin, Pakistan, Tacikistan və Özbəkistandır. Hazırda Əfqanıstan və Monqolustan təşkilatda müşahidəçi, Azərbaycan, Bəhreyn, Misir, Kamboca, Ermənistan, Qətər, Küveyt, Maldiv, Myanma, Nepal, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Türkiyə və Şri-Lanka isə təşkilatın dialoq tərəfdaşı statusuna malikdirlər.

787959061_2583988412084688_1165121968591154330_n.jpg

Beynəlxalq aləmdə rolu getdikcə artan ŞƏT-in əsas əhəmiyyətini bir neçə istiqamətdə qiymətləndirmək olar. Birincisi, regional təhlükəsizliyin təmin olunmasıdır. Təşkilat terrorizm, ekstremizm, separatizm, narkotik qaçaqmalçılığı və digər transmilli təhlükələrlə mübarizədə üzv dövlətlər arasında əməkdaşlığı gücləndirməyi qarşıya məqsəd qoyub. İkincisi, bu, siyasi dialoq platformasıdır. Belə ki, ŞƏT müxtəlif siyasi və iqtisadi maraqlara malik böyük dövlətləri bir araya gətirərək dialoq və qarşılıqlı əməkdaşlıq üçün geniş imkan yaradır. Üçüncüsü, iqtisadi əməkdaşlığı gücləndirir. Bu istiqamətdə təşkilat çərçivəsində ticarət, investisiya, nəqliyyat, logistika, enerji və infrastruktur layihələrinin inkişafı üçün yeni imkanlar formalaşır.

ŞƏT ölkələri arasında əməkdaşlıq Şərq-Qərb və Şimal-Cənub nəqliyyat marşrutlarının inkişafına mühüm təsir göstərir. Bu isə Azərbaycanın tranzit və logistika imkanları baxımından xüsusi əhəmiyyət daşıyır. ŞƏT Qərb mərkəzli beynəlxalq siyasi sistemə alternativ əməkdaşlıq platformalarından biri kimi qəbul edilir. Təşkilat üzv və tərəfdaş ölkələrin daha müstəqil xarici siyasət yürütməsi üçün imkanlar yaradır.

Azərbaycan-ŞƏT tərəfdaşlığı böyük strateji məna daşıyır və ölkəmiz Çin və Mərkəzi Asiyanı Cənubi Qafqaz, Türkiyə, Qara dəniz hövzəsi və Avropa ilə birləşdirən mühüm bağlantı məkanına çevrilir. Başqa sözlə, Azərbaycan təşkilata doğru irəlilədikcə ŞƏT də Azərbaycan üzərindən Qərbə doğru yeni iqtisadi çıxış imkanları qazanır.

Azərbaycanın ŞƏT ilə münasibətləri ardıcıl siyasi xətt üzrə inkişaf edib. 2015-ci ildə dialoq üzrə tərəfdaş statusunun əldə olunması, 2016-cı ildə Pekində müvafiq memorandumun imzalanması, 2024-cü ilin iyulunda müşahidəçi statusu üçün rəsmi müraciət və 2025-ci ildə vahid "ŞƏT tərəfdaşı" formatına keçid bu əlaqələrin mərhələlərini formalaşdırıb. Sənəd regional təhlükəsizlik və sabitlik, terrorizm, ekstremizm və separatçılıqla mübarizə, transmilli cinayətkarlığa qarşı fəaliyyət, eləcə də müxtəlif iqtisadi və humanitar istiqamətlərdə əməkdaşlıq imkanlarını əhatə edir.

790528984_1586648009618561_8142932902016438744_n.jpg

Azərbaycanın ŞƏT ilə əməkdaşlığı ölkənin çoxşaxəli və balanslaşdırılmış xarici siyasətinin mühüm istiqamətlərindən biridir. ŞƏT Avrasiya məkanında təhlükəsizlik, iqtisadiyyat, nəqliyyat, enerji və humanitar sahələr üzrə əməkdaşlığı birləşdirən ən böyük regional platformalardan hesab olunur.

Azərbaycan üçün ŞƏT məkanı həm də geniş iqtisadi imkanlar deməkdir. Təşkilatda Çin, Rusiya, Hindistan və Mərkəzi Asiyanın mühüm dövlətlərinin təmsil olunması Azərbaycanın ticarət, investisiya və biznes əlaqələrinin genişləndirilməsi baxımından böyük potensial yaradır.

Azərbaycan nümayəndələri müxtəlif illərdə ŞƏT-in iqtisadi forumlarında, sənaye və innovasiya sərgilərində iştirak edib. Bu əməkdaşlıq xüsusilə aşağıdakı sahələrdə perspektivlidir: ticarət dövriyyəsinin artırılması, qarşılıqlı investisiyaların genişləndirilməsi, rəqəmsal iqtisadiyyat, sənaye əməkdaşlığı, innovasiya və yeni texnologiyalar, kənd təsərrüfatı, logistika, nəqliyyat və s.

Azərbaycanın ŞƏT-in iqtisadi forumlarında və digər tədbirlərdə iştirakı iqtisadi əlaqələrin inkişafına xidmət edən əsas istiqamətlərdən biridir.

Yeri gəlmişkən, Azərbaycanın ŞƏT üçün ən böyük üstünlüklərindən biri onun geostrateji mövqeyidir. Ölkə Avropa ilə Asiyanı birləşdirən mühüm nəqliyyat və logistika qovşağıdır. Buraya Orta Dəhliz, Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, müasir dəmir yolu və avtomobil infrastrukturu daxildir.

HpIfHbL0bphpIoNqyXbIXpFJNuupEqlZ0nvV38Et_1200.jpg

Çin və Mərkəzi Asiya ölkələrinin Avropa bazarlarına çıxışında Azərbaycanın tranzit imkanları getdikcə daha mühüm rol oynayır. Bu isə Bakı ilə ŞƏT məkanındakı dövlətlər arasında əməkdaşlığın yalnız siyasi deyil, həm də praktik iqtisadi əsaslara söykəndiyini göstərir.

Beləliklə, Azərbaycan–ŞƏT əməkdaşlığı təkcə beynəlxalq təşkilat çərçivəsində əlaqələr deyil, həm də Azərbaycanın Avrasiya məkanında siyasi, iqtisadi və nəqliyyat imkanlarının genişlənməsi deməkdir. Azərbaycanın balanslaşdırılmış xarici siyasəti ona həm Qərb, həm Şərq, həm də regional təşkilatlarla qarşılıqlı faydalı münasibətlər qurmağa imkan verir. ŞƏT ilə əməkdaşlığın genişlənməsi isə ölkənin tranzit, enerji, ticarət və geosiyasi imkanlarını daha da gücləndirə bilər.

Azərbaycanın ŞƏT-dəki gələcək rolu, ilk növbədə, onun Avrasiyanın müxtəlif siyasi və iqtisadi mərkəzlərini birləşdirən etibarlı tərəfdaş və strateji nəqliyyat qovşağı kimi əhəmiyyətindən asılı olacaq.

***

Ortaq mənafelər, əməkdaşlıq, sülh və münasibətlərin normallaşması kimi məsələlər təhlükəsizliyin təmin olunmasını da aktuallaşdırır. Azərbaycan torpaqlarını işğaldan azad edəndən sonra Cənubi Qafqazda fərqli şəraitin yaranmasına da nail olub. Bu həm də regional təhlükəsizliklə bağlı məsələləri gündəliyə gətirib.

Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib ki, Cənubi Qafqaz üçün ümumi təhlükəsizlik sisteminin yaradılmasını mümkün hesab edir.Daha dəqiq desək, o, Azərbaycan və Ermənistan arasında münasibətlərin tam tənzimlənməsindən sonra gələcəkdə Cənubi Qafqazda ümumi təhlükəsizlik sisteminin formalaşdırılması mümkünlüyünü vurğulayıb. Nazir deyib ki, indiki şəraitdə söhbət hələlik aparılan danışıqlardan deyil, yalnız mümkün perspektivdən gedir.

Onun sözlərinə görə, bu kontekstdə Türkiyə və Azərbaycan münasibətləri xüsusi əhəmiyyət daşıyır, çünki onlar artıq sıx hərbi-siyasi tərəfdaşlığa malikdirlər. Hakan Fidan bildirib ki, Ankara və Bakı Azərbaycan və Ermənistan arasında normallaşma prosesini dəstəkləyir, sülh sazişini Cənubi Qafqazın uzunmüddətli sabitliyi üçün ən vacib şərt kimi qiymətləndirirlər.

Beynəlxalq münasibətlərdə Cənubi Qafqaza region olaraq bir bütöv kimi yanaşılır. Bölgədəki üç dövlətin bir-biri ilə münasibətlərinin normallaşması, habelə dayanıqlı sülhün, əməkdaşlığın təmin olunması onların bir sıra məsələlərdə ortaq mənafelərinin zəruriliyini şərtləndirir. Ona görə də təbii olaraq belə bir sual yaranır: Cənubi Qafqazda ümumi təhlükəsizlik sistemi niyə lazımdır?

Bölgədə üç respublika - Azərbaycan, Ermənistan və Gürcüstan yarandıqdan sonra onların təhlükəsizliyinə həm də şimaldan təhdid olub. Elə bu amil müstəqilliklərinə son qoymaqla yanaşı, onların arasında ziddiyyət, indiyədək davam edən düşmənlik toxumu belə səpib.

791889954_1736722657598211_6678380560451065058_n.jpg

Ona görə də Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından çıxarıldıqdan sonra iki ölkə arasında münasibətlərin normallaşması istiqamətində atılan addımlar həm də Cənubi Qafqazın təhlükəsizliyi ilə bağlı məsələlərin vacibliyini gündəliyə gətirir.

Zəngəzur yolunun (TRIPP) gələcəkdə fəaliyyət göstərməsi, bölgədən keçən müxtəlif marşrutlar, habelə Orta Dəhlizlə daşımaların artması, Xəzərlə Qara dəniz arasında bütöv regionun körpü, bağlayıcı olması yaranmış yeni vəziyyətə uyğun şərtləri də dəyişib. Çünki Cənubi Qafqazda reallaşan və gerçəkləşəcək layihələri birbaşa, açıq-aşkar təhdid edənlərlə yanaşı, regiondakı bu kimi tərəqqiyə qarşı dolayı yolla çıxıb, onunla düşmənlik edənlər də var.

Bakı-Tbilisi-Ceyhan Əsas Neft İxracı kəməri, TANAP, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars dəmiryol xətti, Bakı-Tbilisi-Ərzurum Boru Xətti, TRASEKA (Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizi, 1993-cü ilin may ayında Brüsseldə Avropa İttifaqlının iştirakı ilə keçirilən konfransda 8 ölkə - Azərbaycan, Ermənistan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan tərəfindən təsis edilib) kimi layihələrin təhlükəsizliklərinin təmin olunması da Cənubi Qafqazda bu sahənin vacibliyinə diqqəti artırır.

Deməli, təhlükəsizliyin təkcə Cənubi Qafqazın deyil, həm də Mərkəzi Asiyanın (Türküstan) təxirəsalınmaz məsələsinə çevrilməsi ehtimalı çoxdur.

Cənubi Qafqaz respublikaları ilə Türküstan arasında son illər müxtəlif sahələrdə əməkdaşlığın artması, siyasi-diplomatik münasibətlərin inkişafı regionların birgə təhlükəsizlik sisteminin də qurulmasını aktuallaşdırır.

791943898_1118999287453221_5240768022124491722_n.jpg

Cənubi Qafqazda təhlükəsizlik sisteminin qurulması, ona Mərkəzi Asiyanın qoşulması səbəblərini aşağıdakı kimi sıralamaq olar:

- regionların Qərbə meyl etməsi;

- müstəqillik və suverenliyini qoruyub saxlaması;

- təhlükəsizliklərinin ortaq mənbədən təhdid edilməsi;

- iqtisadi-ticarət maraqlarının təmin olunması;

- beynəlxalq arenada baş verən münaqişələrin həllinə oxşar siyasi-diplomartik yanaşma;

- yeni bazarlara müstəqil çıxış əldə etmək;

- etibarlı tərəfdaş və zəncir rolu oynamaq və s.

Ötən ilin oktyabrında Azərbaycanın Qəbələ şəhərində Türk Dövlətləri Təşkilatı Dövlət Başçıları Şurasının "Regional sülh və təhlükəsizlik" mövzusuna həsr edilmiş 12-ci Zirvə Görüşündə Prezident İlham Əliyevin çıxışında da təhlükəsizliyin aktuallığı vurğulanıb. O bildirmişdi ki, sülh və təhlükəsizlik hər bir ölkənin inkişafı üçün əsas amildir: "Məlumdur ki, təhlükəsizlik təmin edilmədən inkişaf mümkün deyil. Beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulduğu dövrdə ölkələrimiz arasında hərbi və hərbi-texniki sahədə əməkdaşlıq çox önəmli amillərdən biridir".

Prezident İlham Əliyev həmin toplantıda vurğulayıb ki, bugünkü dünyada hərbi güc hər bir ölkənin müstəqilliyinin və ərazi bütövlüyünün əsas amilidir.

Sülh və əməkdaşlıq üçün də onun vacibliyi günbəgün təsdiqlənir.

Regional təşhlükəsizliyin təmin olunması üçün bir sıra beynəlxalq sistemlər mövcuddur. Onlardan biri də 2026-cı il avqustun 7-də Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında imzalanmış paktdır.

Avqustun 31-də İstanbulda Məkkə Ortaq Müdafiə Sazişi çərçivəsində təsis edilən Strateji Siyasi və Müdafiə Komitəsinin ilk toplantısı keçirilib. Toplantıda beynəlxalq təhlükəsizlik məsələlərinin gündəmdə yer alması, həmçinin müdafiə potensialının inkişaf etdirilməsi, bu kontekstdə üç ölkənin silahlı qüvvələri arasında birgə fəaliyyət qabiliyyətinin artırılmasının təşviq edilməsi, ortaq istehsal ilə tədqiqat və inkişaf daxil müdafiə sənayesi sahəsindəki əməkdaşlığın dərinləşdirilməsi, terrorla mübarizədə birgə səylərin gücləndirilməsi kimi mövzular müzakirə edilib. Habelə toplantıda gələcək dövrdə atılacaq addımlara dair yol xəritəsinin müəyyən edilməsi nəzərdə tutulub.

182yhyrzO1M2q4J55Cnx07ZZNS54vqqFyJFdlEHP_1200.webp

Odur ki, Cənubi Qafqazda da mümkün təhlükəsizlik, müdafiə sisteminin qurulması, ona Mərkəzi Asiyanın gələcəkdə qoşulması ehtimalı həm də bölgələrdəki dövlətlərin ərazi bütövlüyü və suverenliyinin təmin olunması üçün başlıca vasitələrdən ola bilər. Bu sistem bölgədə yeni əməkdaşlıq mədəniyyətinin də yaranmasına stimul verər. Ona görə də Cənubi Qafqaz – Mərkəzi Asiya ortaq təhlükəsizlik və müdafiə sisteminin mümkün qurulmasına doğru müzakirələrin aparılması da aktuallaşa bilər.

Analitik qrup


MANŞET XƏBƏRLƏRİ