Pezeşkian: İran inqilabdan bəri ən çətin dövrünü yaşayır


İran Prezidenti Məsud Pezeşkian ABŞ və İsrailin hücumlarından sonra ölkənin üzləşdiyi vəziyyəti şərh edərək bildirib ki, İran İslam İnqilabından bəri ən ağır dövrünü yaşayır.

Turkustan.az xəbər verir ki, İranın rəsmi xəbər agentliyi İRNA-ya müsahibə verən Pezeşkian prezidentliyinin iki ilini dəyərləndirərkən deyib ki, ölkənin bu günədək ayaqda qalması İran xalqının həmrəyliyi sayəsində mümkün olub.

"Əgər bu günə qədər sağ qalmışıqsa, bu, bizi bir yerdə saxlayan nəcib İran xalqının sayəsindədir. Hazırda inqilabdan sonrakı tariximizin ən çətin dövrünü yaşayırıq", – deyə o bildirib.

Pezeşkian ABŞ və İsrailin hücumlarına da toxunaraq onların ölkədə xaos yaratmağa çalışdıqlarını iddia edib.

"Ümidlərini itirəndə lideri öldürdülər. Çox qəddar bir addım atdılar və ölkənin dağılacağını düşündülər. Lakin proses davam etdi və yeni liderimiz sevimli liderimizin yerinə seçildi. Onun varlığı bu yolda irəliləməyimiz üçün bizə böyük güc verir. Hazırda isə onunla ünsiyyət qurmaq çox çətindir", – deyə İran prezidenti qeyd edib.

Pezeşkianın sözlərinə görə, hücumlardan sonrakı dövrdə əsas məqsəd İran cəmiyyətində parçalanma yaratmaq olub. O vurğulayıb ki, müxtəlif baxışlara malik və narazılığı olan insanlar belə ölkənin maraqları naminə təmkin nümayiş etdirərək birlik sərgiləyiblər.

"Bu müddət ərzində düşmənin bütün səyləri bizi parçalamağa yönəlmişdi. Lakin xalq həmrəylik göstərdi və ölkənin sabitliyinə dəstək verdi", – deyə, İran prezidenti əlavə edib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ