Zelenski: Sentyabrda çox şey dəyişə bilər


Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ Prezidenti Donald Trampın nümayəndələri Stiv Vitkoff və Cared Kuşnerlə görüşdən sonra sentyabr ayında Ukrayna-Rusiya müharibəsinin gedişində və sülh prosesində mühüm dəyişikliklərin baş verə biləcəyini bildirib.

Turkustan.az xəbər verir ki, Zelenski axşam videomüraciətində Vitkoff və Kuşnerlə Ukraynadakı cəbhə xəttində vəziyyəti, Rusiyanın hücumlarını və müharibənin başa çatdırılması istiqamətində mümkün addımları müzakirə etdiyini deyib.

Ukrayna Prezidenti bildirib ki, ABŞ və Ukrayna nümayəndə heyətləri arasında danışıqlar davam edir və Vitkoffla Kuşnerin Ukraynaya səfərinin tarixinin müəyyənləşdirilməsi istiqamətində iş aparılır. Onun sözlərinə görə, bu səfər sülh üçün mümkün həll yollarının hazırlanması baxımından faydalı ola bilər.

Zelenski ABŞ nümayəndələrinin Rusiya tərəfi ilə də danışıqlara hazırlaşdığını qeyd edib və Vaşinqtonun Moskvanı müharibəyə son qoymağa təşviq etmək üçün ata biləcəyi addımların vacibliyini vurğulayıb.

O bildirib ki, Ukrayna və tərəfdaş ölkələrin kəşfiyyat məlumatları Rusiya Prezidenti Vladimir Putinin müharibəni davam etdirmək niyyətində olduğunu göstərir.

“ABŞ prezidentinin nümayəndələrinin nəyə nail ola biləcəyini görəcəyik. Sentyabr çox şeyi dəyişə bilər”, – Zelenski deyib.

AYtən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ