
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun
Türk xalqlarının fəlsəfi fikir tarixi və müasir
fəlsəfəsi şöbəsinin müdiri, dos., dr. Faiq Ələkbərli
IV Yazı
Türk-İslam fikir adamları mənəviyə aid Allah, ruh, varlıq məsələlərini araşdırıb, maddiyə aid olan gerçək həyat fəlsəfəsindən, qanundan, hüquqdan uzaq durublar. Onların maddi məsələlərdə Yunan ədəbiyyatı və Roma hüququna deyil “İran ənənələri”nə müraciət etməsi təsadüfi ola bilməzdi. Bu o deməkdir ki, Ariyançılıq və zərdüştlik kimi “İran ənənələri”ndə qeyri-adi olan nə varsa, o, yalnız qədim Midiyaya sahib olan yerli (türk), ya da gəlmə (yunan, romalı) qeyri-fars hökmdarları “özünküləşdirmir”, eyni zamanda qeyri-aryançı dinləri (Xristianlığı, İslamlığı), dini-fəlsəfi cərəyanları da dəyişdirərək iransayağı bir qəlibə salır. Məsələn, “İran”da Tanrıçılıq, Xristianlıq və İslamlıq öz əksini uyğun olaraq zərdüştlüklə çulğalaşmış məzdəklikdə, təsəvvüfün bir çox təriqətlərində, fars şiəçiliyində və digərlərində tapmışdır. Deməli, bu bölgədə yeniləşmənin, dünyəvi dövlət olmanın əsas problemi zərdüştlik və ariyançılıqdır! Bizcə, bu anlamda İslam mədəniyyəti daxilində də özünə yer taparaq yuvalanmış əsas problem zərdüştlük və ariyançılıqdır! Başqa sözlə, İslam mədəniyyəti çərçivəsində yalnız bir panərəbizim, samiçilik problemi deyil, bəlkə də ondan da çox panariyanizm və zərdüştlükdür. Əslində bu coğrafiyada və ona həmhüdud bölgələrdə də İslam mədəniyyəti daxilində əsas mübarizə İslam dini ilə “İran ənənələri” arasında gedir. Ancaq bu “İran ənənləri” sırf İslam dininə qarşı olmaq kimi başa düşülüb, buna uyğun olaraq da yalnız bir Ərəb düşmənçiliyi deyil, eyni zamanda ondan da çox Türk düşmənçiliyi vardır. Çünki “İran ənənələri”nə İslama qədər də, İslamdan sonra da ən böyük mücadilə verən Türk gücü və Türk təfəkkürü olmuşdur. Hər halda İslamaqədərki dövrdə “İran ənənələri” (ariyanizm, zərdüştizm) ilə mübarizdə ən çox içdən və xaricdən mücadilə verən Türk xalqları olmuş, ancaq bu məsələdə yunanaların, romalıların da əməyini unutmaq olmaz.
Azərbaycan Türk mütəfəkkiri Nizami Gəncəvi heç də təssadüfi olmayaraq “İskəndərnamə” poemasında Yunan fəlsəfəsinə əsaslanan Makedoniyalı İskəndərin (onun müəllimi yunan filosofu Aristotel olmuşdur) “İran ənənələri”ni (xüsusilə zərdüştizmi) məhv etməsini ürəkdən təqdir etmişdir. Nizami Gəncəvinin yaradıcılığında zərdüştiliyin, atəşpərəstliyin birmənalı şəkildə pislənməsi, eləcə də Makedoniyalı İskəndəri bu dini dünyadan təmizlədyi üçün tərifləməsi, heç bir halda təsadüf hesab oluna bilməz. [1] Əgər fars şairi Əbülqasim Firdovsi “Şahnamə”də fars düşüncəsini, fars dini etiqadlarını, fars dünyagörüşünü təbliğ etmişdirsə, N.Gəncəvi də “Beşlik”də, o cümlədən “İskəndərnamə” poemasında Türk həyat tərzini, Türk düşüncəsini, Türk dini etiqadlarını, Türk adət-ənənələrini, Türk dünyagörüşünü böyük ustalıqla əks etdirmişdir.[2]
Azərbaycan Türk mütəfəkkiri Məhəmməd Əmin Rəsulzadəyə görə Nizaminin iranlılıqdan, farspərəstlikdən uzaq olmasına nümunə “Xosrov və Şirin” poemasında Sasani hökmdarı Pərvizin Məhəmməd peyğəmbərin məktubunu cırmasını “quduzluq” adlandırması, “atəşpərəst hökmdarın yalnız maddi fəlakət və süqutunu şərh etməklə kifayətlənməyib, eyni zamanda İran imperiyasının mənəvi tənəzzülünün tarixçəsini də əsərinə daxil etməsi”dir.[3] M.Ə.Rəsulzadə yazır ki, Nizaminin farspərəstlikdən uzaq olmasını göstərən kəskin dəlillərdən biri də atəşpərəstliyə düşmən olması idi: “Məcusilik, zərdüştilik və atəşpərəstlik Nizamidə daim zərərli və alçaq sayılır. Təkcə peyğəmbər və müsəlmanlar deyil, İskəndər belə atəşpərəstliyin düşmənidir. Kəyanilərin bütün idarələri içərisindən İskəndər yalnız atəşgədələri dağıdır. Hər hansı bir vilayətin düşmənləri İskəndəri bu vilayətə qarşı qaldırmaq üçün orada atəşpərəstliyin hələ yaşamaqda olmasından söz açırlar. Nizami İskəndəri şövqlə tərifləyərkən “dünyanı məcusilikdən təmizlədiyini” xüsusi bir razılıqla qeyd edir”.[4] Rəsulzadənin fikrincə, farslığın ən böyük və ən parlaq ənənəsi zərdüştilik və atəşpərəstlik olduğu halda, fars şeirinin Firdovsidən sonra ikinci dirəyi olan Nizaminin həmin təlimə bu qədər düşmənçiliyi, mənfi münasibət bəsləməsi onda farslıq duyğusunun olmaması idi.[5]
Xaqani Şirvani də Nizami Gəncəvi kimi zərdüştliyə münasibətdə kəskin mövqe tutmuşdur. Onun fikrincə, zərdüştlük bütpərəstlikdən başqa bir şey deyildir:
Kimin qızıldadır gücü, yəqin bil,
Kölədir, qızılın sahibi deyil!
Bir möhnət odudur cana simü-zər,
Düz olar, qızıla deyilsə “azər”.
Zərdüştün adının əvvəlidir zər,
Zərə səcdə edir atəşpərəstlər.
Zər nədir? Sönmüş bir atəşdir, ancaq,
Ona demək olar: bir ölü torpaq.[6]
Xaqaniyə görə atəşə baş əyənlər doğru yolda olan insanlar ola bilməz. O, yazırdı:
Çoxdan öyrənmişəm büt qırmağı mən,
Qaçmışam atəşə baş əyənlərdən. [7]
Sadəcə, bir müddət Türk gücünü və Türk təfəkkürünü xeyli dərəcədə zəiflədərək bu bölgədə yenidən hakimiyyətə başına gəlmiş zərdüşti Sasanların 7-ci əsrdə bu dəfə İslam bayrağı altında ərəblərdən (İslam ordusu tamamilə ərəblərdən ibarət olmamışdır) böyük və həlledici zərbə alması ilə yeni bir mərhələ başlamışdır. Hər halda Türklərin tolerantlığını İslam Xilafətində görməyən “İran ənənələri”nin təmsilçiləri üçün yenidən toparlanmaq və gücdə qeyb etdiklərini təfəkkürdə qazanmaq üçün böyük bir yol keçmişlər. Bu yolda da, ən vacib olanı İslam mədəniyyətini ariyançı, zərdüşti təfəkkürə uyğunlaşdırmaq idi. Bunun üçün də, “İran ənənələri”nin təmsilçiləri iki istiqamətli iş aparmışlar: 1) islamlığı dünyəvilikdən mümkün qədər uzaq tutmaq, 2) islamlığı ərəblərdən də çox dünyəvi mahiyyətdə saxlamağa çalışan və orta çağın üzun müddət hakim qüvvəsi olan Türk xalqlarının ağlı (vəziri) olmaq.
Bizcə, “İran ənənələri”nə Samilərdən və başqa xalqlardan daha çox Türk xalqları qapılmışdır. Halbuki Türk dünyagörüşündə fərd və cəmiyyətin həm ayrı-ayrılıqda, həm də bir yerdə yeri və roluna münasibətlə, aryançıların dünyagörüşü arasında xeyli ziddiyyətlər var. Aryançılıqda fərd və cəmiyyət təzahür olaraq ali ideallarla (İslam dini, ya da şiəçilik, irançılıq) bir-birinə bağlı göründüyü halda, mahiyyətcə həmin ali ideallar aryançılığı qorumaq üçün əsas qalxan rolunu oynamaqdadır. Ancaq burada ilk baxışda aryançılığı, zərdüştizmi hiss etmək mümkün deyil, bunun əvəzində guya dini ideal ön plandadır. Ariyançılar yaxşı dərk edirlər ki, əsasən iç-içə yaşadıqları gerçəkçi, həqiqətçi, ədalətsevər türklərin oyanışının qarşısını alıb, hakimiyyəti əldən verməmək yolunda əsas silah İslam dini (Əhli-beytə bağlılıq, Hz. Əlinin və Hz. Hüseynin məzlumların yanında olmaq fəlsəfəsinə inam və s.) və əski İran mədəniyyəti (Əhəmənilər, Sasanların ortaq sahibi olmaq və s.) məsələləridir.
Bizcə, son əsrlərdə bu bölgədəki türklər fərd və təşkilat olaraq iki məsələdə: 1) Türk ruhlu Qızılbaşlıqdan uzaqlaşıb, zərdüştizmə əsaslanan şiəçiliyə meyillənməklə, 2) Türk əxlaqından uzaqlaşıb, “İran mədəniyyətinə” qapılmaqla ariyançılara məğlub olmuşlar. Başqa sözlə, Türk fərdləri və təşkilatları həm ruhi-mənəvi, həm də maddi-fiziki varislik anlamında “İran ənənələrinə” sürətlə yenilməyə başlamış və son nəticədə hakimiyyətlərini də (1925) ariyançılara buraxmaq məcburiyyətində qalmışlar. Bu anlamda deyə bilərik ki, ərəblərin, yunanların Osmanlıda oynadığı buraxdığı mənfi təsirlə (yeri gəlmişkən, tamamilə mənfi məqamlar üzərində durmağı doğru hesab etməyərək, hətta türk-yunan, türk-ərəb münasibətlərində bəzi müsbət cəhətləri də istisna etmirik) müqayisədə, aryançılar türk dövlətlərinin tənəzzülündə və türk təfəkkürünün “İran ənənələri” içində assimilyasiyasında daha sistematik və ardıcıl iş aparmışlar. Məsələn, bu gün Anadolu türklərində İslam dininə olan sevginin ifratlığı müəyyən qədər ərəbləşməyə səbəb olmuşdursa, yaxud da əski Yunan-Roma mədəniyyətinə aşırı sevgi bəzilərini yunanlaşdırmışsa da, bu proses Midiya-Azərbaycan türklərinin başına gələnlər qədər ağrılı olmamışdır. Ona görə də, Anadolu türkləri Osmanlı Türk imperiyasından heç olmazsa bir Türkiyə Cümhuriyyəti ilə öz varlığını sürdürməyə davam etdiyi halda, Midiya-Azərbaycan türkləri Səfəvi, ya da Qacarlar Türk imperiyasından yalnız Azərbaycan Cümhuriyyəti ilə mövcudluqlarına davam edirlər. Yerdə qalan böyük bir ərazidə isə Midiya-Azərbaycan türkləri iki məsələ, yəni şiəçilik və aryançılıqla (“İran ənənələri”) bağlı ciddi problem yaşamağa davam edirlər.
[1] Gəncəvi Nizami. İskəndərnamə. Bakı, “Lider” nəşr, 2004, s. 136