Bir media qurumunun tarixini anlamaq üçün onun ilk gününə baxmaq lazımdır. Modern.az-ın ilk günü 1 sentyabrdır. 2009-cu il sentyabrın 1-də internetdə yeni bir xəbər portalı fəaliyyətə başladı. Həmin gün Modern.az-ın qarşısında nə böyük tarix vardı, nə 17 illik təcrübə, nə də bu gün formalaşmış oxucu auditoriyası. Qarşıda yalnız bir yol vardı, biz gəldik, biz sizə xidmət edəcəyik.
O vaxt internet mediası indiki qədər sürətli deyildi. Sosial şəbəkələr yox kimi idi. Telefon hər kəsin əlində xəbər istehsal edən və yayan cihaz səviyyəsinə gəlməmişdi. Bir xəbərin hazırlanması, təsdiqlənməsi və oxucuya çatdırılması indiki kimi saniyələrlə ölçülmürdü.
Modern.az belə bir dövrdə başladı. İlk xəbərlərin parlamentlə bağlı olması da təsadüfi deyildi. 1 sentyabr 2009-cu ildə saytda deputatların xarici dil bilikləri ilə bağlı material yayımlanmışdı. Həmin gün ölkə, parlament, sosial məsələlər, reportajlar və müxtəlif mövzularda xəbərlər ard-arda saytda yer alırdı.
Yəni Modern.az ilk gündən xəbər yazmaqla yanaşı müxtəlif tərəfləri göstərmək istəyirdi. Bir il sonra, 2010-cu ilin sentyabrında Modern.az-ın ilk ad günü ilə bağlı yayımlanan yazıda həmin bir ilin nəticəsi belə ifadə olunurdu, sayt özünəməxsus imic formalaşdırmağa, fərqli təqdimatlar və layihələr hazırlamağa, müxtəlif janrlarda materiallar dərc etməyə və hadisələrə qərəzsiz yanaşmağa çalışır. Həmin vaxt Modern.az artıq həm də xaricdə yaşayan soydaşların da izlədiyi internet qəzetinə çevrilməyə başladığını qeyd edirdi. Bir yaşlı Modern.az-ın ən böyük sərvəti etibar idi. Yeni yaranan media qurumu üçün ilk il əslində bir sınaq mərhələsidir.
Kim olduğunu göstərməli, nə yazacağını bilməli, nəyi yazmayacağını dərk etməli, oxucuya niyə lazım olduğunu sübut etməliydin. Medi qurumunun bir xəttidə odur ki, hər gün yenidən özünü təsdiqləməlisən.
Modern.az-ın 17 illik yoluna baxanda görünən əsas məqam da odur ki, sayt böyüdükcə yalnız xəbərlərin sayı artmadı, media anlayışının özü dəyişdi.

Bir vaxtlar xəbər saytı olmaq kifayət edirdi. Sonra operativ olmaq lazım gəldi. Daha sonra fərqli yazmaq zərurətə çevrildi. Sonra sosial şəbəkələrdə görünmək ən vacib məqam kimi qarşıya çıxdı. Daha sonra mobil oxucuya uyğunlaşmaq zərurətə çevrildi. İndi isə media qurumundan bunların hamısı eyni anda tələb olunur.
Bu baxımdan Modern.az-ın 17 ili Azərbaycanın internet mediasının keçdiyi yolun kiçik modeli kimi də görünür.
2009-cu ildə xəbər əsasən saytın özündə yaşayırdı. Bu gün xəbər saytdan çıxır, sosial şəbəkəyə keçir, videoya çevrilir, başlıqla paylaşılır, oxucunun reaksiyası ilə yenidən gündəmə qayıdır.
Deməli, Modern.az-ın dəyişməsi yalnız öz istəyi ilə baş verməyib. Zaman dəyişib, oxucu dəyişib, media dəyişib və Modern.az da bu dəyişikliklərin içindən keçərək bu günə gəlib.
Amma bütün dəyişikliklərin içində jurnalistikanın mahiyyəi dəyişmədi. Xəbəri yoxlamaq, faktı ayırmaq, cəmiyyətin səsini eşitmək, oxucunun etibarını qorumaq ana xətt oldu.
Modern.az-ın müxtəlif ildönümlərində də məhz bu xətt xüsusi vurğulanıb. 6-cı ildönümündə saytın qərəzsiz və obyektiv mövqeyi, sensasiya və reytinq naminə yanlış məlumatdan uzaq dayanmaq istəyi önə çəkildi. 7-ci ildönümündə isə Modern.az-ın jurnalistikaya yeni başlayanlar üçün bir məktəbə çevrildiyi, burada fəaliyyətə başlayan bir sıra jurnalistlərin sonradan müxtəlif media qurumlarında çalışdığı qeyd olundu. Bu, 17 illik tarixdə bəlkə də ən vacib göstəricilərdən biridir. Çünki media yalnız xəbər istehsal etmir, həm də jurnalist yetişdirir.
Bir vaxtlar Modern.az-ın redaksiyasına gənc jurnalist kimi daxil olan insanlar bu gün müxtəlif media qurumlarında öz sözlərini deyirlər. Deməli, Modern.az-ın tarixi yalnız saytın səhifələrində qalan xəbərlərin tarixi deyil, həm də burada çalışan insanların peşəkar yolunun tarixidir.

17 il ərzində dünyada, ölkədə çox şey dəyişdi. Azərbaycanın siyasi gündəmi, Azərbaycanın regiondakı mövqeyi dəyişdi. Media texnologiyaları yeniləndi. Oxucu davranışı tam başqa səmt aldı. Bir zamanlar səhər qəzet gözləyən oxucu bu gün xəbəri telefon ekranında saniyələr içində görür. Əvvəllər jurnalist üçün əsas alət bloknot və diktofon idisə, indi telefon, kamera, montaj proqramı və sosial şəbəkə də onun iş masasının bir hissəsidir. Dəyişməyən bir həqiqət var, yaxşı jurnalistika hələ də yaxşı jurnalistikadır. Modern.az 1 yaşında özünə bir istiqamət seçmişdi. 17 yaşında həmin istiqamətin üzərinə yeni məsuliyyətlər əlavə olunub.
17 il əvvəl Modern.az yeni informasiya məkanına daxil olan saytlardan biri idi. Bu gün isə onun qarşısında başqa məsələ dayanır. Öz yaratdığı etibarı yeni media dövründə daha da böyütmək lazımdır.

Bunun üçün sosial şəbəkələrdə daha çevik olmaq, videonu daha çox istifadə etmək, müxbiri yalnız yazan jurnalist yox, həm də mövzunu təqdim edən media siması kimi formalaşdırmaq, oxucunu xəbərin istehlakçısından media prosesinin iştirakçısına çevirmək lazımdır.
Təbii ki, bütün bunların mərkəzində yenə insan dayanmalıdır. Hər bir xəbərin arxasında insan var. Şəhid ailəsinin ağrısında insan var. Bir tələbənin uğurunda insan var. Parlamentdə qəbul edilən qərarın arxasında insan var. Kənddə baş verən problemdə insan var. Prezidentin beynəlxalq görüşündə də, sadə vətəndaşın gündəlik həyatında da insan var. Modern.az-ın 17 illik yolunu dəyərli edən də məhz bu genişlikdir.
Bir vaxtlar bir yaşını qeyd edən sayt bu gün 17 yaşındadır. O vaxt “qarşıda yeni layihələr olacaq” deyilirdi. Bu gün həmin 17 ilin özündən böyük bir arxiv, böyük bir yaddaş yaranıb.
Minlərlə xəbər, müsahibə, reportaj, araşdırma, müəllif yazıları və s. Bütün bunlar Modern.az-ın 17 illik yaddaşıdır. Bu gün geriyə baxanda “necə başladıq?” sualının cavabı sadədir, biz bir sayt kimi başladıq. Amma “bu günə necə gəldik?” sualının cavabı bir cümlə deyil. İllərlə işləmək, səhərdən gecəyə, gecədən səhərə xəbər istehsal etmək, dəfələrlə dəyişməklə, amma əsas prinsipləri qorumaq, oxucunun etimadını qazanmaq kimi məqamlar baxır, o sualın cavabında.

Bəli, bir yaşlı Modern.az-ın qarşısında böyük bir yol vardı. 17 yaşlı Modern.az isə həmin yolun özünü tarixə çevirib. İndi də qarşıda daha çətin yol var. Doğrudur, 17 yaşa çatmaq uğurdur, amma 17 ildən sonra yenə də aktual qala bilmək isə məsuliyyətdir.
Bu gün Modern.az-ın qarşısında yeni media dövrünün bütün imkanları və çağırışları dayanır. Sosial media, süni intellekt, video jurnalistika, mobil xəbərçilik, yeni nəsil oxucu, yeni informasiya sürət, yeni rəqabət bu sıradadır.
Hər bir halda bir şey dəyişmir, oxucu sonda doğru söz axtarır. 17 il əvvəl olduğu kimi, bu gün də əsas məsələ həmin doğru sözü vaxtında tapıb oxucuya çatdırmaqdır.
Modern.az 17 yaşında öz keçmişinə baxa biləcək qədər təcrübəlidir. Eyni zamanda gələcəyə baxacaq qədər də gəncdir. 17 illik zəhmətin ən gözəl tərəfi elə budur: Arxada tarix var, qarşıda isə hər an dəyişən alqoritmlərlə irəliləmək.
Modern.az