
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun
Türk xalqlarının fəlsəfi fikir tarixi və müasir
fəlsəfəsi şöbəsinin müdiri, dos., dr. Faiq Ələkbərli
V Yazı
Yunan fəlsəfəsinə gəlincə, o, Hind və İran fəlsəfəsinə nisbətdə daha çox varlıqçı və qədərçi fatalistdir; insanın müqəddər bir təbiət nizamı əlində oyuncaq olduğuna, insan iradəsiylə bu nizama heç bir qatılıb əksilməyəcəyinə qanedir. Demurq şəkilsiz bir hərcü mərcdən ibarət olan Xaosa ahəng və nizam vermiş; onu Kosmos halına gətirmişdir. İnsanın fəziləti bu müqəddər nizama uyğun yaşamaqdır. İnsanın arzuları o nizamı pozacaq şəkildə olduğu zaman Demurq-Varlıq onları susduracaqdır. Varlıq qarşısında nəfsini öldürəcək; bununla da külli təbiətin bur parçası halına gələcəkdir. Yunan fəlsəfəsində “insan” “varlığ”a tabe olub onun ətrafında dövr etməkdədir. Sokratın “özünü dərk et” və “şüura dönüş”ü bu hikmətdən heç bir şey dəyişdirməmişdir. Ülken yazır: “Yunan və İran hikməti gerçək insan dünyagörüşünü ifadə etməkdən uzaqdır. Hər ikisində də, insanın təbiət içindəki həqiqi mövqeyinə nəzərən görülmüş bir hərəkət düsturu bulunamaz. Çünki biri insanı varlığa əsir etmiş, digəri varlığı insana bağlamaq surətiylə onun aləm içindəki mövqeyini mübaliğə və ifrat ilə görmüşdür”.[1]
Yunan hikmətinin qədərçi olmasına səbəb ilk zaman mədəniyyətindəki aşılmaz kast (təbəqələşmə) rejimidir. İran hikmətinin xəyalçı olmasını isə uzun əsrlərboyu türklər, ərəblər, yenindən türklər tərəfindən istila olmasında aramaq lazımdır. Türk hikmətinə görə, dünyadakı təbii nizamı davam etdirmək və məsud olmaq üçün bilgili, cəsarətli, qənaətkar olmaq lazımdır: Yuxarıda göy batar, aşağıda yer dəlinərsə bu nizam və insanların bütün hakimanə tədbirlər özlüyündən pozulacaqdır. Fəqət o davam etdikcə, bu nizamı sürdürə bilmək üçün mütləq bu üç fəzilət bulunmalıdır.[2]
Beləliklə, hesab edirik ki, Türk və Yunan fəlsəfəsi iki fərqli coğrafiyanın və mədəniyyətin məhsulu olsalar da, tarixi əlaqələr (xüsusilə İoniya fəlsəfəsi) və Şərq-Qərb sintezi sayəsində bir-birini qarşılıqlı şəkildə təsir etmiş və zənginləşdirmişlər. Hər iki fəlsəfədə oxşar cəhətlər kainatın başlanğıcı (arxe), təbiətin qanunauyğunluqları və dünyanın yaranması kimi ontoloji suallara cavab axtarmasıdır. Eyni zamanda, nsanın cəmiyyətdəki rolu, əxlaqi dəyərlər, ədalət və kamillik axtarışı həm yunan, həm də türk mütəfəkkirlərinin əsas müzakirə mövzularından olmuşdur. Hər iki ənənə tarixi olaraq mifoloji dövr, dini-mistik dövr və rasional-elmi dövr kimi oxşar mərhələlərdən keçərək inkişaf etmişdir.
Yuxarıda da qeyd etdiyimiz kimi, Sami (Yəhudi-Ərəb dünyagörüşü) dünyagörüşünün Türk dünyagörüşünə qarşılıqlı təsiri yalnız VII əsrdə ortaya çıxan İslam dini ilə başlamır. Bu anlamda Türk xalqlarının bizim eranın VII əsrdə ortaya çıxan İslam dininə “isti” yanaşmalarının kökünü də keçmişdəki genetik qohumluqda və dini-mənəvi dünyagörüş yaxınlığında axtarmaq lazımdır. Biz də o fikirlə müəyyən qədər razılaşırıq ki, Türk xalqlarının əcdadları iudaizm, xristianlıq və islamlığın yaranmasında və yayılmasında mühüm rol oynamışlar.[3]
Bizcə, m.ö. III minilliyin sonu, II minilliyin başlarında yaşadığı ehtimal olunan İbrahim peyğəmbərin və nəslinin Samilərlə qohumlaşmasının bu məsələ də mühüm rol oynamışdır. Başqa sözlə, İran/Ari tayfalarının Ön Asiyada izi-tozu belə olmadığı dövrdə Türk tayfalarla bəzi Sami tayfaları arasında həm genetik, həm də düşüncə anlamında yaxınlaşma olmuşdur ki, bunu, Musanın “Tora” ya da “Törə” kitabında da görürük.[4] Hər halda Musa peygəmbər yəhudi ya da misirli-qibti olmasından asılı olmayaraq Türk düşüncəsindən, Türk törəsindən və Misir əhalisinin düşüncəsinə böyük təsir göstərmiş türklərdən çox şey öyrənmişdir. Çox güman ki, Tanrının övladı, Tanrının milləti olmağı da yəhudilər türklərdən mənimsəmişlər. Bəlkə, Ziqmund Freydin də iddia etdiyi kimi, Musa doğrudan da təktanrıçılıq ideyasını Misirdən əxz etmiş, hətta Musa bir yəhudi deyil misirli olmuş, sadəcə yəhudilərə ya da İsrail oğullarına xidmət etdiyi üçün yəhudiləşdirilmişdir.[5] Ancaq bütün hallarda istər misirli, istərsə də yəhudi Musanın dünyagörüşünə Türk Tanrıçılığının təsir göstərməsinə inanırıq. Hər halda Türk xalqları üçün Misirin çox da yad olmaması, burada hakimiyyət sürmələri ilə bağlı fikirlər də yetərincədir.[6]
Görünür, Musanın əsil kimliyini və onun dünyagörüşünün təşəkkülündə hansı xalqın (məsələn, türklərin) təsir göstərməsini yaxşı bildikləri üçün, yəhudilikdə/iudaizmdə önəmli olan Musanın milli kimliyi və təktanrıçılığı deyil, daha çox yəhudi xalqının fövqəladə üstünlüyü və seçilmişliyidir. Belə olduğu təqdirdə də, digər uluslar yəhudilikdən kənar qaçmış, bununla da yəhudilik dünyəvi dinə çevrilə bilməmişdir. Çünki İudaizm əslində Tanrıçılıqdan çox yəhudiçiliyi, Yəhudi xalqını və onun milli xüsusiyyətlərini təbliğ edir. Bu anlamda musəvilik nə qədər təktanrıçılıq dini adlandırılsa da, buradakı təktanrıçılıq Yəhudi milli-dini fəlsəfəsi üzərində qurulmuşdur. Yəhudilər, Türkün Tanrısıyla Misirin Amonundan çox şey əxz edərək Yehovaya yeni forma verdilər. Yəni Musaya qədər yəhudilər arasında mühüm rol oynamayan Yehova Musanın təktanrıçlıq düşünəcəsiylə baş Tanrı olmuşdu. Hər halda Z.Freyd iddia edir ki, məhz Musanın Misirdən dönüşündən sonra yəhudilər qaniçən, vəhşi Yehovanı baş Allah elan edərək ona artıq ədalətlilik, bağışlayan, rəhmdillik kimi yeni vəsflər vermişlər.[7]
Ancaq İsrail oğullarının, xüsusilə də yəhudilərin Yehovası yeni vəsfləri ilə yanaşı, əski sifətlərini də daşımağa davam etmişdir. Belə ki, Yehova baş Allah elan edildikdən sonra onun adından haqq yoluna gəlməyənlərə divan tutulacağına, eyni zamanda musəvliyə tapınıb ancaq sonra yolunu azanların dəhşətli dərəcədə cəzalandırılacağına dair fikirlər yayılmışdır.[8] Bizcə, Yehovanın yeni mahiyyət əldə etməsində Türk fəlsəfəsinin mühüm təsiri olmuşdur. Sadəcə, Türk fəlsəfəsindən qidalanan Musanın “Tora”sı sonralar ilkin mahiyyətindən çox uzaqlaşmışdır.
Ari tayfalarının bir qisminin Ön Asiyaya gəlməsi ərəfəsində Türk-Sami münasibətləri kəskinləşmişdir ki, buna səbəb də Sami xalqların ya da dövlətlərinin çoxallahlığa meyilli olması idi. Tək Tanrıçılıq düşüncəsinə əsaslanan Türk xalqları üçün Sami xalqlarının buna ciddi önəm verməməsi qəbul edilməz idi. Məhz belə bir dövrdə Ön Asiyaya köç edən, üstəlik çoxtanrıçılıq inancında olan İran/Ari tayfalarının Türk dövlətləri ilə savaşa başlamaları Sami xalqlarının xeyli qismi, xüsusilə Yəhudilər üçün böyük bir fürsət oldu. Belə ki, Türk xalqlarını Ön Asiyada həmişə özünə əsas rəqib görən Samilər çoxallahlı İran/Ari tayfalarıyla dostluq qurmalarını daha münasib görmüşlər. Bu anlamda Əhəmənilər imperiyası dövründə farslara güclü ideoloji təsir göstərən Yəhudilər bir çox hallarda Türk dövlətlərinə qarşı mübarizədə onlara ciddi dəstək vermişlər. Çox güman ki, Manna, İşquz, Midiya kimi Türk dövlətlərinin süqutunda da Samilərin müəyyən payı olmuşdur. Hər halda Midiya dövlətinin süqutunda, eləcə də Midiya dövlətini bərpa etmək istəyən Qam Atanın devrilməsində və mağlara divan tutulmasında Samilər mühüm rol oynamışlar. Beləliklə, deyə bilərik ki, Əhəmənilər imperiyasının varlığında Samilər, o cümlədən yəhudilər də iştirak etmiş, Türk-Saka dövlətinin aradan qaldırılması yolunda birgə yol izləmişlər.
Hesab etmək olar ki, Parfiya dönəmində də İran-Sami işbirliyi davam etmiş, hətta bu imperiyanın yıxılmasında onlar birlikdə addım atmışlar. Çünki artıq dövlətçilik ənənəsini itirmiş Sami xalqları çıxış yolu kimi məcburən İran/Ari tayfalarıyla bir yerdə hərəkət etmişlər. Buna səbəb də görünür, əski dövrlərdə Türklərə olan düşmənçilik hissləri mühüm rol oynamışdır.
Bizcə, Sami mənşəli ərəblər arasında yeni dinin yaranması və onların yeni dinlə Sasanlar üzərinə yürüş etmələri bu münasibətləri xeyli dərəcədə korlamışdır. Yalnız yəhudilərin ərəblərlə qohum olmasına baxmayaraq yeni dinə qarşı çıxmaları İran-Yəhudi birliyini gücləndirmişdir. Hər halda farsların, Sasanları süquta uğradan müsəlman ərəblərə qarşı mübarizədə yəhudilərlə əlbir olmaları təsadüfi ola bilməz. Məhz Fars-Yəhudi birliyinə qarşı da İslamlığı əsasən könüllü qəbul edən türklərlə ərəblər arasında müsbət münasibətlərin yaranması diqqətçəkicidir. Deməli, bir tərəfdə müsəlmanlığı zorla qəbul etmiş zərdüşti farslarla yəhudilər bir araya gəlmişdilər ki, artıq hər ikisi dövlətçilik ənənələrindən yetim qalmışlar. Digər tərəfdən Sami mənşəli Ərəblərlə Türklər müsəlman dini çatısı altında, yeni imperiyalarda birgə rol oynamışlar.
[1] Ülken Hilmi Ziya. Türk tefekkür tarihi. İstanbul, Yapı Kredi Yayınları, 2013, s.49
[2] Yenə orada, s.55
[3] Cəfərsoy İlhami. İber və Hay folklorunda Türk mifik təfəkkürünün izləri. Bakı, “Xəzər univer.,”, 2006, s.95