Raketlər yenidən işə düşdü: ABŞ-İran qarşıdurması alovlanır? - ŞƏRH


ABŞ və İran arasında bir müddət davam edən nisbi sakitlikdən sonra qarşıdurma yenidən hərbi mərhələyə keçib.

ABŞ-ın Hörmüz boğazında yerləşən Xark adasındakı İran raket qurğularına zərbələr endirməsindən sonra Tehran ABŞ qüvvələrinin İordaniyadakı mövqelərini raketlərlə hədəfə alıb. Vaşinqtonun buna cavab verəcəyini açıqlaması isə bölgədə gərginliyin yenidən genişmiqyaslı münaqişəyə çevrilə biləcəyi ilə bağlı sualları artırıb.

Hərbi eskalasiyanın diplomatik təmasların nəticə vermədiyi bir vaxtda baş verməsi vəziyyəti daha da mürəkkəbləşdirir. Digər tərəfdən, ABŞ administrasiyasının son günlər İranı hərbi zərbələrlə yanaşı, sərt iqtisadi təzyiqlərlə də hədəfə alması Vaşinqtonun qarşıdakı mərhələdə hansı xətti seçəcəyi məsələsini gündəmə gətirir.

Bəs son qarşılıqlı zərbələr yeni müharibənin başlanğıcıdır, yoxsa tərəflərin məhdud hərbi qarşıdurması ilə kifayətlənəcəyi növbəti eskalasiya? Turkustan.az məsələ ilə bağlı siyasi ekspert Oqtay Qasımovun fikirlərini təqdim edir.

Oqtay Qasımov yenidən bələdiyyə üzvü seçildi

Oqtay Qasımov

ABŞ və İran arasında müharibənin yenidən alovlanması ehtimalı yaxın perspektivdə hələlik aşağıdır. Bunun bir sıra səbəbləri var.

Hazırda tərəflər arasında atəşkəs rejimi qüvvədədir. Buna baxmayaraq, həm ABŞ, həm də İran bir-birinə qarşı sərt açıqlamalar verir. Bununla yanaşı, dolayı diplomatik təmaslar da davam edir. Pakistan ordu komandanının bir neçə gün əvvəl İrana səfəri də bu diplomatik səylər çərçivəsində qiymətləndirilə bilər.

Doğrudur, tərəflər hələlik hər hansı razılaşma əldə etməyib və yaxın perspektivdə də belə bir razılaşmanın əldə olunacağı gözlənilmir.

Digər tərəfdən, ABŞ-da aralıq seçkilərin keçirilməsinə təxminən iki ay qalır. Bu baxımdan, həmin dövrə qədər Prezident Donald Trampın yenidən genişmiqyaslı müharibəyə başlama ehtimalını yüksək qiymətləndirmək çətindir.

Hazırda ABŞ İrana qarşı hərbi əməliyyatlardan daha çox iqtisadi təzyiq və sanksiya mexanizmlərindən istifadə etməyə çalışır. Bu səbəbdən qarşıdakı dövrdə gərginliyin davam etdiyi müddətdə tərəflər arasında zaman-zaman qarşılıqlı raket zərbələri və digər hərbi insidentlərin baş verməsi mümkündür.

Lakin bunun fevral-mart aylarında müşahidə olunan səviyyədə genişmiqyaslı münaqişəyə çevrilməsi ehtimalı hazırkı mərhələdə aşağı görünür.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ