Abidə insan – Rafael Hüseynov


Turan Uğur
AYB-nin üzvü

(Akademik, ictimai xadim, yazıçı, tədqiqatçı, Azərbaycan Respublikası Milli Məclisinin sədr müavini Rafael Baba oğlu Hüseynovun doğum gününə ithafən)

2020-ci ilin noyabr ayının sonları, narın-narın yerə səpələnən güz yağışının müşayiəti ilə Rafael müəllimi radionun binasının qarşısında qarşılayıram. Hər həftənin çərşənbə günü Mədəniyyət Tv-nin efirində yayımlanan ”Çərçivəsiz” verilişinin növbəti çıxışçısının Rafael Hüseynov olduğunu biləndə istər-istəməz çox fərəhləndim. Həmin verilişin müəllifi, dostum Günay Ardanın Rafael müəllimi qarşılamaq məsələsini bəndənizə vagüzar etməsi sayğıdəyər Akademiklə mükalimə imkanı yaradacaqdı. Baxmayaraq ki, Rafael Hüseynovla AzTV-nin dəhlizlərində, yeməkxanasında dəfələrlə qarşılaşmışdıq, fəqət bir dürlü söhbət etmək şansımız yaranmamışdı. ”Çərçivəsiz” verilişi bu xüsusda yeni bir fürsət rolunu oynayacaqdı. Həmin çağlar 44 günlük Zəfər savaşımızı yenicə arxada buraxmışdıq.Ürəyimiz sevincdən uçunur, qubar bağlamış könlümüz şadyanalıq edir, içimizin hüsran, hicran yanğısı estafeti bəxtiyarlıq, bərxudarlıq duyğusuna ötürmüşdü. Noyabrın 25 – i, 2020-ci ildə efirə gedəcək verilişin mövzusunu da belə seçmişdim:

“Qarabağda itirdiyimiz maddi və mənəvi abidələr”

Rafael Hüseynovun bu mövzuda dünya-dünya mətləbləri əhatə edəcəyini yəqin etdiyimdən, haqlı olaraq başqa çıxışçını dəvət etməmişdim.Adətən iki, yaxud üç qonaqdan ibarət olan verilişin formatını bir növ pozmuşdum.Və nə yaxşı da pozmuşdum...

Jül Renar demiş: “Yeni üslub yaratmaq - özündən əvvəlki üslubları unutmaq deməkdir” Qısacası, yeni qaydaların yaranışına vəsilə olacaqsa, köhnə qaydaları pozmaq da caizdir.

30 dəqiqə xronometrajı olan proqram “Ağ-qara” studiyası adlandırdığımız məkanda gerçəkləşirdi. Yenicə studiya halına gətirilən bu yeri Rafael müəllim çox bəyəndi, ancaq otaqda bir dənə də güzgünün olmamasından gileyləndi. Çəkilişə gələn qonağın özünə çəki-düzən verə bilməməsi iradında xeyli haqlı idi.

Xülasə, naqolay şəkildə telefonun şüşəsində yaprıxan saçına sığal çəkib, həmən də bəndənizlə mövzunu dübarə dəqiqləşdirdi:

-Sənə neçə dəqiqə lazımdır?

-Rafael müəllim, verilişin həcminin 30 dəqiqə olduğunu nəzərə alsaq, 28 dəqiqə danışsanız kafidir.

Rafael Hüseynov 50 illik televiziya və radio təcrübəsindən doğan çox böyük peşəkarlıq nümunəsi sərgilədi.Saatına baxmadan düz 28 dəqiqə danışmağı məni çox heyrətləndirdi. İllərin birikmiş vərdişləri öz sözünü deyirdi.

Yaradıcı heyətimiz – rejissorumuz Sevda xanım Məmmədova, müəllif Günay Arda və bəndəniz böyük riqqətlə müsahibimizi dinlədik.Akademikin çıxışına bayatılarla başlaması ruhumu oxşadı.Vaxtilə ”Bulaq” verilişinin yazarlarından biri kimi bulaq kimi mövcə gəlib danışması, bu müəzzəm çıxışının bir udum su kimi ciyərimizə çəkilməsi, yaddaşımıza hopması, könlümüzə sinməsi sadəcə möhtəşəm idi.Rafael müəllimin söylədiyi həmin bayatı indi də dilimin ucunda var-gəl edir:

Qarabağda talan var,

Zülfün üzə salan var.

Gedibsən tez qayıt gəl,

Gözü yolda qalan var.

–deyibən Qarabağın maddi və mənəvi irsinə geninə-boluna işıq tutdu, bizi bizdən hali elədi, bilmədiyimiz faktları muncuq kimi ipə düzdü Rafael müəllim.

Proqramın montaj prosesi çox qalay keçdi, xırda-para yüngül düzəlşilə bütün müsahibəni efirə verdik. Bu manidar görüş ustadla sonrakı ülfətimə vəsilə oldu.

Çox keçmədən - 2021-ci ildə efirə çıxan “Vətənim”

bədii-publisistik yönlü, maarifçilik ruhlu proqramın redaktoru olmaq bəndənizə nəsib oldu.

(“Vətənim” verilişinə rəsmi olaraq 2024-cü ilin iyulunda keçdim) Əslində, Rafael Hüseynov imzası ilə efirə gedən verilişə nə redaktor?! Televiziyanın hər cikinə, hər bikinə bələd olan müəllifin bizə heç gərəyi də yoxdur.Sadəcə taleyin diktəsi ilə veriliş bir neçə redaksiyanı gəzib-dolaşandan sonra mənim

baş redaktor müavini olduğum

“Uşaq, gənclik və maarifçilik” redaksiyasna transformasiya olundu və məmnuniyyətlə bu proqramda təmsil olundum.

Rafael Hüseynovun müəllif və aparıcısı olduğu verilişin vurğunu kimi bu təyinata ancaq sevindim və Rafael müəllimlə birgə işləmək durumundan xeyli müşərrəf oldum.Əslində, verilişin böyük ölçüdə əziyyətini çəkən qəhrəmanımız özüdür, ancaq verilişin montaj rejissoru Yaqub Həsənovun, rejissor assistenti Səbuhi İsgəndərovun, sonralar rejissor təyin olunmuş Mehriban Hüseynovanın, operator Orxan Ağazadənin də hallalıq naminə adlarını tələffüz etmək bir ərdəmdir.Məxsusən Yaqub müəllimin bu verilişə cani-dildən bütün enerjisini qoyduğunu, zövqü, təcrbüəsi ilə “Vətənim” buraxılışlarını süslədiyinin şahidi olmuşam.

“Vətənim” layihəsində silsilə proqramların yaşlı nəslin çox böyük rəğbətini qazanması, izləyicilərdən ancaq xoş rəylər eşitməyimiz bizi qürrələndirdi.Rafael Hüseynovun mütəmadi olaraq - hər həftənin bazar ertəsi, saat 19:00-da (bəzən saat 18:00-da) seyrçilərin görüşünə gəlməsi bizim həm də çocuqluq illərimizin Rafael Hüseynovu ilə yenidən buluşmağımız anlamına gəlirdi. Sevərək izlədiyimiz yaradıcılıq gecələrinin Rafael müəllimini, unudulmaz “Ocaq başı” televiziya filminin, Hacıbaba Hüseynovun -70 illik münasibətilə keçirilən gecənin aparıcısı olan Rafel Hüseynovun izləyicilərinə qovuşması geniş vüsət aldı.Bu, həm də uşaqlıq illərimizin televiziya vasitəsilə geri dönüşü, analı-atalı illərimizin, nənəli-babalı çağlarımızın yeni qiyafədə geri dönüşü idi.

O çağlarda izlədiyim “Ocaq başı” televiziya filminindən sonra hər bir türkün, hər bir azərbaycan insanının ocağının başında əyləşən doğma insana çevrilmiş Rafael Hüseynovun yaşının müdrik vaxtında evimizin müsafirinə deyil, doğma sakininə çevrilməsi idi. Bu, zəngin biliyi, orijinal intonasiyası, ağayana səs tembri, səlis, aydın diksiyası, şax qaməti, şux duruşu, natiqlik məharəti, hüdudsuz, nəhayətsiz, nadir yaddaşı, reportajlara, mövzulara hakimlik qabiliyyəti ilə sevilən Rafael Hüseynovun intizarda qalmış tamaşaçılarına qovuşması idi.

Ümumiyyətlə, Rafael Hüseynov adı - "Vaxtdan uca",

"1002-ci gecə", "Məhsəti necə varsa", "Rəfibəylilər" və neçə-neçə fundamental, monumental əsərlər, cild-cild kitablar deməkdir.

Rafael Hüseynov adı - Cavidlərin nakam taleyinə, Rəfibəylilərin timsalında dünyanın hər tərəfinə səpələnmiş, yersiz təqiblərdən, lüzumsuz təhdidlərdən, idbar təzyiqlərdən çilik-çilik olmuş şəcərələrin iqbalına işıq salmaq deməkdir.

Rafael Hüseynov - "Ocaq başı" televiziya filmindəki xanəndə, qəzəlxan Hacıbaba Hüseynovun şirin avazlı söhbətlərini körükləmək, hər ləhzədə şeirin- qəzəlin, qəsidənin, muğamın, təsnifin ekrana vəsiqə qazanmasına nail olmaq deməkdir.

Rafael Hüseynov - həm də "Göylərə yazılmış səs" məqaləsindəki bulaq kimi mövcə gələn yazıçının Hacı ilə ilgili şirin, lətif xatirələridir.

"Sonuncu Xan" da Xan əminin, Xan Şuşinskinin ərşə qovzanan Qarabağ və Qarabağlı sədasının sirrini çözmək, incə düsturunu tapmaqdır.

"Təbrizi", "Şirvani", "Gəncəvi" nisbələri və təxəllüsləri ilə söz xəzinəsi, söz yatırı yaratmış şairlərimizin haqq sədasıdır Rafael Hüseynov demək.51 ildə "Axşam görüşləri" nin əbədi görüşlərə sirayət edəcək qədər ömrümüzün önəmli bir parçasına çevirmək, radio dinləyicilərimizi möhtərəmlərlə, güvənclərlə buluşdurmaqdır...

...Və həm də Rafael Hüseynov demək, "Vətənim", "Millət təqvimi" kimi bədii-publisistik yönlü, maarifçi təyinatlı müəllif proqramlarında sözümüzə ucalamış abidə deməkdir.

Abidə insanın, hamıya sözdən heykəl ucaldan sayğıdəyər alimizin özünə də abidə ucaltmaq vacibat hökmündədir.

-Heç rəvamıdır ki, Xətib Təbrizidən, Xaqani Şirvanidən, Nizami Gəncəvidən, Məhəmməd Füzulidən, Seyid Əzim Şirvanidən və yüzlərlə azman şairimizdən, münəvvərimizdən kitablar yazasan, məqalələr, monoqrafiyalar dərc etdirəsən, çeşid-çeşid proqramlar ərsəyə gəltirəsən, ancaq özünün doğum gününə səthi yanaşaq?!

-Əsla!

Qəhrəmanımızın dünyaya təşrif buyurduğu tarix 12 avqust 1954-cü ildir.Tarixlə müttəfiqliyin tarixçəsi elə həmin gündən başlayır.Kürdəmirdə doğulan, Kürdəmir şəhər 2 saylı orta məktəbini bitirən, 1971-76-cı illərdə Azərbaycan Dövlət Universitetinin “Şərqşünaslıq” fakültəsində fars filologiyası ixtisası üzrə təhsil alan Rafael Hüseynov çox keçmədən araşdırma-məqalələrlə, geniş tədqiqatları ilə ad-san qazandı.Elmlər Akademiyasının “Şərqşünaslıq İnstitutu” nun İran filologiyası şöbəsində kiçik elmi işçidən Akademikə qədər ucalır: tükənməz enerjisi, zəhməti və istedadı ilə.Rafael müəllimin titulları, nailiyyətləri o qədər çoxdur ki, həyatının hər bir epizodu xüsusi tədqiqat tələb edir.İlk dəfə Baba Tahir Üryan, Baba Kuhi, Məhsəti və başqa klassiklərimizi kompleks şəkildə işləyən, həmən-həmən bütün klassiklərimizin məchul ömürlərini gün işığına çıxaran məhz Rafael Hüseynov olub.Azərbaycan Radiosunda, habelə televiziyada yüzlərlə, minlərlə proqram hazırlamağı bunun ən gözəl nümunəsidir.

Təkcə 5 ildən çox müddətdə Mədəniyyət Tv-də yayımlanan “Vətənim” verilişinin bu il efirə gedən buraxılışlarını səhifələsəm gözümüzün önündə əlvan bir palitra canlanar.Çox böyük şövqlə izlədiyim həmin verilişlər haqqında düşüncələrim, həm də həmin proqramlara yazılmış annotasiyalardır. İzlədikcə görürəm ki, bu müddət ərzində neçə-neçə elm, irfan körpülərindən keçib

Rafael Hüseynov.

Qəhrəmanımızı “Füzuli körpüsü” ndə qarşılamağa varsızmı?

-Salam olsun, Füzuli körpüsü!

-Mərhaba!

"SÖZDƏ DÜYÜMLƏNƏN GÜC" Belə adlanırdı həmin buraxılış.

Bu ilin, 2026-cı ilin yanvarın 19-da yayımlandı veriliş və efirqabağı öz təəssüratımı bu sayaq bölüşəcəkdim:

-“Gücümüz, qüvvətimiz təkcə millət oğullarının qolunun gücündə, döyüşlərdə, cənglərdə göstərdiyi rəşadətdə, hünərdə deyil, həm də istiqlal, azadlıq uğrunda fəda getmişlərin şeirləşən ömürlərində duyulmalıdır. Əcəba, ulu Füzulinin məşhur Kərbəla şəhidlərini vəsf etdiyi "Hədiqətüs-süəda" da yurddaşımız Müslüm Azərbaycani və övladının şəhadət mərtəbəsinə ucaldığının təsvir olunduğu epizodlar bugünümüzə həyati mesajlar ötürmürmü?! Dərk edirikmi, yoxsa cahil bir güruhun "əşşşi, Kərbəlanın bizə nə dəxli var?" kimi zəlalət qoxuyan fikirlərinə beynimizi aşiyan edirik?

Şəhadətin İmam Hüseyn (əs) ucalığından və Kərbəlada həlak edilmiş müqəddəslərdən yol almaq türk millətinin ərdəminin, alicənablığının, daim haqqın yanında bulunduğunun göstəricisi deyilmi?!

Bu mənada 1400 ilə yaxın deyilən qəsidələr, oxunan sinəzənlər, növhələr, mərsiyələr həm də o ucalıq estafetini dünəndən bugünə ötürməyimizdir.

Akademik Rafael Hüseynovun tarixə bu haqlı, təqdirəşayan yanaşması həm də bugünkü Vətən şəhidlərimizin, 20 Yanvar və Qarabağ mücahidlərimizin amalını çözən incə bir təsbitdir.Sözdə düyümlənən güc həm də Bəxtiyarın "Şəhidlər" poeması, Xəlil Rzanın Vətən şeirləri, Qabilin "20 Yanvar şəhidləri" nə həsr etdiyi mərsiyənin fonunda bir saxlanc kimi görünür.

Nə xoş ki, istiqlal carçılarının şəhadəti təkcə qəhər kimi boğazımızda düyümlənmir, həm də gündəlik lüğətimizdə, leksikonumuza, şeirlərimizdə Zəfər bəşarətçiləri kimi qərarlaşırlar. Füzuli babamızla başlayan "Vətənim"- in növbəti ədəbiyyat və əbədiyyət yığnağının Rafael müəllimin

8 Noyabr Zəfərimizə ithaf etdiyi şeiri ilə bitməsi olduqca anlamlı, məntiqlidir.Vətən şairi Mehmet Akif ruhunun duyulduğu Rafael müəllimin həmin şeirindəki son misralarında - "istiqbal-istiqlal" qafiyələndirməsi lap yerindədir.

Elə 20 Yanvar şəhidlərinin də yeri əladır - fiziki ünvanı Bakının hündür, əlçatmaz bir guşəsində, mənəvi ünvanda isə - ƏBƏDİYYƏT - də!”

Yadımdadır ki, həmin buraxılış olduqca zövqlü və baxımlı alınmışdı.

Xalq şairi Bəxtiyar Vahabzadəyə həsr olunan proqram da eyni dərəcədə sanballı və maraqlı alınmışdı.

(artdı var)


MANŞET XƏBƏRLƏRİ