Samed Ağırbaş: 30-35 nəfərlik geniş bir heyətlə Bakıdakı təlim həftəsinə qatılacağıq
Bu gün İstanbuldakı Wow oteldə "Sıfır Atıq Vəqfi"nin ev sahibliyində iki gün boyunca davam edəcək plastik çirklənmənin qarşısını almaq və plastik dövrünü dəyişdirmək üçün kollektiv zəkanı bir araya gətirən "Gələcək üçün Sıfır Atıq – Ortaq Düşüncə Platforması,Türkiyə Plastik Atıq Seminarı" nın açılışı oldu.
Açılışı giriş sözü ilə açan Vəqfin başqanı Samed Ağırbaş çıxışı zamanı bildirdi ki: "Öz tullantılarını idarə edən güclü təkrar emal iqtisadiyyatına ehtiyacımız var. Digər bir məsələ qanunvericilik və icra ilə bağlıdır. Lazım gələrsə, idxalı qadağan etmək imkanını da müzakirə etməliyik. Ətraf mühiti plastik tullantılarla çirkləndirənlər üçün həbs cəzası da daxil olmaqla daha sərt cəzalar müzakirə edilməlidir. Sağlam düşüncə çətin məsələləri eyni masa ətrafında müzakirə edə bilmək deməkdir".

Daha sonra çıxış edən Mədəniyyət və Turizm naziri Mehmet Nuri Ersoy qlobal plastik istehsalının son 70 ildə təxminən 230 dəfə artaraq 460 milyon tonu keçdiyini, plastik tullantıların miqdarının isə 353 milyon tona çatdığını vurğuladı. Ərsoy plastik tullantıların yalnız 9%-nin təkrar emal olunduğunu qeyd edərək, ətraf mühit problemləri ilə mübarizədə qlobal əməkdaşlığın və vahid yanaşmanın vacib olduğunu vurğuladı. O, Türkiyənin sıfır atıq səylərinin bir hissəsi olaraq 8 ildə təkrar emal nisbətini 13%-dən 37,53%-ə qaldırdığını və iqtisadiyyata təxminən 365 milyard türk lirəsi töhfə verən 90 milyon ton tullantı bərpa edildiyini qeyd etdi.

Seminarda həmçinin Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi nazirinin müavini Burak Demiralpın moderatorluğu ilə "Nazir Müavinləri Sessiyası" və Daxili İşlər Nazirinin müavini Dr. Mehmet Cangirın moderatorluğu ilə "İcra başçıları Sessiyası" keçirildi.
Seminarda plastik istehsalı və dizaynından tutmuş istehlaka, təkrar istifadəyə, təkrar emal və bərpaya, plastik çirklənməsinə, qida təhlükəsizliyinə və insan sağlamlığına qədər plastik dövrünün müxtəlif aspektləri müzakirə olundu.

Dövlət və yerli hökumət qurumlarının, universitetlərin, vətəndaş cəmiyyəti təşkilatlarının, özəl sektorun, peşəkar təşkilatların, maliyyə qurumlarının və sahə mütəxəssislərinin iştirakı ilə keçirilən seminarda 15 tematik işçi qrupunda plastik dövrün gələcəyi ilə bağlı problemləri, ehtiyacları, imkanları və təklif olunan həll yolları qiymətləndirildi.
Seminar, plastik dövrün müxtəlif mərhələlərində vəzifə və məsuliyyət daşıyan 17 nazirliyin və təxminən 50 baş direktorluğun, sədrliklərin və bu nazirliklərin əlaqəli təşkilatlarının iştirakı ilə keçirildi.
İcra başçıları, yerli hökumət orqanları, universitetlər, Türkiyə Palatalar və Birjalar Birliyi (Türkiye Odalar Borsalar Birliği) və müvafiq TPBB sektor şuraları, sənaye və ticarət palataları, mütəşəkkil sənaye zonaları, peşəkar təşkilatlar, sektor birlikləri, vətəndaş cəmiyyəti təşkilatları, özəl sektor nümayəndələri, maliyyə qurumları və sahə mütəxəssislərinin də qatıldığı seminarda plastik dövrünün ortaq anlaşma və çoxtərəfli əməkdaşlıq yanaşması ilə həlli yolları müzakirə olundu.

Bu kontekstdə, seminar, Türkiyənin milli qanunvericiliyi və strategiya sənədlərinə, eləcə də beynəlxalq inkişaflara uyğun olaraq formalaşdırılan "2053 Türkiyə Plastik Vizyonuna" töhfə verməyi hədəfləyir.
Seminarın sonunda bu yaxında Azərbaycana edəcəkləri səfərlə bağlı sualımı cavablandıran Samed Ağırbaş bildirdi ki: "Bəli, yaxında Bakıdakı təlim həftəsinə gedəcəyik, Azərbaycanı, Bakını çox önəmsəyirik, oradakı qardaşlarımızla bərabər olmak bizim üçün çox önəmlidir, bu baxımdan 30-35 nəfərlik geniş bir heyətlə Bakıda olacağıq, Azərbaycanla Türkiyə arasındakı iş birliklərinin gücləndirilməsi ilə bağlı görüşlər keçirəcəyik. Bildiyiniz kimi GOP 31 bu ilin Noyabr ayında Türkiyədə keçiriləcək və bu çərçivədə Azərbaycanla gözəl işlər həyata keçirəcəyimizə inanıram, işçi qrupumuz bunları planlayır, inşallah Bakıda da bunları ictimaiyyətə açıqlayacağıq".

Yaqut Misirxanlı
"Türküstan" qəzeti üçün İstanbuldan