ABŞ Prezidenti Donald Tramp İranla bağlı növbəti sərt açıqlama verib. O bildirib ki, Tehran rəhbərliyi üçün diplomatik razılaşma əldə etmək baxımından “son şans” yaranıb və bu imkandan istifadə edilməyəcəyi təqdirdə ölkəni ciddi nəticələr gözləyəcək. Bununla yanaşı, Tramp İran rəhbərliyini “ikili oyun oynamaqda” ittiham edib.
Turkustan.az xəbər verir ki, Tramp sosial media hesabında paylaşdığı açıqlamada İranla danışıqların davam etdiyini iddia edərək, bunun Tehran üçün son fürsət olduğunu bildirib.
ABŞ prezidentinin sözlərinə görə, məqsəd İranın nüvə proqramı ilə bağlı razılıq əldə etmək və Hörmüz boğazında beynəlxalq gəmiçiliyin təhlükəsizliyini təmin etməkdir.
Trampın açıqlamasına baxmayaraq, İran Xarici İşlər Nazirliyi ABŞ ilə birbaşa danışıqlar aparıldığı barədə məlumatları təkzib edib.
Tehran yalnız Oman vasitəsilə Hörmüz boğazında gəmiçiliyin təşkili ilə bağlı texniki təmasların olduğunu, Vaşinqtonla yeni danışıqların planlaşdırılmadığını bəyan edib.
Tramp vurğulayıb ki, diplomatik səylər nəticə verməsə, ABŞ bütün variantları nəzərdən keçirməyə davam edəcək. O, daha əvvəl planlaşdırılan genişmiqyaslı hərbi əməliyyatı Yaxın Şərq ölkələrinin müraciətindən sonra dayandırdığını da xatırladıb. /Musavat.com/