Bir daha Himnimiz haqqında



Kamil Şahverdi

VII Yazı

Allah bu millətə bir daha İstiqlal marşı yazdırmasın
Mehmet Akif Ersoy


Daha sonra Ankarada çıxan Hakimiyyəyt-i Milliye qəzetinin 25 oktyabr 1920-ci il tarixli nömrəsində belə bir elan dərc olunur:
"Millətimizin daxili və xarici istiqlalı uğrunda başlamış olduğu mücadiləni ifadə və tərənnüm etmək üçün Maarif Vəkaləti tərəfindən bir İstiklal Marşı müsabiqəsi elan olunmuşdur. Bu müsabiqəyə göndərilən əsərlər 23 Kanun-i evvel sene 1336 (23 dekabr 1920-K. Ş.) tarixinə qədər ədəbi münsiflər tərəfindən seçiləcək və qəbul edilən əsərin sözlərinə görə beş yüz lira mükafat veriləcək. Və yenə beş yüz lira təhsis edilərək bəstə üçün ayrıca müsabiqə elan olunacaq. Bütün müraciətlər Ankarada Böyük Millət Məclisi Maarif Vəkalətinə ediləcəkdir."

Müsabiqəyə qatılanların sayı gözlənildiyindən xeyli çox idi. Əsər göndərənlər arasında Kazım Karabekir, Hüseyin Suat Yalçın, İsak Ferrara, Mühiddin Baha Pars, Kemaleddin Kamu kimi məşhur şairlər də var idi. Göndərilən əsərlər Milli Təhsil Nazirliyində təşkil olunmuş heyət tərəfindən incələnirdi. Bütün əsərlər vətən sevgisinə, suverenliyə, müstəqilliyə həsr olunsa da, Milli Marş olmağa dəyər qazana bilmədi. Beləliklə, 23 dekabr 1920-ci il tarixinə qədər Maarif Vəkalətinə göndırilən yüzlərlə əsərdən heç biri Milli Marş üçün seçilməyə məqbul sayılmamışdı.
Mustafa Kamal Paşa, Hasan Basri Çantay, Hamdullah Suphi bu işi yalnız Mehmet Akif Ersoyun görə biləcəyini düşünürdülər. "Çanakkale Şehidlerine", "Bülbül" kimi dillər əzbəri olan şeirlərin müəllifi Mehmet Akif "Millətin başarılarını para ilə övülemeyeceğini" bildirərək, mükafat təyin olunduğundan İstiklal Marşı müsabiqəsinə qatılmaqdan imtina etmişdi. 1921-ci il fevralın 5-də Maarif Vəkili Hamdullah Sübhi Mehmet Akifə məktub yazır və onu müsabiqədə iştirak etməyə israrla dəvət edir. Hasan Basri Çantay "Akifname" (Mehmet Akif) kitabında bunu belə təsvir edir:
"İstiklal Marşı.
Nasıl yazıldı? Nasıl kabul edildi?
Milli İstiklalımızın gözəl və uyar bir marşını yazmaq üçün Maarif vəkaləti şairlərimizə müraciət etmişdi, bir müsabiqə açmışdı. Birinciliyi qazanan şairə 500 lira mükafat verəcəkdi. Aradan qısa bir zaman keçdikdən sonra Vəkalətə bir çox marşlar gəlməyə başladı.
Bu marşın-İstiklal mücadiləsinin içində, Böyük Millət Məclisinin sakf-ı hamiyyeti altında bulunan (Vətənpərvərlər qrupundan olan deputatlar-K. Ş.) Mehmet Akif tərəfindən yazılmasını onun özünə söylədiyimiz zaman o:
-Mən nə müsabiqəyə qoşularam, nə də "caize" (təyin ediləni-K. Ş.) alaram. Mən ricalarımı təkrar etdikcə o da eyni sözünü söyləyir və:
-Qoyun yazsınıar. Mən bu yaşdan sonra yarışamı çıxacağam, ayıb deyilmi?-deyirdi.
Bir gün Maarif vəkili bay Hamdullah Subhi Məclisdə məni gördü, dedi ki:
-İndiyə qədər 500-dən çox marş gəldi. Mən heç birini bəyənmədim. Ustadı inandıra bilməzmisən?
Cavab verdim:
-Akif bəy müsabiqə şəklini və mükafatı qəbul etmir, əgər buna bir çarə və bir şəkil tapsanız yazdırmağa çalışaram.
Düşündü, "dur, dedi, mən ona bir təzkirə yazım. Arzusuna tabe olacağımızı bildirim. Fəqət, təzkirəni ona siz verin..."
Mən də razılaşdım. Yarım saat sonra bu təzkirəni gətirib mənə verdi:
"Çox əziz və möhtərəm əfəndim.
İstiklal marşı üçün açılan müsabiqəyə buyurmamağınızın səbəbini aradan qaldırmaq üçün çox tədbirlər vardır. Zati-aliləri üçün arzuolunan şeiri yazmaq məqsədə çatmaq üçün son çarə olaraq qalmışdır. Sizin nəcib qayğılarınızın tələb etdiyi hər şeyi edəcəyik. Hörmətlə ölkəmizi bu təsirli inam və təhrik vasitəsindən məhrum etməməyinizi xahiş edirəm və bu fürsətdən istifadə edərək ən dərin hörmət və ehtiramımı bir daha ifadə edirəm, əfəndim."
5 fevral 1921
Umum Maarif Vəkili
Hamdullah Subhi"
(Hasan Basri Cantay, Akifname (Mehmet Akif), 1966, s. 62)

İstiklal Marşının Yazıldığı Tâceddin Dergâhı. Ankara.

Mehmet Akif Hamdullah Subhinin ona yazdığı məktubdan sonra qalib olacaq əsəri üçün müəyyən edilən mükafatın kimsəsizlərə paylanacağı təqdirdə iştirak etməyə razılıq verir.
Millət Vəkili kimi TBMM-də iştirak etmək üçün Ankaraya gələn Mehmet Akif ev tapa bilmədiyindən Taceddin Dergahına sığınmışdı. 17 fevral 1921-ci ildə şair Türk ordusuna həsr etdiyi, Kurtuluş Savaşının qazanılacağına olan inamını, Türk əsgərinin cəsurluğunu, Türk millətinin öz müstəqilliyini, haqqa, yurduna və dininə bağlılığını tərənnüm edən şeiri qələmə alır.
Bingöl Yedisu İlçe Yazı İşleri Müdürü Osman Nuri Besi www.yedisu.gov.tr saytında Taceddin Dergahında İstiklal Marşının yazılmasını "İstiklal Marşımız Nasıl Yazıldı...?" məqaləsində belə təsvir edir:
"Qaranlıq günlərdə vətənimizin qurtulacağını, varlığımızın simvolu olan ay-ulduzlu al bayrağımızın əbədiyən dalğalanacağını müjdələyən; ordumuza və millətimizə iman, ümid və cəsarət qaynağı olan İstiklal Marşımızı M. Akif 17 fevral 1921-ci ildə Taceddin Dergahında yazdı. Türk Milləti yox edilmək istənməkdədir; axşam günəşi batmaqdadır. Əcaba varlığımızın simvolu olan Bayrağımızda, yıldızımız da sönəcəkmidir? M. Akif imanla kükrəyir:
Korkma! Sönmez bu şafaklarda yüzen al sancak;
Sönmeden yurdumun üstünde tüten en son ocak.
O, benimdir Milletimin yıldızıdır, parlayacak;
O, benimdir; O benim milletimindir ancak!
17 fevral 1921-ci il gecəsi Taceddin Dergahında nərdivandan çıxınca həmən sol tərəfdəki kiçik otaqda, rəfdə kiçik qaz lampası yanmaqda; yatağında yatmaqda olan M. Akif oyanmış, kağız axtarır...yoxdu...Əlinə keçən kurşun qələmlə yatağının sağındakı divara dönmüş, İstiklal Marşımızı yazmağa başlamış... Səhər namazına qalxan otaq qonşusu Hafiz Bekir Əfəndi (Konyadan Parlament üzvü) M. Akifi əlindəki çib bıçağı ilə divardakı qitəni (beyti-K. Ş.) qazırkən görür.
Doğacaktır sana vadettiği günler Hakkın…
Kim bilir, belki yarın… belki yarından da yakın.”

Mehmet Akif Qəhrəman Orduya həsr etdiyi şeiri bitirincə nazirliyə təqdim edir. Hamdullah Subhi şeiri ilk öncə orduda oxunması üçün cəbhəyə göndərir. Necə olsa da, marş yazılması təklifi ordudan gəlmişdi. Ona görə də əsgərlərin şeiri necə qarşılaması çox önəmli idi. O günlərdə cəbhədə durum heç də yaxşı deyildi.
"Kütahya və Eskişəhir müharibələrində ordumuz Sakaryanın şərqinə çəkilmişdi. Eskişehir düşmən işğalına uğramış və qərarvermə mərkəzinin Ankaradan Kayseriyə daşınma hazırlıqlarına başlanmışdı. Bu sıxıntılı günlərdə Hamdullah Subhi bəy, Akifin şeirinin öncə cəbhədə əsgərlər arasında oxunmasına qərar verdi. Nə də olsa, marş yazılması təklifi ordudan gəlmişdi. Bu məqsədlə şeir Şərq Cəbhəsi Komandanlığına göndərildi. Oxunduğunda əskərlərə böyük mənəvi dəstək olmuş və çox bəyənilmişdir."
(Ahmet Yozgat. İstiklal Marşımız Nasıl Yazıldı. www.derindunya.com. 26 iyun 2014)

(ardı var)


MANŞET XƏBƏRLƏRİ