Ankarada “Kültür Yolu” Festivalının açılışı Üzeyir Hacıbəylinin xatirəsinə həsr olunacaq


Ankarada “Kültür Yolu” Festivalının açılışı Üzeyir Hacıbəyliyə ithaf ediləcək, opera sənətçilərimizin iştirakı ilə möhtəşəm konsert proqramı təqdim olunacaq.

Türkiyədəki Səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzi ilə Türkiyə Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Dövlət Opera və Balet Baş Müdirliyi arasında həyata keçirilən ortaq layihə çərçivəsində Ankarada keçiriləcək məşhur “Kültür Yolu” Festivalının açılışı dahi Azərbaycan bəstəkarı, Türk dünyasının mütəfəkkiri Üzeyir Hacıbəylinin xatirəsinə həsr olunacaq və bu münasibətlə möhtəşəm konsert proqramı təqdim ediləcək.

İki ölkənin Mədəniyyət nazirliklərinin dəstəyi ilə CSO Ada Ankara Ana Salonunda təqdim olunacaq “İki Devlet – Bir Sahne: Kardeş Ezgiler” adlı möhtəşəm konsert proqramı cari il 19 sentyabr tarixində reallaşdırılacaq. Ankara Dövlət Opera Orkestri, TRT Birləşmiş Xorunun müşaiyəti, Azərbaycan Respublikasının Xalq artisti Yalçın Adıgözəlovun dirijorluğu ilə keçiriləcək konsertdə Azərbaycan və Türkiyənin tanınmış opera sənətçilərinin iştirak edəcəkdir. Proqramın repertuarında dahi bəstəkar Üzeyir Hacıbəylinin ölməz əsərləri, Azərbaycan və Türk bəstəkarlarının seçilmiş əsərləri yer alacaq.

Azərbaycan və Türkiyə musiqi mədəniyyətlərinin eyni səhnədə möhtəşəm şəkildə qovuşacağı bu opera konserti iki qardaş ölkənin zəngin musiqi irsini, ortaq mədəni dəyərlərini və əsrlər boyu formalaşmış mənəvi bağlarını sənətin ecazkar dili ilə nümayiş etdirməklə, milli mədəniyyətimizin və Türk dünyasının ortaq mədəni irsinin geniş şəkildə təbliğinə mühüm töhfə verməyi hədəfləyir.


MANŞET XƏBƏRLƏRİ