Girnədə baş verən bərə qəzasından sonra itkin düşmüş 20 nəfərin axtarış-xilasetmə əməliyyatı fasiləsiz davam edir.
Turkustan.az xəbər evrir ki, Şimali Kipr Türk Respublikasının Baş naziri Ünal Üstel bildirib ki, əməliyyatlar 24 saat ərzində, həftənin yeddi günü davam etdirilir. O qeyd edib ki, əsas prioritet itkin düşən şəxslərin tapılmasıdır.
“Əsas prioritetimiz itkin düşmüş insanlarımıza çatmaqdır. İşlərimiz gündüz olduğu kimi gecə də eyni qətiyyətlə davam edəcək”, – Üstel deyib.
Baş nazir dünən Girnə Limanında axtarış-xilasetmə əməliyyatlarını izlədikdən və dəfn mərasimində iştirak etdikdən sonra itkin düşənlərin ailələri ilə görüşmək üçün yenidən limana qayıdıb. O, ailələrə aparılan əməliyyatların gedişi barədə məlumat verib.
Üstel bildirib ki, axtarış-xilasetmə işləri Türkiyənin dəstəyi ilə bütün aidiyyəti qurumların iştirakı ilə davam etdirilir.
Onun sözlərinə görə, gecə saatlarında keçiriləcək axtarış və görüntüləmə əməliyyatlarına 8 gəmi, 9 qayıq, 1 təyyarə, 7 helikopter və 5 pilotsuz uçuş aparatı cəlb olunacaq.
Baş nazir əlavə edib ki, axtarış imkanlarının genişləndirilməsi məqsədilə Türkiyədən 1000 metrədək dərinlikdə kəşfiyyat apara bilən xüsusi axtarış gəmisi də bölgəyə göndəriləcək.
Aytən Yaşar/ Turkustan.az