Fazil Mustafa: CƏHALƏT DƏLLALLIĞI


Cəmiyyətə arxivşünasları möhtəşəm tarixçi kimi sırayanlar indi onların yalanlarının qurbanına çevrilməyə başlayırlar. Bir adam ki, həm şanlı Cümhuriyyətimizi araşdırıb onun irsini böyük dəyər olaraq görürsə, ardınca da XVI əsr qaranlıq keçmişinin “gözəlliklərini” mədh edirsə, zərrə qədər Cümhuriyyətin quruluş fəlsəfəsini anlamayıb demək. Bir adam ki, Hüseyn Cavidin irsini araşdırıb, onun mütərəqqi ideyalarından dürlü-dürlü cümlələr yazıb, sonra da mollaxana dövrümüzün mədəniyyətindən bəhs edirsə, zərrə qədər anlamayıb Cavidi demək. Sabirə, Mirzə Cəlilə, Axundova idrakları yaxınlaşmayıb demək.

Bəli, bu cəhalət dəllallarına anlatmaq lazımdır ki, Bağırov kimi orta savadlı birisinə Sovet hökuməti tapşırıq verir ki, rejimin təbliğatına zərərli vəsait olan “rus işğalı” terminini gündəmdən çıxarmaq üçün Şeyx Şamili vurub, yerinə “ərəb işğalı” terminini qabartmalısan və bu zamanda ən uyğun qəhrəman modeli olan Babək dirçəldildi. Ardınca da Ağqoyunlu və Qaraqoyunlu kodunu birləşdirən ortaq Bayandurlu türk mədəniyyətinin şah əsəri olan “Kitabi-Dədə Qorqud”u gözdən salaraq “Osmanlı (Türk)” xarici işğalçısına qarşı dirənən Səfəvi qəhrəmanlığı önə çəkildi. Bu qədər bəsit.

“Koroğlu”nu isə proletar təbliğatının uyğun vasitəsi kimi düşündülər. (Üzeyir bəy: “Koroğlu, vurdu-yıxdı, qırdı tökdü xan paşaları, Azad etdi yoxsulları. Qurtardı dərddən-qəmdən…”)

Yəni Koroğlunu dastan qəhrəmanı kimi, ədəbi irsimizin bir sənət əsəri kimi xoşlaya bilərik, ideya kimi müstəqillik dövrümüzdə qəhrəmana çevirsək, gərək ordu quruculuğundan imtina edək, vergi verməyək, qanunsuz silahlı dəstələrin varlığına göz yumaq və s.

Üstəlik də yaşayan nəslin borcu öz keçmişindən miras qalan faydalı dəyərləri yaşatmaqdır. Hər kəs başlayıb qan intiqamını, məzhəb savaşlarını, anti-tolerantlıq nümunələrini miras olaraq qəbul etsə, ona axmaq kimi baxarlar. Mən Şəhrəbanunun təhsili əngəlləyən cadusunu miras götürə bilmərəm, Şahbaz ağanın oxumaq idealını dəyər olaraq gördüyümdən məhz bu davranışın təbliğinə yönəlməliyəm. Mən ədəbiyyat nümunəsi olaraq dilimizin gözəlliklərini canlandırmış Füzulinin mərsiyəsini götürə bilmərəm, Vaqifin qadın şəxsiyyətinə dəyər verən bir hecası dəyər olaraq daha proqressivdir.

Siyasi dələduzluqla cəmiyyətə vurduqları ziyan az imiş kimi, indi də cəhalət dəllallığına baş vururlar.

Son illərdə tanış olduğum bir çox tədqiqat əsərlərində Şeyx Şamilin də davranışlarına sərt tənqidi münasibət sərgilənir. Şeyx Şamil həqiqətən də böyük qəhrəmandır. Cövhər Dudayaev də, Şamil Basayev də müasir dövrdə onun qədər igidlikdə ad çıxardılar. İdeyaları və yöntəmləri proqressiv idimi? Miras götürmək üçün sual bu cür qoyula bilər.

Fin ziyalıları içində qəhrəman kimsə yox, ancaq ayrı-ayrılıqda davranışları ilə bataqlıqda ən zəngin ölkə qura bildilər. Yaxud dağlı xalqlarının rus işğalına qarşı mübarizəsinin Şeyx Şamil alternativi nə idi? Antimüasirlik deyildimi? Onun qatı şəriətçi düşüncəsində müasir Talibandan, Xomeynidən fərqli nə vardı?

Qəhrəman kimi hamısının şəxsiyyətini baş tacı edə bilərsiniz, ancaq ideya olaraq simvollaşdırmaq bu yaşayan xalqa edilən ən böyük pislik deyilmi? Rasional düşüncədən uzaqlaşmaq, mifik tarix mazoxizmi yaşamaq müasir dövrdə nə dərəcədə başqa xalqlarla rəqabətdə onların faydasına olacaqdır?

Bir-iki uşaq bilmədən mövzulara girəndə, üzərindən ötüb keçirsən. Ziyalılığa həcilik, məşədilik kimi bir titul olaraq baxanların şişirtdikləri bir çoxlarının cəhalət dəllallığının qarşısına gerçək Cümhuriyyət dəyərlərimizi çıxarmasaq, düşünmədən danışanların beyinləri yenə də boş qalacaq.


MANŞET XƏBƏRLƏRİ