Tehran iddiaları təkzib etdi: Gəmilər yalnız icazə ilə keçəcək


İran mediası Hörmüz boğazının gəmiçilik üçün açılması ilə bağlı yayılan razılaşma iddialarını təkzib edib.

Turkustan.az xəbər verir ki, yarımrəsmi Fars Xəbər Agentliyinin məlumatına görə, İranın danışıqlar qrupuna yaxınlığı bildirilən, adı açıqlanmayan mənbə boğazın açılması ilə bağlı hər hansı razılaşmanın əldə olunmadığını və bu barədə yayılan xəbərlərin həqiqəti əks etdirmədiyini bildirib.

Mənbənin sözlərinə görə, Hörmüz boğazının gəmi trafikinə açılması barədə razılıq yoxdur.

Bununla yanaşı, adı açıqlanmayan hərbi mənbə ABŞ-ın "düşmən xarakterli" fəaliyyətlərini davam etdirdiyi müddətdə Hörmüz boğazının bağlı qalacağını bildirib. Mənbə qeyd edib ki, gəmilərin boğazdan keçidinə yalnız əvvəlcədən elan olunmuş marşrut üzrə və İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələrinin icazəsi ilə yol veriləcək.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ