Badrudin Maqomedov: Qumuq poeziyasından türk dünyasına yüksələn səs



Dr. Barış Cavid Mövsümlü
(Tarixçi-Şair)

Hər bir insanın həyatında elə tanışlıqlar olur ki, onlar zaman keçdikcə sadəcə bir xatirəyə deyil, mənəvi məsuliyyətə çevrilir. Mənim böyük qumuq şairi və yazıçısı Badruddin Maqomedov (1943–2017) ilə tanışlığım da məhz belə bir hekayədir.

İlk dəfə Badruddin Maqomedov haqqında mənə Dağıstanlı qumuq dostum, jurnalist Ruslan Sungurov danışmışdı. Onun söhbətlərindən sonra bu böyük şair və yazıçının həyat və yaradıcılığına marağım oyandı. Ruslan bəy eyni zamanda mənim, gənc azərbaycanlı tarixçi və şair kimi fəaliyyətimdən də Badruddin bəyə və ailəsinə bəhs etmişdi.

Heç vaxt üz-üzə görüşmədiyim Badruddin bəy mənə böyük etimad göstərərək 2017-ci ildə bir məktub yazaraq həmin məktubun çalışdığım TÜRKSOY Təşkilatının Baş katibi Düsen Kaseinova çatdırılmamı xahiş etmişdi. Təəssüf ki, məktub bizə çatanda böyük qumuq şairi artıq vəfat etmişdi. Bu xəbər bəzə dərindən hüzünləndirsə də, həmin məktubu biz onun Türk Dünyasına ünvanladığı son vəsiyyət olaraq qürurla qəbul etdik.

Məktubda Badruddin Maqomedov nəşrə hazırladığı mühüm bir kitabın TÜRKSOY tərəfindən Türkiyə türkcəsinə tərcümə edilərək çap olunmasını və bütün Türk Dünyasına çatdırılmasını rica edirdi. Kitabla tanış olduqda məlum oldu ki, söhbət onun yaxın dostu, görkəmli macar türkoloqu İştvan Mandoki Konqur (1944–1992) haqqında yazdığı "Qopan Üzəngi" adlı əsərdən gedir.

Macar türkoloqu Dyula Nemetin (1890–1976) tələbəsi, sonralar isə yeni nəsil macar türkoloqlarının ustadı kimi tanınan qıpçaq mənşəli İştvan Mandoki Konqur Türk Dünyasının dili, tarixi və mədəniyyətinin araşdırılmasına misilsiz töhfələr vermiş görkəmli alim idi. Həm kitabın müəllifi Badruddin Maqomedovun, həm də haqqında bəhs olunan alimin Türk Dünyası üçün daşıdığı böyük əhəmiyyəti nəzərə alan TÜRKSOY-un Baş katibi Düsen Kaseinovun tapşırığı ilə "Qopan Üzəngi" kitabının qumuq türkcəsindən Türkiyə türkcəsinə tərcüməsi və nəşrə hazırlanmasının koordinasiyası mənə həvalə olundu.

Kitabı Türkiyədə qumuq dili üzrə nadir mütəxəssislərdən biri olan professor Çetin Pekacar Türkiyə türkcəsinə uğurlu bir şəkildə tərcümə etdikdən sonra, mən nəşrin hazırlanması prosesini təşkil etdim. Nəticədə kitab 2019-cu ildə Ankarada işıq üzü gördü. Bu nəşr Türk Dünyasında böyük maraq doğurdu və Badruddin Maqomedovun son arzusunun həyata keçməsi kimi qiymətləndirildi.

Kitabın nəşrindən sonra onun Türk Dünyasında geniş tanıdılması məqsədilə təqdimat proqramlarının təşkili də təşkilat rəhbərliyi tərəfindən mənə tapçirildi. "Qopan Üzəngi" kitabının təqdimat mərasimləri mənim təşəbbüsüm və təşkilatçılığımla Ankara, Tokat və Sivas şəhərlərində keçirildi. Bu tədbirlərin Tokat və Sivasda təşkil olunması təsadüfi deyildi. XIX əsrin ortalarında Çarlıq Rusiyasının Qafqazda apardığı amansız işğalçı müharibələri nəticəsində minlərlə qumuq türkü doğma yurdunu tərk edərək Anadoluya köç etmiş, onların mühüm bir hissəsi məhz Tokat və Sivas bölgələrində məskunlaşmışdı. Buna görə də kitabın həmin şəhərlərdə təqdimatı həm Badruddin Maqomedovun xatirəsinə ehtiramın ifadəsi, həm də Anadoluya səpələnmiş qumuq icmasının tarixi yaddaşı ilə yenidən görüşü olmuşdu.

Təqdimat mərasimlərində Badruddin Maqomedovun ailə üzvləri – qızları Aida MaqomedovaGülnara Maqomedova yaxından iştirak edərək layihəyə xüsusi mənəvi dəyər qatmışdılar. Onların atasının xatirəsinin yaşadılması istiqamətində göstərdikləri səmimi dəstəkləri bu layihənin uğurunda mühüm rol oynamışdı.

Türkiyədə yaşayan qumuq icması ilə baş tutan həmin möhtəşəm görüşlərin təşkilində əslən qumuq olan dəyərli ağsaqqalımız, ehtiyatda olan polkovnik Tevfik Zengin bəyin xidmətləri isə xüsusi qeyd olunmalıdır. Onun uzun illər ərzində Türkiyədə yaşayan qumuq türkləri arasında qazandığı nüfuz və fədakar fəaliyyəti sayəsində Ankara, Tokat və Sivasdakı təqdimat proqramları yüksək səviyyədə keçirilmişdi. Bu görüşlər təkcə bir kitabın təqdimatı deyil, həm də müxtəlif ölkələrdə yaşayan qumuq türklərinin ortaq tarix, dil və mədəniyyət ətrafında bir araya gəldiyi əlamətdar mədəni hadisəyə çevrilmişdi.

Bu tarixi hadisələrdən sonra Badruddin Maqomedovun həyat və yaradıcılığını daha dərindən araşdırmağa başlamışdım. Onun ömür yolu ilə tanış olduqca anladım ki, o, yalnız qumuq ədəbiyyatının görkəmli nümayəndəsi deyil, bütövlükdə Türk Dünyasının ortaq mədəni irsinə xidmət etmiş böyük ziyalıdır.

Badruddin Maqomedov 3 avqust 1943-cü ildə Dağıstanın Qarabudaqxənd rayonunun Kakaşura kəndində anadan olmuşdur. O, müharibənin ağır nəticələrini yaşayan bir nəslin nümayəndəsi idi. Atası İkinci Dünya müharibəsində itkin düşmüş, gələcək şair atasız böyümüşdü. Bu taleyin acısı onun poeziyasında vətən, yaddaş, insan taleyi və mənəvi dözüm mövzularının formalaşmasına mühüm təsir göstərmişdir.

İnternat məktəbini fərqlənmə medalı ilə bitirdikdən sonra SSRİ Xəzər Donanmasında hərbi xidmət keçən Badruddin Maqomedov daha sonra filologiya üzrə Dağıstan Dövlət Universitetində və ali ədəbiyyat kursları üzrə Qorki adına Ədəbiyyat İnstitutunda təhsili almış, uzun illər nəşriyyat və mətbuat sahəsində çalışmışdır. O, təkcə şair deyil, həm də redaktor, tərcüməçi və mədəniyyət xadimi kimi Dağıstanda milli ədəbi mühitin inkişafına mühüm töhfələr vermişdir.

Onun ilk şeirləri 1960-cı illərin əvvəllərində mətbuatda dərc olunmuşdur. Sonrakı illərdə qumuq dilində iyirmidən artıq şeir kitabı nəşr edilmiş, əsərlərinin bir hissəsi rus dilinə və digər dillərə tərcümə olunmuşdur. O, həmçinin dünya ədəbiyyatından etdiyi tərcümələrlə qumuq oxucusunu müxtəlif xalqların zəngin ədəbi irsi ilə tanış etmişdir.

Badruddin Maqomedov poeziyasının əsas xüsusiyyətləri doğma torpağa bağlılıq, milli kimlik, mənəvi dəyərlər və təbiətə məhəbbətdir. Onun şeirlərində dağlar, çaylar, bozqırlar və doğma kənd sadəcə coğrafi məkan deyil, xalqın yaddaşının və ruhunun rəmzidir. O, ailəyə, dostluğa, ana dilinə və milli adət-ənənələrə sonsuz sevgi ilə yanaşmış, insanın öz köklərinə bağlı qalmasının vacibliyini vurğulamışdır.

Badruddin Maqomedov eyni zamanda gənc yazarların yetişməsinə xüsusi diqqət göstərirdi. Redaktor və naşir kimi fəaliyyəti dövründə çoxsaylı müəlliflərin ilk kitablarının işıq üzü görməsinə kömək etmiş, Dağıstan xalqlarının ədəbi irsinin qorunması və inkişafı naminə yorulmadan çalışmışdır. Onu tanıyanların xatirələrində o, sadəliyi, təvazökarlığı, sözə sonsuz hörməti və milli dəyərlərə sadiqliyi ilə yaşayır.

Ədəbiyyat və mədəniyyət sahəsindəki xidmətlərinə görə Badruddin Maqomedov Dağıstan Respublikasının Dövlət Mükafatına və respublikanın Əməkdar Mədəniyyət İşçisi fəxri adına layiq görülmüşdür. Lakin onun ən böyük mükafatı oxucularının sevgisi və Türk Dünyasının müxtəlif guşələrində ehtiramla xatırlanması olmuçdur desək, yanılmarıq.

13 noyabr 2017-ci ildə Badruddin Maqomedov dünyasını dəyişdi. Lakin onun qələmi susmadı. Yazdığı əsərlər, yetişdirdiyi insanlar və həyata keçməsinə çalışdığı layihələr bu gün də yaşayır. TÜRKSOY Təşkiları tərəfindən "Qopan Üzəngi" kitabının nəşri də bunun bariz nümunələrindən biridir. Bu kitabın çapı ilə böyük şairin son arzularından biri gerçəkləşdi və onun Türk Dünyasına ünvanladığı mənəvi vəsiyyət yerinə yetirilmiş oldu.

Badruddin Maqomedovun həyat yolu göstərir ki, həqiqi sənətkarın ömrü fiziki həyatı ilə bitmir. Onun ideyaları, sözləri və gördüyü işlər gələcək nəsillərə yol göstərməyə davam edir. Bu gün Badruddin Maqomedov təkcə qumuq xalqının deyil, bütün Türk Dünyasının ortaq mənəvi sərvətlərindən biridir. Onun yaradıcılığı milli sərhədləri aşaraq bizi ortaq tariximizə, ortaq dilimizə və ortaq mədəniyyətimizə daha da yaxınlaşdırır.

Mənim üçün Badruddin Maqomedovun məktubu sadəcə bir müraciət deyildi. O məktub, Türk Dünyasına xidmət məsuliyyətinin və böyük bir ziyalının gələcəyə ünvanladığı mənəvi vəsiyyətin ifadəsi idi. İllər keçsə də, həmin etimadı doğrultmaq və Badruddin Maqomedovun zəngin ədəbi irsini yaşatmaq mənim kimi bütün əməyi olanlar üçün həm mənəvi borc, həm də böyük şərəf olaraq qalır!


MANŞET XƏBƏRLƏRİ