Coğrafi yüksəklikdən dövlətçilik zirvəsinə – LAÇIN


Əkbər QOŞALI

(26 Avqust – Laçın Şəhəri Gününə bir baxış)

Şəhər dedikdə nə başa düşürük? Bəs Şəhər Günü? Şəhər yalnız küçələrin, evlərin, meydanların və inzibati sınırların toplusudurmu? Elə şəhərlər vardır, onların adı coğrafiyadan daha geniş anlam daşıyır; tarixə, milli yaddaşa, dövlət iradəsinə və ulusun mənəvi yığvalına çevrilir. Laçın bax belə şəhərlərdəndir. Laçın Şəhəri Günü bir günə, bir şəhərə sığmayan, ömürlərə yayılan ömür kimi gündür.
Laçın haqqında danışmaq dağlardan, çaylardan, yaylaqlardan və meşələrdən danışmaqdır; lakin iş yalnız bunlardan danışmaqla bitmir. Laçından danışmaq Qarabağla Gündoğar Zəngəzur, keçmişlə gələcək, ağrı ilə qürur, ayrılıqla qayıdış arasındakı ən həssas mənəvi, strateji bağlardan – bir sözlə, Azərbaycandan danışmaqdır.
Laçın Azərbaycan dövlətçilik coğrafiyasının yüksək dağlıq bölgəsi olmaqdan daha yüksəkdir; o, milli iradənin sınaqdan çıxdığı, tarixin pozulmuş nizamının bərpa edildiyi, hərbi Qələbənin siyasi və qurucu nəticələrə çevrildiyi böyük bir dövlətçilik məkanıdır.
Adların da öz taleyi, şəhərlərin öz yaddaşı var.
1923-cü ildə Abdallar yaşayış məntəqəsinin Laçın adlandırılmasını və şəhər statusu almasını yalnız inzibati dəyişiklik olaraq qəbul etmirik. Laçın adı yüksəklik, məğrurluq, iti baxış və qurtuluş duyğusu ilə assosiasiya olunur. Sanki təbiət bu torpağın taleyini onun adına öncədən yazmışdı.
1930-cu il avqustun 8-də inzibati rayon kimi təşkil edilən Laçın Gündoğar Zəngəzurun önəmli coğrafi dayaqlarından birinə çevrildi. Yerləşdiyi mövqe ona adi rayon çərçivəsindən daha böyük strateji məzmun qazandırırdı.
Bu coğrafiya Azərbaycanın günbatar və güney-batı bölgələrinin Qarabağla təbii bağlantısını təmin edir, tarixi Azərbaycan torpaqları arasında dağ yollarından, çay vadilərindən və yaylaqlardan keçən canlı bağ yaradırdı. Buna görə Laçının yığvalı heç vaxt yalnız laçınlılarla bağlı olmayıb; o, bütövlükdə Azərbaycanın ərazi bütövlüyü və təhlükəsizlik arxitekturu ilə bağlı olub.
Bəli, işğal coğrafiyanın yox, nizamın, mənəvi coğrafiyanın pozulmasıdır.
Güclü havadarlara arxalanan Ermənistan silahlı qüvvələrinin 1992-ci il mayın 18-də Laçını işğal etməsi, o zamankı “Dağlıq Qarabağ” separatçı rejimini gücləndirdi.
Şuşanın ardınca Laçının itirilməsi işğal prosesinin genişlənməsinə yol açdı.
Beləliklə, hərbi baxımdan ağır sonuclar doğuran hadisə sonrakı işğalların genişlənməsini asanlaşdıran strateji dönüş nöqtələrindən birinə çevrildi.
İşğal zamanı yüzlərlə insan həlak oldu, itkin düşdü, rayon əhalisi doğma torpaqlarından məcburi köçürüldü. Təhsil, səhiyyə, mədəniyyət və istehsal müəssisələri dağıdıldı, tarixi abidələr vandalizmə məruz qaldı. Təbii sərvətlər talan edildi, yer adları dəyişdirildi, qanunsuz məskunlaşdırma siyasəti aparıldı.
Burada məqsədin yalnız ərazini nəzarətdə saxlamaq olmadığı aydın idi. İşğalçı siyasət Laçının tarixi-mədəni kimliyini dəyişdirməyə, Azərbaycan izlərini silməyə və işğalı zaman keçdikcə guya dönməz gerçəkliyə çevirməyə çalışırdı.
Ancaq tarixi həqiqət xəritənin üzərində müvəqqəti çəkilən xətlərlə dəyişmir. Torpaq işğal oluna bilər, amma onun yaddaşı işğal edilə bilməz. Bir şəhər dağıdılınca, o məgər ulusun mənəvi coğrafiyasından silinirmi?
Otuz illik həsrətin içində qorunan Laçından danışırıq.
İşğal illərində Laçın fiziki baxımdan Azərbaycandan ayrı düşsə də, ulusumuzun şüurundan ayrı düşmədi; Laçın ədəbiyyatda, publisistikada, musiqidə, rəssamlıqda, məcburi köçkünlərin ailə yaddaşında və gündəlik danışığında yaşamağa davam etdi.
Laçın haqqında yaranan bədii və publisistik mətnlərdə üç əsas obraz bir-birini tamamlayırdı: azad Laçın, yaralı Laçın və qayıdışı gözlənilən Laçın.
Söz adamlarının yaradıcılığında, rəssamların tablolarında və ulus yaddaşında şəhər bir coğrafi vahid olmaqdan çıxaraq həsrətin mənəvi ünvanına çevrilmişdi. Rəhmətlik Məhəbbət Kazımovun “Laçınım, Laçınım, Laçınım mənim!” nidası qulaqlarımızdan çəkilməyib…

Laçın itkisi, digər torpaqlarımızın itkisi ulusun ruhi yaralanması idi. –
Bu sətirlərin yazarının öncəki illərdə Laçın mövzusuna müraciətlərində də bax, elə bu həqiqət ön planda dayanırdı. Ancaq həmin yazıların içində bir inam da yaşayırdı: bu həsrət əbədi olmayacaq; çünki dövlətçilik yaddaşı güclü olan ulus uduzmağı yığvalın son hökmü kimi qəbul etmir.

44 günlük Vətən müharibəsi tarixi məntiqin dönüşü oldu.
2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycanın, necə deyərlər, tarixi zamanını da dəyişdi. Otuz ilə yaxın davam edən işğal mərhələsi qürurla başa çatdı; Azərbaycan ulusu öz tarixinin yenidən qurucusu olduğunu nümayiş etdirdi.
44 günlük müharibə sonucunda əldə edilən Zəfər işğalın hərbi, siyasi və mənəvi dayaqlarını dağıtdı. Azərbaycan Ordusunun döyüş meydanında qazandığı üstünlük Ermənistanı yenilgini qəbullanmağa məcbur etdi.
Laçın rayonu 2020-ci il dekabrın 1-də öz bayrağımıza büründü. Bununla belə, Laçın şəhəri, Zabux və Sus kəndləri bir müddət keçmiş Laçın yolu ilə bağlı xüsusi rejim içində və rus sülhməramsızlarının keçici nəzarətində qaldı. Biz Laçın şəhərinə, Zabux və Sus kəndlərinə tam nəzarəti dörd il öncə – 2022-ci il avqustun 26-da bərpa etdik.
Bax, bu hadisə Azərbaycan dövlətinin hərbi Zəfəri ardıcıl siyasi sonuclara çevirmək bacarığının mühüm örnəyi idi.
Laçının tam qurtuluşu strateji təmkinin, diplomatik iradənin, alternativ kommunikasiya xəttinin qısa müddətdə qurulmasının və dövlətin prosesə nəzarət imkanlarının sonucu oldu.
Beləliklə, Laçın təcrübəsi göstərdi ki, Zəfər tək bir günün hadisəsi kimi götürülmür. Zəfər hərbi uğurun hüquqi, siyasi, inzibati və demoqrafik sonuclarla tamamlandığı uzunmüddətli dövlət prosesidir.
Beləliklə, biz “dəhliz” anlayışından şərti dövlət sınırına keçid etdik.
İşğaldan sonrakı mərhələdə Laçın çevrəsində aparılan siyasi və informasiya mübarizəsinin əsas mövzularından biri keçmiş “Laçın dəhlizi” anlayışı idi.
Bəzi xarici dairələr bu ifadəni Azərbaycanın suveren ərazisində sanki ayrıca hüquqi-siyasi məkan mövcudmuş kimi təqdim etməyə çalışırdı; halbuki Azərbaycanın mövqeyi apaydın idi: ərazimizdə dövlətin nəzarətindən qıraq, qeyri-müəyyən statuslu yol və ya zona – boz zona ola bilməz.
Yeni Laçın yolunun çəkilməsi, Laçın şəhəri, Zabux və Susun tam qurtulması, daha sonra Həkəri çayı üzərində Laçın sınır-buraxılış məntəqəsinin yaradılması bu qeyri-müəyyənliyə son qoyan unudulmaz mərhələlər idi.
Bəli, dövlətin quru sınırı olduğu kimi, siyasi, hüquqi və informasiya sınırı da vardır. Sınır-buraxılış məntəqəsinin qurulması Azərbaycan dövlətinin öz ərazisinə giriş-çıxışı nəzarətə götürməsi, qanunsuz silah, şəxsi heyət və digər hərbi təyinatlı yüklərin daşınmasının qarşısının alınması baxımından suveren hüququnun həyata keçirilməsi idi.
Laçın bu anlamda “dəhliz” mifindən sınır gerçəkliyinə keçidin rəmzinə çevrildi. Ardınca da olamalı olanlar oldu.

2023-cü ilin sentyabrında həyata keçirilən yığcam antiterror tədbirləri 44 günlük müharibədən sonra açıq qalmış əsas dövlətçilik məsələsini həll etdi: Azərbaycanın bütün ərazisində konstitusiya quruluşu və suverenliyi tam bərpa olundu.
Antiterror tədbirlərinə yalnız ayrıca hərbi əməliyyat kimi baxmaq doğru olmazdı. Bu tədbirlər 2020-ci ilin Zəfərindən sonra başlamış siyasi-hüquqi prosesin tamamlanması idi.
Laçın sınır-buraxılış məntəqəsinin qurulması separatçı rejimin silahlandırılma və təchizat imkanlarını məhdudlaşdırmışdı. Bununla belə, qanunsuz silahlı birləşmələr təxribatları davam etdirir, Azərbaycan ərazisində “fortifikasiya qurğuları” – möhkəmləndirilmiş hərbi istehkamlar yaradır və mina terroru törədirdi. Antiterror tədbirləri həmin qeyri-qanuni hərbi strukturun mövcudluğuna son qoydu.

Belə baxdıqda Laçının qurtuluşu, 44 günlük müharibə və antiterror tədbirləri eyni dövlətçilik xəttinin üç mərhələsidir:
birinci mərhələ
işğalın hərbi-siyasi yolla aradan qaldırılması;
ikinci mərhələ
sınır və kommunikasiya nəzarətinin təmin olunması;
üçüncü mərhələ isə
ölkənin bütün ərazisində konstitusiya quruluşunun bərpasıdır.

Bu proses Azərbaycan dövlətinin ərazi bütövlüyü anlayışını formal hüquqi kateqoriyadan real siyasi və fiziki gerçəkliyə çevirdi.

Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə 26 avqust Laçın Şəhəri Günü kimi müəyyənləşdirildi.
Şəhər günlərinin təsis edilməsi qurtuluş tarixlərinin ictimai yaddaşda institutlaşdırılmasıdır.
Təqvim burada tarixin arxivi olaraq çıxış etmir, o, milli tərbiyə vasitəsidir.
26 Avqust bizə yalnız şəhərin geri qaytarıldığı günü xatırlatmır. Bu tarix dövlətin strateji iradəsini, Ordunun gücünü, ulusun dözümünü, məcburi köçkünlərin yurda bağlılığını və nəhayət, qayıdışın gerçəkləşməsini bir mənəvi mərkəzdə birləşdirir.
İlk Laçın Şəhəri Günü 2023-cü ildə doğma yurda qayıtmış sakinlərin iştirakı ilə keçirildi. Prezident İlham Əliyev həmin gün Laçının tam qurtuluşunun tarixi məzmununu xüsusi vurğuladı.
Budur, Şəhər Günü, keçmişin hüznünü gələcəyin nikbinliyi ilə əvəz edən yeni mədəni yaddaş formasıdır.

2023-cü il mayın 28-də Laçın şəhərinə ilk sakinlərin qayıdışı xüsusi rəmzi anlam daşıyırdı. Müstəqillik Günündə laçınlılara evlərinin açarlarının təqdim olunması dövlət müstəqilliyi ilə yurda qayıdış arasındakı üzvi əlaqəni göstərirdi.
Böyük Qayıdışı yalnız əhalinin bir ərazidən digərinə köçürülməsi kimi qiymətləndirmək olmaz. Qayıdış üç onillik boyunca pozulmuş həyat axarının bərpasıdır.
İnsan doğulduğu və ya ata-babalarının yaşadığı torpağa qayıdarkən yalnız evə yerləşmir; öz yaddaşına, kimliyinə və belə deyək, ailə tarixinin yarımçıq qalmış cümləsinə qayıdır…
Laçın şəhərinə, Zabux, Sus və Bəylik kəndlərinə köçürülən ailələr məhz bu baxımdan yeni tarixi mərhələnin iştirakçılarıdır. Onlar bu torpaqlarda yeni həyatın ilk sakinləri olmaqla yanaşı, yüzillərdən gələn yaşayışın davamçılarıdır.
Yeni tikilən evlər tarixlə çağdaşlığın görüş nöqtəsidir. Laçınlılar öz doğma yurduna qayıdır, lakin 1992-ci ilin dağıdılmış şəhərinə yox, əlbəttə; onlar XXI yüzilin ağıllı, yaşıl və dayanıqlı şəhərinə qayıdır…

Azadlıqdan abadlığa – bu, bir növ yeni dövlətçilik modeli kimi də dəyərləndirilə bilər.
Dövlətimizin azad edilmiş ərazilərdə həyata keçirdiyi quruculuq siyasətinin əsas özəlliyi onun kompleks xarakter daşımasıdır.
Laçında evlərin, məktəblərin və yolların tikilməsi enerji, rabitə, istehsal, turizm, mədəniyyət, ekoloji dayanıqlılıq və məşğulluq layihələri ilə paralel aparılır.
Bu yanaşma “azadlıqdan abadlığa” keçidin sistemli dövlət proqramı olduğunu göstərir.
Laçın şəhərinin 2040-cı ilədək inkişafını nəzərdə tutan Baş Plan şəhərin gələcək onilliklər üçün funksional inkişafını müəyyənləşdirir. “15 dəqiqəlik şəhər” prinsipi yaşayış, xidmət, təhsil, istirahət və gündəlik tələbat məkanlarının insan üçün əlçatan məsafədə təşkil olunmasını nəzərdə tutur.
Burada əsas məsələ insan ölçülü şəhər qurmaqdır.
Laçının çağdaş simasında gələnəksəl dağ şəhərinin landşaftı ilə yeni urbanistik düşüncə uzlaşdırılır. Şəhər təbiətə qarşı qurulmur; əksinə, təbiətlə birlikdə qurulur.
Hələ budur, yaşıl enerji və təbii sərvətin yeni fəlsəfəsi ilə tanış oluruq.
İşğal dönəmində Laçının təbii sərvətləri talan edilirdi. Azadlıqdan sonra isə həmin sərvətlər dövlətin strateji inkişaf və ekoloji məsuliyyət prinsiplərinə uyğun şəkildə idarə olunur və dəyərləndirilir.
Həkəri və Hoçaz çayları üzərində qurulan və yenidən bərpa edilən su elektrik stansiyaları Laçının enerji təminatını yaşıl qaynaqlar hesabına ödəməyə imkan verir.
2026-cı il iyulun 11-də Hoçaz çayı üzərində “Ağbulaq-1”, “Ağbulaq-2” və “Şeylanlı” su elektrik stansiyalarının istifadəyə verilməsi Laçının yaşıl enerji rayonuna çevrilməsi yönündə növbəti önəmli addım oldu.
Laçının elektrik tələbatının bərpaolunan enerji hesabına qarşılanması azad edilmiş ərazilərdə tətbiq olunan yeni inkişaf fəlsəfəsinin parlaq ifadəsidir.
Bu fəlsəfədə təbiət qorunan, bərpa olunan və gələcək nəsillərə ötürülən milli sərvətdir.
Həkəriçay su anbarı layihəsi də Laçının potensialını rayon sınırlarından çıxarır. Bu layihə içməli su təminatı, enerji istehsalı və bölgə dayanıqlılığı baxımından Gündoğar Zəngəzurla Qarabağın geniş bir hissəsinə xidmət edəcək.
Beləliklə, Laçın öz çaylarının enerjisini yeni həyatın gücünə çevirir.
Yol, hava limanı və açılan üfüqlər bizi həm keçmişə, həm də gələcəyə götürür… Keçmişə – oradakı şanlı irsə, bar-bərəkətli günlərə, düşmənə (özünü bizə düşmən sırıyanlara) gözdağı olan çağlara…
Gələcəyə – böyük, şan-şərəfli gələcək günə!
Bəs bu gün? – Bu günü silmirik, pozmuruq, gözardı etmirik; hər keçən gün daha öncə bu gün olub; hər gələcək gün öz vaxtında keçmiş olacaqdır. Deməli, bu anı yaşamaq var; deməli, məsuliyyət var və
ümidlərin inama çevrildiyinə tanıqlıq etmək var!

Laçın tarixən çətin dağ keçidləri, sərt iqlim və mürəkkəb relyeflə səciyyələnib. Yeni yol-yükdaşıma infrastrukturu bu coğrafi çətinlikləri inkişaf üstünlüyünə çevirir.
Kəlbəcər–Laçın avtomobil yolu, tunellər, körpülər bölgənin içəridən bağlantısını təmin etməklə yanaşı, Qarabağ və Gündoğar Zəngəzurun vahid iqtisadi məkan kimi formalaşmasına xidmət edir.

2025-ci il mayın 28-də istifadəyə verilən Laçın Beynəlxalq Hava Limanı isə şəhərin bölgəsəl və beynəlxalq əlçatanlığını köklü şəkildə dəyişdi. Hava limanının Müstəqillik Günündə, Azərbaycan, Türkiyə və Pakistan rəhbərlərinin iştirakı ilə açılması onun həm daşımalar, həm də siyasi-rəmzi önəmini artırdı.
Bir vaxtlar dünyadan zorla təcrid edilən Laçın bu gün dünyaya hava qapısı açır. Bax, bunun özü, tarix baxımından son dərəcə güclü mənzərədir: işğal illərində qanunsuz məskunlaşdırma və hərbi daşımalar üçün istifadə edilən ərazi indi barış, turizm, işbirliyi və iqtisadi inkişaf marşrutlarının qovşağına çevrilir.

Şəhərin həqiqi dirçəlişi yalnız evlərin tikilməsi ilə başa çatmır. Şəhər o zaman yaşayır, orada söz, musiqi, sənət, kino, məktəb, teatr və ictimai yaddaş da yaşayır…
“Hoçazfilm” yaradıcılıq studiyasının yaradılması bu baxımdan xüsusi önəm daşıyır. Laçının, bütövlükdə bölgənin işğal və azadlıq salnaməsinin audiovizual sənət vasitəsilə bəlgələşdirilməsi ulusun yaddaş siyasətinin vacib istiqamətidir. (Yeri gəlmişkən, bugünlərdə “Simurq” kitabxanasının öz fəaliyyətini dayandırması isə bütün kitabsevərləri kədərə boğdu. Adamın inanmağı gəlmir… Elə ümidvaram, bu da keçər və “Simurq” adınalayiq şəkildə yenə dönər, yerinə dönər…)

Bəli, Azərbaycan qurur və çəkir ki, yaddaş yaşasın.
Laçının şəhəri uluslararası mədəniyyət və dialoq məkanına çevrilməkdədir. Belə bir status dağıdılmış şəhərin qısa müddətdə yenidən mədəniyyət dövriyyəsinə qayıtmasının təntənəli etirafıdır.

Bəs Laçın iqtisadiyyatının yerli dayaqları nələrdən ibarətdir?
Yeni Laçın öz iqtisadi yaşamını yaradan şəhər, el-oba olmalıdır.
Mebel, ayaqqabı və tikiş fabrikləri, prefabrik ev istehsalı, heyvandarlıq, arıçılıq, balıqçılıq və turizm müəssisələri bu məqsədə xidmət edir.
Burada diqqətçəkən əsas cəhət yerli sakinlərin məşğulluğudur. Laçınlı öz yurduna yalnız yatıb-durmaq üçünmü qayıdır? – Əsla, yox! – O, işləmək, istehsal etmək, dəyər yaratmaq üçün qayıdır.
Bu, Böyük Qayıdışın davamlılığını təmin edən əsas şərtdir. Çünki yurd ev-eşiklə birgə, işlə, məktəblə, sosial münasibətlərlə və gələcəyə inamla vətənləşir.
“Laçın Aqro-Sənaye Parkı”nda müxtəlif yönlü müəssisələrin yaradılması rayon iqtisadiyyatının yalnız bir sahədən asılı qalmamasına imkan verəcək. Dağlıq relyef, zəngin su ehtiyatları, geniş yaylaqlar və təmiz ekoloji mühit Laçının kənd təsərrüfatı, turizm və emal sənayesi üzrə xüsusi inkişaf modelini formalaşdıra bilər.

Laçında baş verənləri bir neçə tikinti layihəsinin toplamından daha çox, bütöv inkişaf modeli kimi qiymətləndirmək gərəkdir.
Bu modelin əsas mərhələləri necə görünür? – Məncə:
işğalın aradan qaldırılması;
dövlət sınırının və suveren nəzarətin bərpası;
əhalinin təhlükəsiz qayıdışı;
çağdaş infrastrukturun yaradılması;
yaşıl enerji sisteminin qurulması;
yerli iqtisadiyyat və məşğulluğun formalaşdırılması;
mədəni yaddaşın bərpası;
bölgənin uluslararası bağlantılara açılması.
Bu mərhələlər bir-birindən ayrı sanılmamalıdır. Onların hər biri digərini tamamlayır.
Bax, buna görə Laçın Azərbaycan dövlətinin savaşsonrası quruculuğu sahəsində yaratdığı ən dolğun örnəklərdən biridir. Burada təhlükəsizliklə inkişaf, tarixi yaddaşla çağdaş urbanizm, dövlət siyasəti ilə vətəndaş rifahı vahid konseptdə birləşir.

Prezident İlham Əliyevin 28 may 2023-cü ildə Laçında söylədiyi cənnətin əgər təsviri varsa, bu gün bax, budur fikrini xatırlayırsızmı? – Bu anlamlı fikir ilk baxışda şəhərin təbii gözəlliyini və aparılan quruculuğu ifadə edir.
Ancaq bu cümlənin daha dərin anlamı vardır.
Cənnət – insanın öz doğma torpağında təhlükəsiz, azad və ləyaqətli yaşaya bilməsidir.
İşğal altındakı gözəl təbiət cənnət sayılarmı?.. Orada ədalət yoxuydusa, daha nə cənnət olasıydı?..
Azad, qurulan, uşaqların məktəbə getdiyi, sakinlərin öz evində yaşadığı, qutlu bayrağın dalğalandığı və gələcəyin planlaşdırıldığı torpaq, əlbəttə, cənnətə çevrilə bilər.
Azərbaycan dövləti Laçınımızın daşını-divarını da, ədalətini də bərpa edir.
Ona görə Laçından irəliyə baxırıq.

Bir vaxtlar “Laçın dəhlizi” ifadəsi Azərbaycanın ərazi bütövlüyünə qarşı siyasi təzyiq aləti kimi işlədilirdi. Bu gün isə Laçın dövlət bayrağının, beynəlxalq hava limanının, yaşıl enerjinin, yeni məktəblərin, istehsal müəssisələrinin, mədəni tədbirlərin və doğma yurda qayıdan insanların ocağıdır.
Tarixi dönüşün böyüklüyü də bax, bundadır.
Azərbaycan Laçını geri qaytarmaqla yalnız keçmişin borcunu ödəmədi; gələcəyin əsasını qoydu.
26 Avqust – Laçın Şəhəri Günü bizə göstərir ki, tarixdə bəzən bir şəhərin taleyi bütöv dövlətin taleyini izah edə bilir.
Laçının işğalı zəifliyin və siyasi nizamsızlığın hansı faciələr doğurduğunu göstərmişdi.
Laçının azadlığı milli birliyin, güclü dövlətin, qüdrətli Ordunun və qətiyyətli liderliyin hansı tarixi sonuclar yaratdığını göstərdi.
Laçının qurulması isə Zəfərin yalnız keçmişə aid olmadığını, onun gələcək yaratmaq yetənəyi olduğunu göstərir.
Bu gün Laçın öz dağlarının ucalığından bütöv Azərbaycana başqa cür baxır.
Artıq bu baxışda ayrılıq yoxdur, həsrət, yad nəfəs yoxdur.
Dövlət vardır, bayraq vardır.
Qayıdan insan, qurulan həyat vardır.

Laçın öz tarixi anlamına qaytarılıb.
İndi Laçından yalnız keçmişə baxılmır. Laçından irəliyə baxılır.
Tanrı necə haqdır!

DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!


MANŞET XƏBƏRLƏRİ