Bir daha Himnimiz haqqında


Kamil Şahverdi

V yazı

(əvvəli BU LİNKDƏ)

... 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti qurulandan sonra Bakıya gələn Əli Yusif bəy ingilis, fransız və rus dillərini bildiyi üçün Azərbaycan Cümhuriyyəti hökumətinin İşlər İdarəsində draqamon (Səfirlik, diplomatik və konsul missiyaları yanında rəsmi tərcüməçi-K. Ş.) kimi işləməyə başlayıb. (Ə. Tahirzadə, O. Tahirli. Azərbaycan Cümhuriyyəti tələbələri. Bakı, 2016.)
Əli Yusif Cümhuriyyət hökumətinin İşlər İdarəsində tərcüməçi işləməklə yanaşı "Azərbaycan", "İstiqlal", "Bəsirət" qəzetlərində və "Qurtuluş yolu" jurnalında məqalələr və şeirlərlə çıxış edib. Azərbaycan Cümhuriyyətinin rəsmi dövlət qəzeti olan "Azərbaycan" qəzetinin redaksiya heyətinin üzvü olub. (Akif Aşırlı. Azərbaycan mətbuatı tarixi (1875-1920). Bakı, 2009)
Əli Yusifin bəyin atası Mirzə Cəlal Yusifzadə Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının 44 üzvündən biri olub. Nazif Qəhrəmanlının kitabında qeyd olunduğuna görə Mirzə Cəlal Yusifzadə 1928-ci ildə yaradılmış gizli antisovet "Müstəqil Azərbaycan" təşkilatının qurucularından biri olub. (N. Qəhrəmanlı. Vətən və istiqlal aşiqi Əli Yusif. Bakı, 2010)
AXC Parlamenti 1919-cu il sentyabrın 1-də ali təhsilli mütəxəssis kadrların hazırlanması məqsədilə 100 nəfər azərbaycanlı gəncin dövlət hesabına xarici ali məktəblərə göndərilməsi barədə qərar qəbul etdi. Xaricə göndərilən tələbələrin ilk hissəsi , 24 nəfər gənc 1920-ci il yanvarın 14-də Parlament və Hökumət üzvlərinin, tanınmış xeyriyyəçilərin, din xadimlərinin, ictimaiyyət nümayəndələrinin və valideynlərin iştirakı ilə Bakı Dəmiryolu Vağzalından yola salınıblar. Bu 24 nəfərdən biri də Əli Yusif olub. Əli Yusif Paris Siyasi Elmlər Məktəbinə daxil olur və 1923-cü ildə təhsilini başa vuraraq Parisdən Bakıya qayıdır. "Maarif və mədəniyyət" jurnalının məsul katibi təyin olunan Əli Yusif Bakıda gizli fəaliyyət göstərən Müsavat partiyası ilə əməkdaşlıq etməyə başlayır. 1923-cü ilin noyabr ayında Əli Yusif Dadaş Həsənzadə, Əhməd Hacinski, Əbülfəz Babayev və Abdulla Abdulzadə ilə birlikdə Gizli Musavatın Mərkəzi Komitəsinə üzv seçilir. (Aydın Əlizadə. "Ölkənin müstəqilliyi uğrunda mübarizə aparan Gizli Musavat". urokiistorii.ru (rus). 9 aprel 2018)
Gənc, vətənpərvər şair Əli Yusif 1924-cü il fevralın 6-da həbs olunur. Bir neçə ay həbsdə saxlandıqdan sonra, 1924-cü ilin may ayında onu azadlığa buraxırlar.
1926-cı ilin fevral-mart aylarında Bakıda keçirilən Birinci Türkoloji Qurultayda Əli Yusif katib, atası Mirzə Cəlal isə tərcüməçi kimi iştirak edirlər. Qurultay başa çatdıqdan üç gün sonra, martın 11-də Azərbaycan Fövqəladə Komissiyasının əməkdaşı Vasinin əmri ilə Əhməd Hacinski, Dadaş Həsənzadə və Əli Yusifin evlərində axtarış aparılmaqla həbs olunurlar. (Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. II. Bakı, 2014. s. 230)
10 il müddətinə azadlıqdan məhrum edilən Əli Yusif Solovki adalarına sürgün olunur. 1935-ci ilin yanvarında azadlığa çıxan şairə Azərbaycana qayıtmasına icazə verilmir və o Özbəkistana sürgün edilir. Bir müddət Daşkənddə yaşayan Əli Yusif 1937-ci ilin iyul ayında yenidən həbs olunur və avqustun 18-də güllələnir. Onun dəfn olunduğu yer məlum deyil.
Gənc, vətənpərvər şair Əli Yusifin Azərbaycan Xalq Cümhuriyyətinin bir illiyi münasibəti ilə yazdığı məqalə AXC dövrünü təsvir və tərənnüm edən ən təsirli yazılardan biridir. Bəlkə də birincidir. Məqaləni oxuduqca sanki, o dövr gözlərimiz önündə canlanır, özümüzü hadisələrin burulğanında hiss edirik...


Bakı I Türkoloji Qurultay. 1926-cı il.

1919-cu ilin noyabr ayında Azərbaycan Xalq Cümhuriyyətinin Xalq Maarif Nazirliyi Nazirlər Şurasına Dövlət gerbinin və Dövlət himninin qəbul edilməsi üçün müsabiqə elan olunması təklifi ilə müraciət edir. Bu müraciət "Azərbaycan" qəzetinin 1919-ci il 14 noyabr tarixli (246 saylı) nömrəsində dərc edilir. Əfsuslar olsun ki, 1918-1920-ci illərdə çap olunan "Azərbaycan" qəzetinin bir neçə nömrəsi, o cümlədən 246 saylı nömrəsi itmiş hesab olunur və bu günə qədər tapılmamışdır. Ona görə də Xalq Maarif Nazirliyinin təklifinin mətnini "Azərbaycan" qəzetinin rus dilində çap olunan 1919-cu il 20 noyabr tarixli (45 saylı) nömrəsindən tərcümə edərək diqqətinizə çatdırıram:
"AZƏRBAYCANIN DÖVLƏT GERBİ və MİLLİ HİMNİ.
Xalq maarif naziri tərəfindən Azərbaycan Respublikasının dövlət gerbinin və milli himninin hazırlanmasının təşkili haqqında düşüncələri hökumətə təqdim edilmişdir. Ən yaxşı milli himn seçmək üçün müəyyən edilmiş qaydada müsabiqə elan olunması, 1920-ci il fevralın 1-nə qədər əsərlərin himn yarışmasına təqdim olunması təklif olunub. Ən yaxşı himn üçün 15.000 rubldan başlayan mükafat müəyyən edilib. Müsabiqəyə daha çox iştirakçı cəlb etmək üçün Bakı və Tiflis qəzetlərində müsabiqə geniş işıqlandırılacaq..."
("Azərbaycan" qəzeti, (rus dilində) 1919-cu il, 20 noyabr. N 45).
Qəzetdə çıxan bu məlumatdan məlum olur ki, Xalq Maarif Nazirliyi Hökumətə təkliflə çıxış edir. Bir çox araşdırmaçılar isə bunu himn haqqında müsabiqə elan olunması kimi təqdim edirlər. Əslində isə bu maarif naziri tərəfindən Hökumətə verilmiş təklif idi.
1920-ci il yanvarın 30-da Azərbaycan Respublikasının Hökuməti Xalq Maarif Nazirliyinin təklifinə baxır və qərar qəbul edir. Qərarda deyilir:
"No 723.
30 yanvar. Azərbaycan Respublikasının hərbi ordenlərinin, milli himninin, gerb və möhürünün layihələrinin hazırlanması haqqında Qərar.
1. Hərbi nazirə tapşırılsın ki, orden layihələrinin təqdim edilməsi üçün 25.000 rubl mükafatla müsabiqə elan etsin, layihələrin əsas məqsədi isə Azərbaycanın müstəqillik simvoluna xidmət etməlidir.
2. Xalq maarif nazirinə tapşırılsın ki, milli himn, dövlət gerbi və möhürü layihələrinin təqdim edilməsi üçün 50.000 rubl birinci, (milli himn üçün-K. Ş.) 25.000 rubl ikinci üçün (dövlət gerbi və möhürü üçün-K. Ş.) mükafatla müsabiqə elan etsin.
Azərbaycan Respublikası hökumətinin məlumatları. (rus dilində) 1920. 11 fevral, No 10."
Rəsmi dövlət qəzetlərində hökumətin bu Qərarı geniş işıqlandırılır və müsabiqənin şərtləri haqqında məlumat verilir. Müsabiqə şərtlərinə görə layihələr 1920-ci il 1 may tarixinə qədər bağlı zərfdə Xalq Maarif Nazirliyinin dəftərxanasına təhvil verilməlidir. Eyni zamanda iştirakçılar qeyd olunan predmetlər üzrə təqdim etdikləri layihədə öz əsərlərinin yaradılmasına xidmət edən tarixi, siyasi səbəbləri və gerçəklikləri ətraflı izah etməlidirlər. ("Azərbaycan" qəzeti, (rus dilində) 1920, 19 fevral, No 33).

(ARDI VAR)


MANŞET XƏBƏRLƏRİ