Bir daha Himnimiz haqqında


Kamil Şahverdi

V yazı

Cümhuriyyət fədailəri "Azərbaycan Marşını" unudulmağa qoymadılar. 70 il qürbətdə qorunandan sonra Vətənə dönən "Azərbaycan Marşı" haqqına qovuşdu. 20-ci yüzillikdə ikinci dəfə müstəqilliyini qazanan Dövlətimizin Himni kimi təsdiq olunana qədər "Azərbaycan Marşı" qəlblərdə, yaddaşlarda yaşadı. Mühacir Cümhuriyyətçilərin pənahı oldu, onları sınmağa, əyilməyə qoymadı, yaralı qəlblərinə məlhəm, ayaqda qalmalarına yardımçı oldu...

Əksər mənbələrdə 1919-cu ildə Üzeyir bəy Hacıbəyli tərəfindən yazıldığı qeyd olunan "Azərbaycan Marşı"nın yazılma tarixinə aid mülahizələrimi sonrakı hissələrdə diqqətinizə çatdıracağam. "Azərbaycan Marşı" haqqında ilk məlumat birbaşa olmasa da, dolayısı ilə "Azərbaycan" qəzetinin 30 may 1919-cu il tarixli nömrəsində şair Əli Yusifin "Pəncərə önündə yarım saat" adlı məqaləsində rast gəlinir. Cümhuriyyətin bir illiyi münasibəti ilə yazılmış məqaləni olduğu kimi təqdim edirəm:

"Azərbaycan Cümhuriyyətinin paytaxtı milli bayraqlara qərq olaraq istiqlal gününü bayram edirdi. Hər müəssisə, hər kütlə, hər fərd kəndi iktidarınca bu şanlı bayramda iştirak edirdi.

Dəstə-dəstə vətəndaşlar Parlaman qarşısına toplanır, bir-birlərini, Parlamanı və hökuməti təbrik və təhniyət (mübarəkbazlıq) edirlərdi. Parlaman İdarə(si) şöbələrinin birisinin pəncərəsindən bu axın-axın gələn insanları, fərahfəza (fərəhli, sevincli) lövhələri iki arxadaşımla seyr edirdik. Hər kəs sevinc, bəşuş (şən), ümidli və haqlı bir vüqara müştəğrəq (qərq olmuş) idi. Bu aralıq 30 nəfərə qədər 10 yaşından 7 yaşına cocuqlar, bir coxu başıaçıq, ayaqyalın, əllərində taxtadan kəndi sənətlərincə yapılma silahlar, ağac başına taxılmış mini-mini milli bayraqlarla kamali-ciddiyyətlə keçdilər. Bir çınqıraq (qumrov) sədası qədər lətif səslərlə marş oxuyurlardı.

Mən yalnız "Şanlı Vətən" dediklərini anlaya bildim. Pək müəssir (təsirli) bir mənzərə idi. Hazirun (orada olanlar) həpsi bunu hiss etmiş olmalıdır ki, hər tərəfdən bu mini-mini "vətəndaşcıqları" alqış gürultuları qarşıladılar... Bilaixtiyar (qeyri-ixtiyari) arxadaşlarımın üzünə baxdım. Onlar da ziyadəsiylə mütəəssir olmuşlardı. Bir arxadaşımın qolundan tutaraq: "İndi inanalım ki, istiklal bir kaç xülyapərəstin fantezisi deyil də, millətin ruhunun ən dərin guşələrindən təzahür edən ehtiyacdır,"-dedim. O da fikrimə şərik olaraq: "Əvət,-dedi,-həpimizin qəlbi bugünkü gün o cocukların qəlbi qədər səmimi, saf çırpınırsa, biz də bu bayramı bu məsumlar qədər sevirsək, inanalım ki, istiklalımız daimi və əbədi olacaqdır." Bu gün ordu əfradının (əsgərlərin) müntəzəm Avropa əsgərlərinə yakışan bir tərzdə rəsmi-keçiddə Rəisi-vükala (Baş nazir) tərəfindən salamlanması, küçələrdən tarixi simaların keçirilməsi, Parlamentin tarixi iclası qədər böyük və möhtəşəm mənzərələr(ə) də şəhadət etdim. Fəqət nədənsə yenə ən gözəl xatirə, ən müəssir lövhə o cocuqların ciddiyyətlə istiqlal bayramına kəndi arzu və xahişləri ilə iştirak etmələridir.

Zira bu mənzərədə həm siyasi, həm də psixoloji bir məna olmaqla bərabər, həssas və qayət gözəl bir sekret (sirr) vardı. Gələcəkdə Cümhuriyyətimizin ən qiymətdar, ən namuslu vətəndaşları da bu cocuklar olacağına heç şübhə yoxdur. Azərbaycan idealı, istiqlal məsləki bir müxtərenin (ixtiraçının) icadı, yaxud bir şairin xəyalı deyil, bəlkə sənələrcə millət köksündə bəslənmiş və ən sonunda hüsula gəlmiş bir qayədir. Hətta Anadolu annələri belə cocuklarına layla çalarkən, " Sən böyüyüb həm Türkiyəni məsud edəcəksən, həm də sair türk-islamların imdadına qoşacaqsan" deyir, onlara hənuz beşikdə ikən Qafqaz dağlarının vəhşi gözəlliklərindən, oradakı qardaşlarının əsarətindən bəhs edirlərdi. Yalnız böylə bir tərbiyə ilə böyüyən bir insan məslək sahibi ola bilər, vətən və millət uğrunda heç bir fədakarlıqdan çəkinməz. Onun üçün cürətlə deyə biləriz ki, bu gün istiqlal bayramını böylə fövqəladə sevinclə qarşılayan cocuqlar, yarın bir məmləkətin vətəndaşları olduqlarında onu sevəcək və müdafiə edəcəklər. Əvət, Rusiya siyasəti bizi ruslaşdırmağa qalxışarkən Azərbaycan evlərinin beşiklərində gələcək bir cümhuriyyətin vətəndaşları yetişdiyini bilməzdi. Azərbaycan Qafqaziyada doğulub Anadolu köksündən imdad aldı və nəhayət ayağa qalxdı, dirildi. Cocuqluqda alınan təəsürat unudulmaz. Onun üçün, bu gün bizimlə bərabər, fəqət bizdən daha səmimi bir surətdə İstiqlal bayramına iştirak edən azəri türklərin yavruları əbədiyyən bu böyük günü xatırlayacaq. Bu sarsılmaz bir həqiqətdir. Azərbaycan doğdu (doğuldu) və kəndini gələcək nəsilə şimdidən sevdirdi. Bu gün taxta və nahəmvar (qaba, səliqəsiz) "silahlarla" Parlaman qarşısında bir yer tutmağa can atan "igidlər" yarın əllərində son sistem əslihə (silahlar), başlarında müasir düşüncələr, biliklər qəlblərində namuslu bir vətənpərvərlik hissi, kəndi hüquqlarını, istiqlallarını müdafiə edəcəklər. O vaxt onlar bu birinci bayramı xatırlayaraq Cümhuriyyətlərinin nə qədər ağır şərait daxilində təşəkkül etdiyini düşünəcək və bu ağır qiymətə alınmış varlıqlarını, hüquqlarını daha əzəmətli bir həmiyyətlə qorumağa çalışacaqlar.

Əli Yusif"(ADA Universitetinin təşəbbüsü və dəstəyi ilə 20 cilddə nəşr edilən "1918-1920-ci illər "Azərbaycan" qəzetinin tam külliyatı". VIII cild. May 1919.

Transliterasiya edənlər: filologiya üzrə fəlsəfə doktoru Mehdi Gəncəli, Filoloq, tərcüməçi Azad Ağaoğlu.

Elmi redaktor: Akademik Teymur Kərimli.)

Beləliklə, Əli Yusif uşaqların dəstə ilə Parlament binası qarşısından keçərkən xorla oxuduqları zaman aydın eşitdiyi yalnız "Şanlı vətən" sözlərini misal gətirir. O dövrə aid materialların araşdlrılmasından gəlinən nəticə budur ki, Əli Yusifin uşaqlardan eşitdiyi "Şanlı vətən" sözləri "Azərbaycan Marşı"na aid ola bilər. Hər halda, o günlərdə bu sözlərin işləndiyi başqa bir nümunəyə hələ ki, rast gəlinməyib. 1919-cu ildə Bakıda "Milli nəğmələr" toplusu dərc olunur. "Vətən marşı" adı ilə topluda yer alan şeirin müəllifi kimi Cəmo bəy göstərilib.

(Asif Rüstəmli. Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı, səh. 104. Bakı-2024.)

Professor Asif Rüstəmlinin bu kitabı qiymətli tarixi sənədlərlə və məlumatlarla zəngindir. O ciddi araşdırma apararaq bir çox məsələlərin üzərinə işıq salmış və müxtəlif mənbələrdən topladığl məlumatları bir kitabda cəmləşdirmişdir. Lakin "Vətən marşı" ilə bağlı bəzi qeydlərdə uyğunsuzluqlar olduğu üçün xüsusi izaha ehtiyac duyulur. Ona görə də Asif Rüstəmlinin qənaətinə münasibət bildirmək üçün bu mövzunun üzərində daha ətraflı dayanmağa zərurət yaranır. Yazının növbəti hissələrində bu mövzuya qayıdaraq düşündüklərimi izah etməyə çalışaram.

"Azərbaycan" qəzetinin 30 may 1919-cu il tarixli nömrəsində "Pəncərə önündə yarım saat" məqaləsi ilə çıxış edən şair Əli Yusif Rai 1900-cü ildə Şuşada doğulub. 11 yaşından etibarən mətbuatda tərcümə və şeirləri ilə çıxış edib. 1917-ci ildə Şuşa real məktəbini bitirir. Elə həmin ildə Şuşada yaradılmış Milli Komitənin üzvü olub. 1918-ci ildə Milli Komitənin tapşırığı ilə Batuma gedib və Ənvər paşa ilə görüşüb. (Nazif Qəhrəmanlı. Vətən və istiqlal aşiqi Əli Yusif. Bakı, 2010.)

(ardı var)


MANŞET XƏBƏRLƏRİ