Məkkə Birgə Müdafiə Sazişi çərçivəsində yaradılan Strateji Siyasi və Müdafiə Komitəsinin ilk iclası İstanbulda başlayıb.
Turkustan.az xəbər verir ki, Türkiyənin ev sahibliyi etdiyi toplantıda üç ölkənin – Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanının xarici işlər və müdafiə nazirləri, eləcə də baş qərargah rəisləri iştirak edir.
Türkiyə nümayəndə heyətinə xarici işlər naziri Hakan Fidan, milli müdafiə naziri Yaşar Gülər və Baş Qərargah rəisi general Səlcuq Bayraktaroğlu rəhbərlik edir.
Pakistanı xarici işlər naziri Məhəmməd İshaq Dar, müdafiə naziri Xavaca Məhəmməd Asif və Baş Qərargah rəisi marşal Asim Munir, Səudiyyə Ərəbistanını isə xarici işlər naziri Feysəl bin Fərhan, müdafiə naziri Xalid bin Salman və Baş Qərargah rəisi general Feyyad bin Hamed Əl-Ruvaili təmsil edir.
İclasda üç ölkə arasında müdafiə və təhlükəsizlik əməkdaşlığının genişləndirilməsi müzakirə olunur. Gündəliyə müdafiə imkanlarının gücləndirilməsi, silahlı qüvvələr arasında koordinasiyanın artırılması, müdafiə sənayesində birgə istehsal, tədqiqat və inkişaf layihələri, həmçinin terrorizmlə mübarizədə əməkdaşlığın gücləndirilməsi daxildir.
Toplantıda həmçinin saziş çərçivəsində fəaliyyət göstərəcək Katibliyin və digər koordinasiya mexanizmlərinin yaradılması, eləcə də qarşıdakı dövr üçün yol xəritəsinin hazırlanması nəzərdə tutulur.
İclasın əsas məqsədlərindən biri Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında müdafiə əməkdaşlığının institusional əsaslarını gücləndirmək və birgə fəaliyyət istiqamətlərini müəyyənləşdirməkdir.

Aytən Yaşar/ Turkustan.az