CIA direktoru Con Retkliff ötən həftə Moskvaya gizli səfər edib. Səfərin əsl səbəblərinin isə əvvəlcədən bildirildiyindən daha ciddi olduğu iddia edilir.
Turkustan.az xəbər verir ki, bu barədə “UnHerd” nəşri məlumat yayıb.
Nəşrin yazdığına görə, ABŞ prezidenti Donald Tramp Rusiya ilə birbaşa silahlı qarşıdurmaya girmək niyyətində deyil. Retkliffin Moskva səfərinin əsas məqsədinin iki ölkə arasında gərginliyi azaltmaq olduğu bildirilir.
Məqalədə qeyd olunub ki, Vaşinqton və Moskva birbaşa qarşıdurmadan yayınmağa çalışır. Donald Tramp və Rusiya prezidenti Vladimir Putinin bir-biri ilə müharibə aparmaq niyyətində olmadığı vurğulanır.
“Bu səfərin arxasında əvvəllər açıqlanandan daha ciddi məqamların olduğu aydındır. Görüşə səbəb olan şərait düşündüyümüzdən daha qaranlıq, ciddi və mürəkkəb ola bilər”, - nəşr yazıb.
“UnHerd” Avropadakı bəzi siyasi qüvvələrin ritorikasının qlobal sabitlik üçün təhlükə yaratdığını bildirib. Məqalədə Skandinaviya və Baltikyanı ölkələr, eləcə də Böyük Britaniya və Almaniyanın Rusiya ilə münasibətlərdə gərginliyin artmasına meylli olduğu qeyd olunub.
Nəşrə görə, Tramp Yaxın Şərqdəki böhran fonunda yeni bir hərbi cəbhənin açılmasında maraqlı deyil.
“Rusiya ilə münasibətlərdə gərginliyin azaldılması Retkliffin Moskva səfərinin ən inandırıcı izahı kimi görünür”, - nəşr vurğulayıb./publika.az