Əkbər QOŞALI
Prezident İlham Əliyevin iyulun sonunda Qırğızıstana gerçəkləşdirdiyi dövlət səfəri və bu gün başlayan Özbəkistan səfəri (https://president.az/az/articles/view/73317)
ayrıca hadisələr kimi də oxuna bilər.
Ancaq yanaşı qoyduqda başqa mənzərə görünür.
Bu, Azərbaycanın Mərkəzi Asiya siyasətinin sağlam ardıcıllığıdır.
Bu, Bişkekdən Daşkəndə, Astanadan Aşqabada uzanan strateji üfüqdür… üfüqötəsinə böyük baxışdır...
İyulun 31-də Çolpon-Atada Mərkəzi Asiya və Azərbaycan dövlət başçılarının qeyri-rəsmi görüşündə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və Tacikistan liderlərinin bir araya gəlməsi yeni regional arxitekturanın artıq praktiki siyasi müstəviyə keçdiyini göstərirdi.
Azərbaycan heç kimin yerini tutmağa gəlmir, heç kim üzərində üstünlük qurmaq niyyətində deyil. Bizim gücümüz həm də bax, bundadır:
birləşdiririk, amma əritmirik; yaxınlaşdırırıq, amma fərqləri yox etmirik; ortaq maraq yaradırıq, amma hegemonluq iddiası irəli sürmürük.
Bu, güclü güvən yaradan çox qiymətli siyasi keyfiyyətdir.
Türk dünyası haqqında ötən yüzildə çox danışılıb.
Şeirlər yazılıb,
diləklər qanadlanıb,
çağırışlar edilib…
Budur, diləklər getdikcə instituta çevrilir. – XXI yüzilin fərqi elə bundadır.
Türk Dövlətləri Təşkilatının tarixi xidməti türk birliyi düşüncəsini romantik aləmdən çıxarıb siyasi, iqtisadi və institusional gələcək layihəsinə çevirməkdir.
Azərbaycan və Özbəkistan türk birliyinin aparıcı qüvvələrindəndir.
Prezident İlham Əliyevin UzA-ya müsahibəsində TDT çərçivəsində işbirliyinin siyasi dialoqdan yükdaşımalara, logistika və iqtisadiyyatdan təhsil, elm və mədəni-humanitar sahələrədək geniş gündəliyi əhatə etməsi təsadüfən vurğulanmır.
Bəli, Türk dünyası yalnız Zirvə toplantılarında birləşməməlidir.
Universitet universitetlə görüşməlidir, alim alimlə, yazıçı yazıçı ilə, gənc gənclə…
Biznes bizneslə.
Şəhər şəhərlə.
Əsər əsərlə…
Çünki siyasi inteqrasiyanın arxasında ictimai-mədəni inteqrasiya dayanmasa, böyük ideyanın kökü dərinliyə işləyə bilməz.
Hüseyn Cavid boşuna demirdi:
“Turana qılıncdan daha kəskin, ulu qüvvət,
Yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət!”
Bəs biz işğaldan qurtulmuş Füzulidəki Uluqbəy adına məktəbi niyə siyasətdən böyük rəmz sayırıq?..
Bəli, Azərbaycan–Özbəkistan münasibətlərinin ən təsirli simvollarından biri Füzulidəki Mirzə Uluqbəy məktəbidir.
Çün orada söhbət yalnız binadan getmir.
Füzuli – Zəfərin, Qayıdışın, dirçəlişin özünəxas coğrafiyasıdır.
Mirzə Uluqbəy – Türk-İslam elminin, göyüzünün, zəkanın, dirçəlişin adıdır.
Qardaş Özbəkistanın Qarabağ torpağında məktəb tikməsi tarixə söylənmiş üfüqötəli bir cümləyə bənzəyir: “Sənin yarana biganə deyilik; sənin gələcəyində də varıq”.
Özbəkistan Qarabağın bərpasına yardım təşəbbüsü göstərən ilk ölkələrdən oldu; Füzulidəki Uluqbəy məktəbi həmin həmrəyliyin yaşayan abidəsinə çevrildi. Prezident İlham Əliyev də bunu Azərbaycan və Özbəkistan xalqları arasında dostluq və qardaşlıq jesti kimi xüsusi qiymətləndirib.
Bəli, siyasi bəlgələr onilliklərin tarixini yaza bilər.
Məktəblər yüzilliklərin tarixini yazır.
Azərbaycan–Özbəkistan münasibətlərinin ruhunu yalnız ticarət rəqəmlərində axtarsaq, mənzərənin ancaq yarısını görə bilərik.
Bu münasibətlərin ruhu Nizamidədir.
Nəvaidədir.
Füzulidədir.
Baburdadır.
Şuşada, Xivədə, Buxarada, Səmərqənddə, Gəncədə, Naxçıvandadır o ulu ruh.
Mədəniyyət bəzən diplomatiyanın ən uzağa gedən qoludur.
Siyasi müqavilənin müddəti ola bilər.
Mədəni yaddaşın müddəti yoxdur. – Nizami Gəncəvinin adının Daşkənddə böyük bir universitetin adında yaşaması, Bakıda “Özbəkistan” parkının yaradılması, Şuşa ilə Xivənin qardaşlaşması dediklərimizi bir daha göstərir.
Biz birlikdə kim ola bilərik? –
Orxon yazıları bizə kim olduğumuzu söyləyir.
Fərabi, Yəsəvi, Nizami, Nəvai, Yunus Əmrə, Nəsimi, Füzuli, Məhtimqulu, Abay, Mağjan, Çolpan, Cavid, Xalid Səid, Maqsud Şeyxzadə, Çingiz Aytmatov… ruhumuzun sərhədlərinin siyasi sərhədlərimizdən nə qədər böyük olduğunu göstərir.
“Biz kim olmuşuq?” sualının cavabını bilirik.
XXI yüzilin böyük sualı isə başqadır:
Biz birlikdə kim ola bilərik?
Bu sualın cavabı artıq yalnız ədəbi məzmunda qalmır.
O cavab limanlarda yazılır.
Dəmir yollarında yazılır.
Universitetlərdə yazılır.
Enerji dəhlizlərində yazılır.
Dövlətlərarası şuralarda yazılır.
Füzulidə məktəb divarlarında yazılır.
Bakıdan Daşkəndə qanadlanan uçağın marşrutunda yazılır.
Azərbaycan–Özbəkistan müttəfiqliyi həmin suala verilən ən təsirli cavablardan biridir.
Bu gün Daşkənddə başlanacaq yüksək səviyyəli danışıqlarda ticarətin artırılması, biznes və bölgələrarası işbirliyi, yükdaşıma-tranzit imkanları, mədəni-humanitar bağlar və yeni layihələr müzakirə olunacaq; geniş sənədlər zərfinin imzalanması gözlənilir.
Amma rəqəmlərin, bəlgələrin və layihələrin arxasında daha böyük cümlə dayanır. – Bəli, Türk dünyası artıq öz gələcəyini başqalarının yazdığı xəritələrdən oxumaq istəmir; öz yolunu özü çəkir. Doğrusu da budur!
Bir vaxtlar Türküstan şəhərləri arasında karvanlar gedərdi.
Karvan dəyişib, Yol dəyişməyib.
O yol bizi yenə bir-birimizə aparır.
Biz bir-birimizə yaxınlaşmırıq yalnız; biz tarixin ayırmadığı yerə yenidən qayıdırıq.
Bakıdan Daşkəndə, Nəvaidən Gəncəyə, Səmərqənddən Naxçıvana, Şuşadan Xivəyə uzanan yollar Xəzərdən Türküstana, Türküstandan bütöv Türk dünyasının gələcəyinə uzanan yollardır.
O yolların üstündə qardaş bayraqlar dalğalanır.
Yolumuz açıq, qardaşlığımız bəngü olsun!