Bəzən insanın yaşadığı ağır hadisənin izləri görünmür. Lakin həmin izlər düşüncələrdə, hisslərdə, ailə münasibətlərində və gündəlik həyatda uzun müddət özünü göstərə bilir. Belə məqamlarda peşəkar psixoloji dəstək qədər insanın yanında olan, onu dinləyən və anlayan bir mütəxəssisin varlığı da böyük əhəmiyyət daşıyır.
Mina və partlamamış hərbi sursatlardan (PHS) zərərçəkmiş insanların psixoloji dayanıqlığının gücləndirilməsi, sosial həyata daha inamlı şəkildə qoşulması və cəmiyyətə reinteqrasiyasına dəstək məqsədilə həyata keçirilən fəaliyyətlər Cəbrayılda da davam etdirilib.
“Şəfa Psixoloji Sosial Yardım” İctimai Birliyinin həyata keçirdiyi “Mina və partlamamış hərbi sursatlardan (PHS) zərərçəkmiş şəxslərin psixososial reabilitasiyası və cəmiyyətə reinteqrasiyasına dəstək” layihəsi çərçivəsində Biləsuvar rayonunda yerləşən Cəbrayıl məcburi köçkün qəsəbələrində müəyyən edilmiş hədəf qrupla “Emosional vəziyyətin yaxşılaşdırılması, streslə mübarizə bacarıqlarının inkişafı və sosial adaptasiyanın dəstəklənməsi” mövzusunda sonuncu psixososial dəstək təlimi keçirilib.
Cəbrayıl təliminin diqqət çəkən məqamlarından biri də məhz peşəkar həmrəylik və könüllülük ruhu olub. Bu baxımdan Piyalə xanımın nümunəsi digər psixoloqlar üçün də dəyərli təşəbbüs kimi qiymətləndirilə bilər. O, öz peşəkar bilik və bacarıqlarını könüllü əsaslarla layihənin məqsədlərinə yönəldərək iştirakçılarla ünsiyyətdə, psixoloji məşqlərdə və müzakirələrdə fəal iştirak edib. Piyalə xanımın könüllü iştirakı bir daha göstərib ki, psixoloqun cəmiyyətə verdiyi töhfə yalnız iş yeri ilə məhdudlaşmır. Bəzən bir neçə saatlıq könüllü fəaliyyət, bir insanı dinləmək, onun hisslərini anlamaq və düzgün istiqamət vermək həmin insan üçün böyük mənəvi dayaq ola bilər.
Məktəb psixoloqları yalnız məktəb mühitində deyil, cəmiyyətin ehtiyac duyduğu müxtəlif sosial təşəbbüslərdə də öz peşəkar imkanları ilə faydalı ola bilərlər. Xüsusilə psixososial dəstəyə ehtiyacı olan həssas qruplarla aparılan işlərdə onların bilik və təcrübəsi mühüm rol oynaya bilər.
Bu səbəbdən digər məktəb psixoloqlarını da imkanları daxilində belə sosial və könüllü fəaliyyətlərə qoşulmağa, öz peşəkar bacarıqlarını cəmiyyətin rifahına yönəltməyə dəvət edirik. Çünki psixoloqun bir insana ayırdığı vaxt bəzən həmin insanın həyata baxışında mühüm dəyişiklik yarada bilər.
Cəbrayıl təlimində yaranan səmimi münasibət və qarşılıqlı dəstək bir daha göstərdi ki, insan yaşadığı ağrı ilə tək qalanda deyil, onu anlayan və yanında olan insanlar olduqda daha güclü olur.
Bu təlim bizim üçün sadəcə növbəti layihə fəaliyyəti deyil. Bu, həm də peşəkarlığın, könüllülüyün və insan həmrəyliyinin bir araya gəldikdə necə dəyərli nəticə yarada biləcəyinin nümunəsidir.
Qeyd edək ki, layihə Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyi və Qarabağ Dirçəliş Fondunun birgə qrant müsabiqəsi çərçivəsində maliyyələşdirilir.
Mina və PHS-dən zərərçəkmiş şəxslərə psixososial dəstəyin göstərilməsi, onların sosial adaptasiyasının gücləndirilməsi və cəmiyyətə reinteqrasiyasına dəstək istiqamətində fəaliyyətlər növbəti mərhələlərdə də davam etdiriləcək.
