ABŞ Maliyyə Nazirliyi İranın qlobal maliyyə əlaqələrini məhdudlaşdırmaq məqsədilə yeni sanksiyalar açıqlayıb.
Turkustan.az xəbər verir ki, yeni tədbirlər çərçivəsində İranla əlaqəli təxminən 60 təşkilat, şəxs və gəmi sanksiya siyahısına salınıb.
ABŞ maliyyə naziri Skott Bessent bildirib ki, Vaşinqtonun məqsədi İranın gəlir mənbələrini və beynəlxalq iqtisadi əlaqələrini mümkün qədər kəsməkdir.
“Biz İranın qlobal maliyyə əlaqələrinə qarşı iqtisadi hücuma başlayırıq. Məqsədimiz Tehran təcrid olunana qədər bu rejimi dəstəkləyən hər bir iqtisadi əlaqəni kəsməkdir”, – Bessent deyib.
Nazirin sözlərinə görə, ABŞ sanksiyalardan yayınma hallarına qarşı “sıfır sızma” yanaşması tətbiq edəcək. O bildirib ki, İranla müəyyən iqtisadi fəaliyyətləri davam etdirən ölkələr və şirkətlər üçün son tarix müəyyənləşdiriləcək və tələblərə əməl etməyənlər ikinci dərəcəli sanksiyalarla üzləşə bilərlər.
Bessent ABŞ-ın İranla iqtisadi əlaqələri dayandırmaq məqsədilə digər ölkələrin liderləri ilə də danışıqlar apardığını bildirib.
“Çin də daxil olmaqla, heç kim ABŞ sanksiyalarından kənarda deyil. İranı dəstəkləyən hər bir ölkə sanksiyalarla üzləşməyə hazır olmalıdır”, – ABŞ maliyyə naziri vurğulayıb.
Yeni tədbirlər İranın rəqəmsal aktivlər, texnologiya, qızıl, aviasiya və gəmiçilik sektorları ilə yanaşı, sanksiyalardan yayınma və maliyyə əməliyyatlarına dəstək verən şəbəkələri də hədəfə alır.
Aytən Yaşar/ Turkustan.az