İşıqlı Atalı
Tarix boyunca Azərbaycanı canından artıq sevən, rahatlığını Vətən uğrunda qurban verən insanlarımız çox olub. Bu yazıda qələmi, ömrüylə ulusumuza xidmət etmiş insanlardan ikisi - Əbdürrəhimbəy Haqverdiyev və Məhəmməd Hadi haqqında danışırıq. XX yüzilin əvvəllərində Azərbaycan ədəbi mühiti əsasən iki möhtəşəm nəşrin – “Molla Nəsrəddin” və “Füyuzat” jurnallarının təsiri ilə inkişaf və təşəkkül tapmaqda idi. “Mollanəsrəddinçilər” “Füyuzatçılar”dan fərqli olaraq ulusun dilində - aydın, anlaşıqlı yazırdılar. Ancaq hər iki məşhur nəşrin hədəfi bir idi: xalqı maarifləndirmək.
Ə.Haqverdiyevin yaradıcılığıyla Azərbaycan ədəbiyyatında gerçəkliyin mənaçılıq səviyyəsində ifadəsi daha da zənginləşdi. Ə.Haqverdiyev Azərbaycan ədəbiyyatının, maarifçilik hərəkatının öncüllərindən biri idi. Onun özünəməxsus yaradıcı dəst-xətti vardı; folkloru, çağının ictimai-siyasi gedişlərini, mədəniyyət tarixini, ümumiyyətlə, tarixi, ədəbiyyatı, dinləri və s. dərindən öyrəndiyi aydınca görünür. O, dərin müşahidəçi olduğu dərəcədə də dərin mükaliməçidir: bu yaradıcı cəhət yazıçının çağındakı əski baxışlarla razılaşmamasında aydınca görünür.
“Yеyərsən qaz ətini, görərsən ləzzətini” (1892) pyesində insan hüquqsuzluğu tənqid edilir. “Dağılan tifaq”da (1896) varlı mülkədar Nəcəf bəyin ailə faciəsi, harınlıqdan doğan acı sonluğun ifadəsi mahiyyətcə o dövr Azərbaycan gerçəkliyinin məharətlə ümumiləşdirilmiş halıdır.
“Bəxtsiz cavan” (1900) pyesində gənc maarifçi Fərhadın faciəsi açıq-aydın göstərilir: istəklər həmişə gerçəklikdən çox qabağa gedir. Fərhad insanların gözünü açmağa, hüquqlarını anlatmağa çalışır. Cəhalətin baş alıb getdiyi çağda insanların hadisələrdən düzgün qənaət çıxarmaları mümkünsüz görünür.
"Pəri cadu"da (1901) fələyin şirnisinə aldanan Qurbanların faciəsi ümumiləşdirilib. İnsan yaşamının, xarakterinin iblisləşməsi, sonda dəhşətli peşmanlığın təzahürü, fitnə-fəsadlı münasibətlər obrazların zəlilləşməsinin köklü səbəbləridir. Əsərin sonunda Qurbanın vicdanının səsinə oyanması belə onu uçurumdan qurtarmır.
Bu mənada Ə.Haqverdiyev ardıcıl mənəviyyat tərbiyəçisidir.
“Ağa Məhəmməd şah Qacar”da dramaturqun tarix bilginliyi əsər boyunca aydın görünür. Əsas surətin faciəvi xarakterini ustalıqla açan yazıçı əslində bununla öz Qacarını yaratmağa nail olub.
“Ac həriflər”də kababçı Həsənin yeməkxanasında - özünü bəy sayanların, aktyorların, yoldan keçənlərin yediyinin pulunu ödəməməkdən ötrü min bir oyunda çıxması, aldatmalar cəmiyyətdəki gerçək oyunçuluğun ifadəsi kimi diqqəti çəkir.
Ə.Haqverdiyevin hekayələrində həyat olaylarının məharətli ümumiləşdirilməsini görürük. “Marallarım” silsiləsindən olan hekayələrdə o dövrki cəmiyyət həyatının dəqiq müşahidəçiliyi var.
“Diş ağrısı”nda fürsətcil Hacı Rüstəmin sağlam dişlərini də xəstə dişin hesabına çəkdirməsindən feyziyab olması onu acı gülüş hədəfinə çevirir.
“Mirzə Səfər” hekayəsində Mirzə Səfər obrazı maarifçiliyə xüsusi fikir verən, halallığı yaşam tərzinə çevirən, yaltaqlığı sevməyən bir obrazdır. Baxmayaraq ki, təbinin azlığından şairlik sevdası baş tutmur. Hekayə boyunca yazıçının müsbət obrazına təbii olaraq dərin, səmimi simpatiyasını müşahidə edirik. Ona görə ki, Ə.Haqverdiyev üçün bu kimi obrazların yaradılması yazıçı idealının gerçəkləşməsinə xidmət edirdi.
"Qiraət" hekayəsində Məşədi Qulamın Nataşa üçün sinov getməsi, ailəsini saymaması hərcayiliyi tənqid olunur. “Pir” hekayəsində avamlığın, mövhumatın meydan sulamasından yararlanan Əhmədin gecələr həyətdə lağım ataraq pir düzəltməsi, hədsiz varlanması mövhumatın, cəhalətin mənbələrindən biri kimi ifşa olunur.
“Xortdanın cəhənnəm məktubları”nda “O biri dünya” gerçəkliyin özünəməxsus mifoloji-bədii ifadəsi kimi meydana çıxır. Haqverdiyevin yazıçı təhkiyəçiliyi, cəmiyyət həyatına, düşüncəsinə bələdliyi bütün çalarlarıyla bu əsərdə üzə çıxır. Avamlığın, mövhumatın, fürsətcilliyin, pulçuluğun tənqidi oxucu tərəfindən təbii, gərəkli qarşılanır.
***
“Hadi” – “yolgöstərən” deməkdir. M.Hadi ulusun vurğunu idi: o, çalxalanan, yenilənən dünyada millətinin özünəməxsus var olmasını istəyirdi. Onun poeziyasında ulusal dərdin, habelə bəşəri faciələrin yanğı səviyyəsində ifadəsi var.
Hadi “İnsanların tarixi faciələri, yaxud “Əlvahi-intibah” poemasında bəşərin keçib gəldiyi böyük bir yaşam dövrünü faciələrdən ibarət sayır:
Həyatın səsləri guşumda həp fəryad şəklində,
Bu insanlar ki, qardaşdır və lakin yad şəklində.
Burdakı şair fəryadını görməmək, duymamaq mümkün deyil. Hadi burada sadəcə, bir şair deyil, millətini düşündüyü dərəcədə bəşəri düşünür. O, özünə qıymadığını bəşərə də qıymır. Mahiyyətcə böyük bəşəriliyin təməli millilikdir.
Hadi zərif və həssas şair ürəyiylə duyur ki, millətdən ayrı bəşər yoxdur, bəşərin səadətini istəyirsənsə, millətinin səadətini yarat, ancaq bu səadət insanlığın ölçüsündə olmalıdır. İnsanlıqdan xali olan millətin səadəti olmur əslində.
M.Hadinin romantikliyi əslində bu cərəyanın tələblərinə mahiyyətcə sığmırdı. O, təkcə romantikdirmi? Ümumiyyətlə, böyük yaradıcılar, düşüncə insanları, özündən keçənlər hansısa “izm”-ə sığışırmı, sığışa bilirmi? Əlbəttə, yox. Onun yaradıcılığında fəlsəfi ümumiləşdirmələr gözəlliyi yüksək poetik səviyyədədir.
Hadi zamanını, başlıcası, içini dərindən anladığından insanlığın sözçüsü kimi çıxış etməyə haqq tapır. Bəşərin fəlakətli hekayətini ürəyimizi sızlada-sızlada danışır ki, millətin fərdi olduğumuz dərəcədə də bəşərin fərdi olaraq dərs alaq:
Bu torpaq qanlı oylaqdır, bəşər səyyad şəklində
Ədavət daima vardır, məhəbbət – ad şəklində.
Hadinin fəryadı bitmir-tükənmir: niyə insanlar arasında yadlıq bu dərəcədə artır, niyə bəşər övladları bir-birinin qanını içir? Niyə insanlar ürəkdən sevinə bilmir, insan insana axıracan məhəbbətli ola bilmir, sürətlə yadlaşır?
Fərəhlər həbs olunmuş, hüznlər azad şəklində,
Müsibətlər, bəlalar, qüssələr abad şəklində,
Ürəklər qəm odilə hər zaman bərbad şəklində.
Hadinin bəşəri qayğı yönündə axtarışları göründüyü kimi, çağımız üçün olduqca aktualdır. Bəlaların nədən baş verdiyi Hadiyə gözəl aydındır. Bu dərdləri ilahi şair duyumuyla dilə gətirmək, məharətli ifadə etmək gözəlliyi yaşayır Hadinin insan-bəşər haraylı şeirlərində:
Ədalətlər nerdə, lakin zülmü-vəhşətlər həqiqətdir,
Hanı hürriyyət aləmdə, əsarətlər həqiqətdir.
Bütün əsrarımız qanlı, cinayətlər həqiqətdir,
Budur tarix meydanında hekayətlər, həqiqətdir.
Hadi zülmə, ədalətsizliyə qarşı üsyan edir. Əslində bəşərin bu duruma çatmasının kökündə onun məsuliyyətsizliyi dayanır. Bu gün dünyada bütün uğurlara baxmayaraq fərəhsizlik, sevincsizlik hökm sürür. Hadinin görümündə insan müsibətlərdən sıyrılıb səadətə çatmaq üçün özünü aramalı, içinə baş vurmalıdır. O zaman bu qanlı savaşlara da gərək qalmaz.
Hadi bəşərə münasibətində qətiyyən ümidsiz deyildi, o, çağının ardıcıl davam edən halsızlıqlarına qarşı hiddətli idi. Şair harayında insanlığa, insanlara dərin ümid var. Bu ümidin qaynağı isə Vətənə olan bitməz-tükənməz sevgisidir:
Ey Vətən! Ey pəriyi-vicdanım!
Səni sevmək deyilmi imanım?
Hadi millətin dərdini Mirzə Cəliil, Sabir kimi öz dərdi sanırdı. Sadəcə, bu dərdin ifadə çalarları fərqliydi:
...İmzasını qoymuş miləl övraqi-həyatə,
Yox millətimin xətti bu imzalər içində!
Hadinin ümidi ulusal düşüncə mədəniyyətimizin özülündəki bəşəri nikbinliyimizin ciddi soraqlarından biri kimi varlığımızı təsdiq edir:
Məyus olma, amandır,
Məyus olmaq yamandır.
Qorxaq diləksiz yaşar,
Millətim qəhrəmandır.
Şairin “Azərbaycan” qəzetinin 1919-cu il 23 aprel sayında çap olunmuş “Əsgərlərimizə, könüllülərimizə” şeirindəki inam hissi sabaha ümidini ifadə edirdi:
Qorxutmamalı bizləri yollardaki əngəl,
Məfkurəyə doğru yürü, qoş, durma, çapıq gəl!
Qoyma toxuna yurduna naməhrəm olan əl!
Amalımıza doğru şitaban olalım, gəl!
Millətlə Vətən rahinə qurban olalım, gəl!
Ə.Haqverdiyev “Mollanəsrəddin”çi” idi, M.Hadi “Füyuzat”çı. Dil-üslub fərqi hər birinin yaradıcılığında aydın görünür. Ə.Haqverdiyevdən fərqli olaraq M.Hadinin ömrü qısa oldu.
Hər ikisinin bir amalı vardı: Azərbaycanımızın varlığı üçün təmənnasız çalışmaq. Bu səbəbdən hər iki yaradıcı insanı ağlımızda, ürəyimizdə yaşatmaq mənəvi borcumuzdur. Ancaq yaşanmış səhvləri görmək, bilmək, anlamaq, aradan qaldırmaqla.
*** *** *** *** *** *** *** *** ***
İNAM ATA (ASİF ATA) İLƏ RUHSAL TƏMAS
İMKANSIZLIQDAN YARANAN İMKAN
Ürəyinizdə Ata Günəşı olsun!“İmkansızlıqdan yaranan imkan” İnam Atanın möhtəşəm içsəslərindəndir. Burada Atanın misilsiz əsəri olan Ocağının dünyalığın, həyatlığın, insanilığın mahiyyətini ifadə etməsi vurğulanır.
İşıqlı Atalı: - Mütləqim, Ocağımız imkansızlıqdan yaranlb. Bu halı Atamız necə ifadə edərdi?
İnam Ata: - Təzahür keçicidir. Onun imkanları məhduddur. Onun imkanları əsasında İnsaniliyə çatmaq olmaz. Onun imkanları əsasında fəlsəfə yaratmaq olar azdan-çoxdan, siyasət yaratmaq olar, elm də yaratmaq olar. Ancaq onun səviyyəsində İnam yaratmaq olmaz, Ocaq yaratmaq olmaz. Bu gün bizim yaşadığımız zaman, həyat, Atanın, Evladların ətrafında cərəyan edən hadisələr, onun məhdudiyyəti, qanunları, böyüklüyü, kiçikliyi, onun imkanları əsasında Ocaq yaranmazdı, İnam yaranmazdı. Elm yaranardı, siyasət yaranardı. Ata yaranmazdı. Alim yaranardı, yazıçı yaranardı. İnam Peyğəmbəri yaranmazdı. Nədən yarandı? Hansı İmkansızlıqdan yarandı? Mahiyyət İmkanından! Məna İmkanından! Dünyanın Dünyadan artıq olan Mahiyyətindən, Həyatın Həyatdan artıq olan Mahiyyətindən! İnsanın İnsandan artıq olan Mahiyyətindən!
Həm də qədimliyimizdən! Bu, həmin cəhətdir: Zərdüştçülük İmkanından yarandı! Bütün əsrlərdən artıq olan, Bütöv olan, sığmayan! Ondan yarandı! Babəkilik İmkanından yarandı! Dədə Qorqudluq İmkanından yarandı! Nəsimilik-Nəimilik-Hürufilik imkanından yarandı! Füzulilik İmkanından yarandı! Muğam İmkanından yarandı! Saz İmkanından yarandı! Həm də onların hamısından üstün olan, hamısını birləşdirməyə qadir olan İnamın özündən yarandı! İnam İmkanından yarandı! İdrak İmkanından yarandı! Mənəviyyat İmkanından yarandı! İradə İmkanından yarandı! İnsanilik İmkanından yarandı! İmkansızlıqdan yarandı! İmkanı ötməkdən yarandı! Mənaya çatmaqdan yarandı! Mahiyyətə yetməkdən yarandı! Bu gündən üstün olan vaxtdan yarandı! Həyatdan üstün olmaqdan yarandı! Üstünlükdən yarandı! Bütün əsr, bütün zaman, bütün şəraitlər, bütün mühitlər, bütün cəmiyyət Ocağa qarşıydı! Heç bir yerdə, heç bir kitabda, heç bir proqramda Ocaq ideyası, Ocaq Gerçəkliyi yox idi. Ocaq ideyası və Ocaq Gerçəkliyi yaranmamışdı. Yarana da bilməzdi. Əksinə, din adlanan İnamsızlıq, Marksizm dini var idi. Heç bir ağılda, heç bir ürəkdə yer yox idi belə bir İmkana - Zahirdə də, Daxildə də. Daha doğrusu, zahiri daxillərdə də İmkan yox idi. Amma bu İmkan var idi, əsil, dərin Mahiyyətdə, daxili Mənada, İnsanilikdə ki, o Atada ifadə olundu, hamısı birləşdi və Atanı yıxmadı bu Yük. Ata bu Yükə qovuşdu, Yüklə bir oldu! Sonra Evladlar gəldi. Beləliklə də İmkansızlıqdan İmkan yarandı! Möcüzə baş verdi. Bu möcüzəni İnsanilik adlanan Əzəli, Əbədi, Sonsuz, Kamil Mahiyyət və Məna yaratdı! Biz İnsanilikdən doğulduq ki, İnsaniliyi Dünyada bərqərar edək.
İşıqlı Atalı: - Atamız var olsun!
İnam Ata: - Qaranlıqlar yarılsın! Yükümüzdən böyük Fərəhimiz yoxdur!
Mütləq Atayla Ruhani Təması yazdı: İşıqlı Atalı.
29 Qismət günü, Ata ayı, 17-ci il. Bakı (29 sentyabr, 1995-ci il)