Netanyahudan şok iddia: “Oğluma sui-qəsd edildi"


İsrailin Baş naziri Benyamin Netanyahu İranın oğullarından birinə sui-qəsd etməyə cəhd etdiyini iddia edib.

Turkustan.az xəbər verir ki, Netanyahu İsrailin “Kanal 14” televiziyasının hərbi müxbiri Noam Amir ilə telefon danışığı zamanı siyasi və təhlükəsizlik məsələlərinə dair sualları cavablandırıb.

O, İranın oğullarından birini hədəf aldığını və onu öldürməyə cəhd etdiyini bildirib. Netanyahu hansı oğlunun hədəfə alındığını, sui-qəsd cəhdinin nə vaxt və hansı şəraitdə baş verdiyini açıqlamayıb.

İsraildə qarşıdan gələn seçkilər ərəfəsində keçirilən rəy sorğularında dəstəyinin azaldığı bildirilən Netanyahu seçiciləri kiçik sağçı partiyalara səs verməməyə çağırıb.

Baş nazir həmçinin seçkilərdən əvvəl Suriyaya endirilən zərbələrin siyasi motiv daşımadığını bildirib.

“Yedioth Ahronoth” qəzeti isə Netanyahunun açıqladığı sui-qəsd cəhdi ilə bağlı məlumatın aylardır hərbi senzura və yayım qadağası altında olduğunu yazıb. Qəzet onun bu məlumatı canlı televiziya yayımında açıqlamasına diqqət çəkib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ