Bu hərbçilər pensiya ala bilməyəcək? - İddialar CAVABSIZ qaldı


Son günlər hərbi qulluqçuların xidmət müddəti, yaş həddi, əməkhaqqı, əlavə ödənişləri və pensiya təminatı ilə bağlı bir sıra iddialar yayılıb.

Turkustan.az Bakıvaxtı.az-a istinadən xəbər verir ki, iddialarda 2011-ci il və ondan əvvəl məzun olan hərbi qulluqçular üçün 25 illik xidmət müddətinin saxlanılacağı, 17 il və daha çox xidmət edən şəxslərə isə yeni qaydaların şamil olunmayacağı iddia edilir.

Bundan başqa, polkovniklər üçün məcburi xidmət yaşının 53, digər hərbi qulluqçular üçün isə 48 yaş müəyyən ediləcəyi bildirilir. İddialara görə, xidmətdən vaxtından əvvəl ayrılan hərbi qulluqçuların pensiya hüququ müvafiq yaş həddinə çatdıqdan sonra yaranacaq.

Yayılan məlumatlarda hərbi qulluqçuların əməkhaqqı və əlavə ödənişləri ilə bağlı da dəyişikliklərin olacağı qeyd edilir. Belə ki, 13-cü və 14-cü maaş, məzuniyyət pulu, maddi yardım, 20 faizlik əlavə və digər ödənişlərin ləğv ediləcəyi, məharət dərəcələrinə görə verilən əlavələrin faizinin isə azaldılacağı iddia olunur.

Həmçinin dəyişikliklərin 2026-cı il oktyabrın 1-dən qüvvəyə minəcəyi barədə məlumatlar yayılıb.

Pensiyada olan hərbi qulluqçuların təminatı ilə bağlı da iddialar səsləndirilir. Bildirilir ki, pensiyaların artırılması mexanizmi dəyişdirilə və gələcək artımlar bütün hərbi pensiyaçılar üçün eyni məbləğdə müəyyən edilə bilər.

Qeyd edək ki, hərbi qulluqçuların xidmət müddəti və pensiya təminatı ilə bağlı dəyişikliklər daha əvvəl də müzakirə olunub. 2023-cü ildə parlamentdə təqdim edilən qanun layihəsində bəzi hərbi qulluqçular üçün xidmətin son yaş həddinin 45-dən 48-ə, hərbi qulluqçu kimi pensiyaya çıxmaq üçün minimum xidmət müddətinin isə 20 ildən 25 təqvim ilinə artırılması təklif edilmişdi.

Bakıvaxtı.az yayılan son məlumatların hüquqi əsasını və hazırda belə dəyişikliklərin hazırlanıb-hazırlanmadığını dəqiqləşdirmək üçün Müdafiə Nazirliyinə sorğu göndərib.

Sorğuda hərbi qulluqçuların xidmət müddəti, yaş həddi, əməkhaqqı, əlavə ödənişləri və pensiya təminatı ilə bağlı hər hansı dəyişikliklərin nəzərdə tutulub-tutulmadığı, həmçinin 2026-cı il oktyabrın 1-dən bu dəyişikliklərin qüvvəyə minməsi ilə bağlı qərar, əmr və ya digər normativ sənədin olub-olmadığı soruşulub.

Lakin Müdafiə Nazirliyindən sorğuya cavab verilməyib.

Hazırda qeyd olunan məlumatların rəsmi təsdiqi yoxdur. Nazirliyin mövqeyi açıqlanacağı təqdirdə Bakıvaxtı.az oxucularına təqdim edəcək.


MANŞET XƏBƏRLƏRİ