ABŞ Suriyanı terror siyahısından çıxardı: Şaradan ilk açıqlama


Suriya Prezidenti Əhməd əş-Şara ABŞ-ın ölkəni “terrorizmi dəstəkləyən dövlətlər” siyahısından çıxarmasından sonra Suriyanın inkişaf və yenidənqurma mərhələsinə qədəm qoyduğunu bildirib.

Turkustan.az xəbər verir ki, Şara ABŞ-da yerləşən “X” sosial şəbəkəsində paylaşım edərək Suriyanın “ağrılı keçmişindən çıxaraq inkişaf və yenidənqurma yoluna qədəm qoyduğunu” qeyd edib.

O, sanksiyaların ləğvi və məhdudiyyətlərin aradan qaldırılmasını Suriya xalqı üçün mühüm nailiyyət kimi qiymətləndirib.

“Suriya xalqı sanksiyaların qaldırılması və məhdudiyyətlərin sona çatması ilə bir daha mühüm uğur əldə etdi. Uca Tanrıdan sizə xidmət etmək üçün bizə güc verməsini diləyirəm”, – Şara bildirib.

Suriya Prezidenti ABŞ Prezidenti Donald Trampa, eləcə də Suriyanın yanında olan və ölkəyə dəstək verən bütün dövlətlərə təşəkkür edib.

ABŞ Maliyyə Nazirliyi Suriyanın rəsmi olaraq “terrorizmi dəstəkləyən dövlətlər” siyahısından çıxarıldığını açıqlayıb. Vaşinqton 1979-cu ildə Suriyanı həmin siyahıya daxil etmişdi.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ