XIX əsrdə rus işğalına qarşı Quba üsyanları


Rövşən Yerfi

Rus imperiyasının Azərbaycana basqısı, işğalı ilk növbədə şimaldan, Dərbənd-Quba bölgəsindən başlayıb. Çar məmurlarının özbaşınalığı, amansız vəhşilikləri ilə hamıdan tez buranın azadlıqsevər əhalisi üzləşmişdir. Ağır vergi yükü, torpaqların əllərindən alınması, onlara qulluq edən yerli feodalların zülmü və dini, milli hisslərin mütəmadi təhqir edilməsi bu ərazini tarix boyu üsyanlar bölgəsinə çevirmişdir. XIX əsrin əvvəllərindən XX əsrin əvvəllərinə qədər – yüz ildən çox dövrdə dəfələrlə müstəmləkə zülmünə qarşı mübarizə əzmini göstərən xalq hərəkatları böyük üsyanların baş verməsinə səbəb olmuşdur. 1806-1810, 1811, 1826, 1837, 1877 və 1920-ci il üsyanları bu qəbildəndir. Qeyd edilən Quba üsyanları Azərbaycanın çarizm və bolşevik rejimi dövründə müstəmləkə zülmünə qarşı mübarizə tarixinin mühüm səhifələrindən hesab olunur.

İlk üsyan xanlığın işğalına qarşı Quba xanı Şeyxəli xanın başçılığı ilə 1806-cı ildən 1810-cu ilədək davam etdi. 1811-ci ildə xanın müttəfiqlərinin və yerli əhalinin dəstəyi ilə xanlığın bərpasına yönəlmiş yeni bir cəhd göstərilmişdi.

Azərbaycan Dövlət Tarix Arxivinin “Bakı şəhər dairə məhkəməsi”, “Bakı qubernatorunun dəftərxanası”, “Quba komendantının idarəsi” və “Quba qəzası polis idarəsi” fondlarında araşdırmalar apararkən, daha çox 1826, 1837 və 1877-ci illər üsyanları ilə bağlı onlarla saxlama vahidləri ilə rastlaşmaq mümkündür. Belə ki, bu sənədlərdə əsasən çar hakimiyyətinə və onlara qulluq edən bəy-mülkədarlara qarşı kəndli üsyanları zamanı mülkləri dağılmış sakinlərin sorgu-sual materialları - ərizələr, protokollar, raportlar, alınmış ifadələr toplanılmışdır.

1826-cı il üsyanı tarixi mənbələrə istinadən 18 sentyabrda üsyançıların Quba qalasını mühasirəsi ilə başlamışdır. Üsyana Şeyxəli xanın Ərdəbildən gəlmiş 19 yaşlı oğlu rəhbərlik edirdi. Şəhər on gün ərzində mühasirədə qalmışdı. Sonra rus qoşunları mühasirəni yarmağa nail olmuşlar. Oktyabrın 13-də böyük itkilər verən üsyançılar ağır məğlubiyyətə uğradılar. Məğlub üsyançıların bir xeylisi Qacarlar dövlətinə qaçmış, əsir düşənlər isə uzaq Sibirə sürgün edilmişlıər. 1819-1837-ci illərə aid olan “Quba komendantının idarəsi” fondunda ölkədən qaçanların və sürgün edilənlərin siyahıları, onların əmlaklarının müsadirəsi sənədləri saxlanılmaqdadır.

1837-cü ildə çar üsul-idarəsinə və yerli feodalların zülmünə qarşı Hacı Məhəmməd və Yarəlinin rəhbərliyi ilə növbəti bir güclü xalq üsyanı baş verdi. Başlama bəhanəsi Varşavadakı müsəlman süvari alayına atlıların toplanması xəbərinin yayılması oldu. Əgər 1826-cı ildəki üsyanda aparıcı qüvvə Şeyxəli xanın tərəfdarları idisə, bu dəfə fəallıq ləzgilər tərəfindən idi. Şeyx Şamil hərəkatının qızğın çağında baş verən üsyan iki mindən çox əhalini, Quba, Dərbənd, Dağıstan kəndlərinin çoxunu əhatələmişdi. Yatırıldıqdan sonra hökumət hərəkatın iştirakçılarına divan tutdu. Bu üsyan miqyas və mahiyyətinə görə özündən əvvəlki və sonrakı üsyanlardan müəyyən mənada fərqlənmiş, çar rejimini Azərbaycana və azərbaycanlılara münasibətdə yanıldıqlarını etiraf etməyə və bir sıra ciddi islahatlar aparmağa məcbur etmişdi.

Dövlət Tarix Arxivinin saxlama vahidlərindəki üsyançıların, həmdə üsyandan zərər çəkənlərin şikayət ərizələri, izahatlar, Quba komendantlığının və digər çar məmurlarının, hərbi dairə rəislərinin üsyanın miqyası, üsyançıların sayı barədə, çar idarəçiliyinə qarçı qiyama çağırışlar haqqında mərkəzə göndərdikləri gizli raportlar, məxfi yazışmalar 1837-ci il üsyanının mahiyyətini dərk etmək baxımdan olduqca əhəmiyyətlidir. Baş vermiş bir çox zorakılıqların gedişatında olan sayaq üsyançıların istintaqında da müstəntiqlər arasında erməni soyadlarını görmək təəccüblü deyil.

1877-1878-ci illər Rusiya-Osmanlı müharibəsinin başlaması Qafqazda, o cümlədən Qubada gərginliyi artırdı. Çar hökumətinin yerli əhalidən müharibə ehtiyacları üçün əlavə vergilər yığması və xüsusi suvari alayları təşkil etmək cəhdləri xalqın kəskin etirazına səbəb oldu.

Üsyan 1877-ci ilin ortalarından payıza qədər davam etmişdir. Dağıstan və Dərbənddəki azadlıq hərəkatları ilə sinxron şəkildə alovlanan bu çıxışlar qısa müddətdə bütün Quba qəzasını bürüdü. Kəndlilər çar məmurlarına tabe olmaqdan imtina edərək silahlı müqavimət göstərdilər. Xınalıq dərəsindən Həzrə, İqriq, Yalamayadək əraziyə yayılan bu dəfəki üsyana imperiya ordusunda xidmət etmiş zabitlər və ya hərbi təcrübəli şəxslər rəhbərlik edirdilər.

Müntəzəm qaydada rus qoşunları Qubaya yeridilərək hərəkat qəddarlıqla yatırıldı. Cəza tədbirləri çərçivəsində üsyanda fəal iştirak edən 13 kənddə kütləvi axtarışlar aparıldı və yüzlərlə yerli sakin həbs edilərək sürgün olundu.

Üsyan yatırıldıqdan sonra çar hökuməti bölgədə nəzarəti gücləndirmək üçün Qafqazda silahgəzdirməni qanunla qadağan etdi. Bu hadisədən sonra Quba qəzasında təxminən yarım əsr ərzində (qaçaq hərəkatları istisna olmaqla) geniş miqyaslı kütləvi siyasi çıxışlar qeydə alınmadı.

Azərbaycanın azadlıq tarixində xüsusi yer tutan bu üsyanların demək olar ki, hamısı eyni daxili və xarici amillərə görə məğlub olmuşdur. Hərbi qeyri-bərabərlik (nizami ordu ilə qarşılaşan pis silahlanmış üsyançılar), vahid mərkəzin, koordinasiyanın olmaması, öz kəndlərini müdafiə etməklə kifayətlənmələri, xarici köməyin olmaması (Şimali Qafqazdan və yaxud Osmanlı imperiyasından) və nəhayət çar hökumətinə satılmış, dönük yerli feodalların xəyanəti – o dövrün indiki zamanla desək “beşinci kalonu”… Ruslara, işğalçılara arxalanan yerli milis dəstələri çox vaxt üsyançı xalqa qarşı vuruşurdu.

Üsyanların tarixi əhəmiyyətinə gəlincə, ilk növbədə müstəmləkəçiliyə zərbə vurdu. İmperiya bu torpaqlarda tam rahat yerləşə bilməyəcəyini anladı. İdarəçilikdə yeniliklər baş verdi. Çar hökuməti əhalinin narazılığını yatırtmaq üçün komendant idarə üsulunu ləğv etdi və aqrar siyasətinə dəyişiklik etməyə məcbur oldu. Ən əsası isə milli azadlıq ruhu yüksəldi, Quba üsyanları xalqın yaddaşında silinməz iz qoydu.

Medianın İnkişafı Agentliyi — Vikipediya

Media istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

QEYD: Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunur


MANŞET XƏBƏRLƏRİ