Naxçıvanın yeni zamanı


Əkbər QOŞALI

Naxçıvanın tarixində çox zaman sərhəd anlayışı üstün olub.
İndi isə qovşaq anlayışı önə çıxır.

Bir vaxt Naxçıvanın coğrafi mövqeyi onun çətinliyi idi.
İndi həmin coğrafiya onun sərvətinə çevrilir.

Bir vaxt əsas məsələ Naxçıvanın Azərbaycanın əsas hissəsi ilə birbaşa bağlantısının olmaması idi.
İndi məsələ Naxçıvan üzərindən neçə ölkənin, neçə dəhlizin, neçə enerji xəttinin bir-birinə bağlanacağıdır.

Bir vaxt Naxçıvan blokadanın coğrafiyası kimi təqdim edilirdi.
Gələcəyin Naxçıvanı isə bağlantıların coğrafiyası olmağa doğru gedir.

Uca Tanrımıza şükürlər olsun, burada çox gözəl bir tarixi anlam doğur. Bildiyimiz kimi,
Naxçıvan sözünün ən ünlü yozumlarından biri “Nuhçıxan” – Nuhun çıxdığı yer anlayışı ilə bağlıdır.
Əfsanənin dili ilə desək, tufandan sonra insanlığın yenidən yola çıxdığı məkan…
Bugünkü siyasi-iqtisadi gerçəkliyin dili ilə isə Naxçıvan yenə yolların açıldığı, yolların qovuşduğu, yolların dünyaya çıxdığı bir məkan olmağa hazırlaşır.
Əlbəttə, Erməni Apostol Kilsəsinin Moskvada (Olimpiyski prospekti–Trifonovskaya küçəsi) 1996–2011-ci illərdə tikilmiş, 2013-cü ildə rəsmi açılışı olmuş “Yeni Naxçıvan” adlı qurama mədəniyyət və dini mərkəzini (Ново-Нахичеванская и Российская епархия Армянской Апостольской Церкви) açanlar, açdıranlar da qatarın ötüb-keçdiyini fərq etməyə məcburdur…

Bəli, Prezidentin Naxçıvana səfəri Azərbaycanın bir sıra bölgələrinə səfərlərindən fərqli rezonans doğurur.
Çünki dövlət başçısı Naxçıvana gedəndə yalnız Azərbaycanın bir bölgəsinə getmir; Azərbaycanın tarixi yaddaşının, dövlət sərhədinin, Türk dünyasına açılan qapısının və Avrasiyanın gələcək yükdaşıma xəritəsinin kəsişdiyi nöqtəyə gedir.

Naxçıvan Azərbaycanın ayrılmaz parçasıdır.
Ancaq onun gələcək rolu Azərbaycanın sərhədlərindən daha genişdir.

Dünən Naxçıvanı coğrafiya Azərbaycandan ayrı salmışdı.
Bu gün Azərbaycan siyasəti coğrafiyanın hökmünü dəyişir.

Sabah isə həmin Naxçıvan Azərbaycanı yeni yollarla dünyaya daha sıx bağlayan əsas qovşaqlardan biri olacaq.

Naxçıvan artıq yolun sonu olmaqdan çıxıb; Naxçıvan – yeni yolların başlanğıcındadır.

DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!


MANŞET XƏBƏRLƏRİ