İsrail hökuməti qondarma “erməni soyqırımı”nın tanınması ilə bağlı rəsmi prosedurları dondurub.
Məlum olduğu kimi, iyunun 28-də İsrail hökuməti xarici işlər naziri Gideon Saarın təşəbbüsünü dəstəkləyərək Birinci Dünya müharibəsi illərində Osmanlı imperiyasında baş verən hadisələrin “erməni soyqırımı” kimi tanınması məsələsini gündəmə gətirmişdi.
Təl-Əvivin bu addımı Türkiyəyə qarşı yönəlsə də, hadisə rəsmi Bakının heç də xoşuna gəlmədi. Azərbaycan Xarici İşlər Nazirliyi vurğulamışdı ki, bu cür addımlar barışığa və qarşılıqlı anlaşmaya xidmət etmir, əksinə, mövcud ziddiyyətləri daha da dərinləşdirir və regionda davamlı sülh səylərinə mane olur. Bakı həmçinin İsrail hökumətini bu qərara yenidən baxmağa çağırmışdı.
Ən diqqətçəkən məqam isə rəsmi Bakının İsraildəki səfirini geri çağırmasına dair yayılan məlumatlar idi. Düzdür, səfirin həqiqətən geri çağırılıb-çağırılmadığı və ya çağırılıbsa, hansı məqsədlə geri çağırıldığı tam bəlli olmasa da, iddialara görə, Bakının bu hadisə ilə ələdər belə bir addım atdığı deyilir.
Azərbaycan 2010-cu ildə baş vermiş “Mavi Mərmərə” hadisələrindən bu günə qədər İsrail və Türkiyə arasında münasibətlərin normallaşması üçün əlindən gələni edir. Hətta ABŞ-ın vitse-prezidenti Cey Di Vens Bakıda Prezident İlham Əliyevlə birgə bəyanatla çıxış edərkən bildirmişdi ki, Azərbaycan Prezidenti ABŞ Prezidenti Donald Trampla yanaşı, həm Türkiyə, həm də İsraillə həqiqətən yaxşı münasibətləri olan yeganə dünya lideridir.
Lakin bir reallıq da var ki, ildən-ilə Ankara ilə Təl-Əviv arasında gərginliyi aradan qaldırmaq, tərəfləri uzlaşdırmaq olduqca çətinləşir. Hər iki tərəfin verdiyi qərarlar mütləq şəkildə Bakıya təsir edir. Məsələn, Türkiyənin İsrail Prezidenti İsaak Hersoqun təyyarəsinin öz hava məkanından istifadəsinə icazə verməməsi səbəbindən o, COP29 tədbiri ilə bağlı Azərbaycana gələ bilmədi. Həmin vaxt bu hadisə də Bakının heç xoşuna gəlməmişdi. İsrail tərəfinin Birinci Dünya müharibəsi illərində Osmanlı imperiyasında baş verən hadisələri “erməni soyqırımı” kimi tanımaq təşəbbüsü də eyni şəkildə Bakı-İrəvan sülh danışıqlarına zərbə vuracaq mahiyyət daşıyırdı.
Bununla belə, rəsmi Bakı strateji tərəfdaşı və müttəfiqinin siyasi şıltaqlıqlarına praqmatik və ustalıqla qurulmuş diplomatik həmlələrlə cavab verir. Düzdür, Bakı üçün Türkiyə və İsrail heç də eyni ölkələr deyil. Lakin biri digərindən az əhəmiyyətli də deyil.
Əslində, mühüm olan tərəf İsrailin Azərbaycana verdiyi əhəmiyyətdir. Təl-Əviv üçün Bakı sadəcə strateji tərəfdaş deyil, həm də türk-islam coğrafiyasında özünü qəbul etdirməyin və legitimlik qazanmağın mühüm vasitəsidir. Yəni Bakı ilə münasibətlərin inkişafı digər türk və müsəlman ölkələri ilə təmasların qurulması və genişləndirilməsi baxımından vacibdir. Digər tərəfdən, Təl-Əviv İranla rəqabət fonunda Azərbaycan kimi strateji ölkəni itirməyi gözə ala bilməz. Azərbaycan İran-İsrail gərginliyində konkret tərəf olmasa da, hər zaman alternativ danışıqlar üçün açıq qapıdır.
Həmçinin İranın Azərbaycanla sərt ritorikada danışdığı dövrlərdə Bakının Tehrana tutarlı cavab verməsi və İsrailin yanında görünməsi eyni prosesin İsraillə gərginlik zamanı da baş verə biləcəyinə dair mesajdır. Prinsip etibarilə, Bakı son situasiyada İsrailə sərt ritorika ilə etiraz etməsə də, davranışı ilə prosesdən narahat olduğunu və müttəfiqini dəstəklədiyini nümayiş etdirdi.
Bundan sonra da Bakı Türkiyə-İsrail və İran-İsrail münasibətlərində həm alternativ vasitəçi, həm də balansı qoruyan ölkə olaraq qalacaq. Lakin istər müttəfiqimiz olsun, istər strateji tərəfdaşımız, istərsə də qonşumuz – fərqi yoxdur. Azərbaycan heç bir zaman haqsız olan tərəfin yanında olmaz. Ən önəmlisi isə odur ki, milli maraqlarımıza uyğun gəlməyən siyasi situasiyalarda birbaşa tərəf kimi çıxış etməz.

Turan Rzayev
Globalinfo.az