Məlum olduğu kimi, Ermənistanın keçmiş prezidenti Robert Köçəryan və oğlu Sedrak Köçəryan saxlanılıb. Onlar Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsinə aparılıb.
Komitənin açıqlamasında bildirilir ki, araşdırılan cinayət işi çərçivəsində müəyyən faktlar əldə edilib. İstintaqın versiyasına görə, Ermənistan prezidenti vəzifəsində olmuş şəxs ona yaxın şəxslərlə əvvəlcədən razılaşaraq vəzifə səlahiyyətlərindən istifadə edib.
Robert Köçəryan Birinci Qarabağ müharibəsi zamanı Azərbaycana qarşı qanunsuz hərbi hücumlarda iştirak edib, terrorçuluqla məşğul olub. Xüsusilə də Xocalı soyqırımının “memarlarından” biri kimi tanınır. Bəs onun Azərbaycana təhvil verilməsi mümkündürmü?
Globalinfo.az-a danışan vəkil Mehman Muradlı deyib ki, Xocalı soyqırımı ilə bağlı kifayət qədər böyük həcmli cinayət işi var:
“Köçəryanın adı da son məhkəmə proseslərində bu məsələlərlə bağlı dəfələrlə hallanıb. Köçəryanla bağlı hər hansı cinayət işinin olub-olmaması mənə məlum deyil. Amma məhkəmə prosesində Köçəryanla bağlı ifadələr var. Burada həm təqsirləndirilən şəxslərin, həm də zərərçəkmiş şəxslərin ifadələri mövcuddur. Əgər həmin ifadələr əsasında Köçəryanın cinayət məsuliyyətinə cəlb olunması üçün əsaslar varsa, bunlar toplanaraq yenidən cinayət işi başlana bilər. İndi Azərbaycanla Ermənistan arasında müharibə olmasa da, konkret olaraq sülh sazişi də yoxdur”.

Azərbaycan tərəfindən Köçəryanın təhvil verilməsi ilə bağlı Ermənistana hansı formada təklif irəli sürülməsi məsələsinə gəldikdə isə, vəkil bildirib ki, bu, hər halda beynəlxalq praktikada sülh sazişi olmayan ölkələr arasında olan məsələdir:
“Hesab etmirəm ki, Ermənistan Köçəryanı Azərbaycana təhvil verməyə razılaşar. Çünki o, Ermənistan prezidenti olub və eyni zamanda orada siyasi çəkisi olan şəxsdir. Fikrimcə, Ermənistan tərəfi, xüsusilə də Paşinyan Köçəryanın Azərbaycana təhvil verilməsi məsələsində müəyyən siyasi və hüquqi çətinliklərdən çəkinər”.