“Ermənistan Avropa İttifaqına üzvlük məsələsi ilə bağlı referendumun keçirilməsinə hazırlığa başlamağı planlaşdırır”.
Bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan parlamentin iclasında danışıb.
Onun sözlərinə görə, Avropa İttifaqına üzvlüklə bağlı referendum quruma ərizə təqdim edildikdən, müvafiq reaksiya alındıqdan və prosesin “yol xəritəsi” razılaşdırıldıqdan sonra keçiriləcək:
“Referendumun təşkil edilməsi üçün Ermənistan Aİ-yə üzvlüklə bağlı rəsmi ərizə ilə müraciət etməlidir. Bu, böyük iş tələb edən prosesdir və yaxın gələcəkdə, xüsusən də Avrasiya İqtisadi İttifaqındakı həmkarlarımızın çağırışlarına qulaq asaraq, bu prosesə başlayacağıq”.
Qeyd edək ki, Ermənistanda yaxın aylarda yeni konstitusiyanın qəbulu ilə bağlı referendumun keçirilməsi gözlənilir. Avqustun 24-də Nikol Paşinyan bu barədə açıqlama verib. Bu isə cari ilin sonuna qədər konstitusiya layihəsinin ümumxalq səsverməsinə çıxarılacağını deməyə əsas yaradır.
Yəni Paşinyan Rusiyanın Avropa İttifaqı və Avrasiya İqtisadi İttifaqı arasında seçim etməklə bağlı referendum keçirmək tələbini yeni konstitusiyanın mətninə daxil edə bilər.
Artıq bunu reallaşdırmaq üçün Ermənistan hakimiyyəti əlində ilkin hüquqi baza var. 2025-ci il martın 26-da parlamentdə “Ermənistanın Avropa İttifaqına Üzvlük Prosesinin Başlanılması Haqqında” Qanun qəbul olunub.
Ermənistan Avrointeqrasiya istiqamətində bir sıra hüquqi öhdəlikləri yerinə yetirib. Avropa İttifaqı Ermənistandan Assosiasiya Sazişini imzalamağı tələb edir. Bu baxımdan, Nikol Paşinyanın qeyd edilən açıqlaması əslində, Rusiyaya yönəlik təzyiq mesajı kimi başa düşülə bilər.
Yəni Paşinyan Ermənistan məhsullarının Rusiyaya idxalına tətbiq edilən qadağalar ləğv edilməsə, yaxın aylarda Avropa İttifaqına üzvlüklə bağlı Brüsselə ərizə ilə müraciət edəcəyi ilə təhdid edir.
Dolayısı ilə Ermənistanın Baş naziri Rusiyanı öz silahı ilə vurmağa çalışır. Ermənistanın Avropa İttifaqına üzvlük məsələsi yeni konstitusiyanın mətninə daxil edilərsə, təbii ki, referendumda qəbul olunacaq. Bu isə Ermənistanın Avrasiya İqtisadi İttifaqı, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı və Müstəqil Dövlətlər Birliyi kimi qurumlardan çıxması deməkdir.
Rusiya problemin bu qədər dərinləşməsində və Ermənistanın Qərbin geosiyasi orbitinə düşməsində maraqlı deyil. Çünki Ermənistanın Rusiyanın moderatorluq etdiyi təşkilardanm çıxması və Avrointeqrasiya kursunu seçməsi geridönməz prosesə çevriləcək.
Lakin Ermənistan Avropa İttifaqına üzvlük məsələsini Gürcüstan, Moldova və Ukrayna təcrübəsində olduğu kimi, konstitusiyaya daxil edəcəyi təqdirdə, Rusiya ilə münasibətlər qarşıdurma mərhələsinə daxil olacaq.
İlk növbədə, Avrasiya İqtisadi İttifaqından çıxmaq Ermənistanın bu birlik çərçivəsində həyata keçirilən bütün ticarət əməliyyatlarında tətbiq edilən sadələşdirilmiş gömrük rüsumlarının dayandırılmasına səbəb olacaq.
Üstəlik, Ermənistanın ixrac etdiyi mal və məhsulların Aİİ zonasına daxil olması ciddi problemlərlə üzləşəcək. Referendumun noyabr-dekabr aylarına keçiriləcəyi nəzərdə tutulduğunu nəzərə alsaq, Ermənistan üçün əsas təhlükələrdən biri qış aylarında yarana bilər.
Belə ki, Avropa İttifaqına üzvlük məsələsi konstitusiyaya daxil ediləcəyi halda, Rusiyanın Ermənistana satdığı təbii qazın qiymətini 177 dollardan 600 dollara qədər artıracağı ilə hədələyir.
Hətta təziyiq məqsədilə Rusiya müxtəlif bəhanələrlə “mavi yanacağın” nəqlini dayandıra da bilər. Bu isə yüksək dağlıq relyefə və soyuq iqlimə malik Ermənistanda ciddi enerji çatışmazlığının yaranması deməkdir.
Rusiya da bundan istifadə edərək Ermənistan əhalisi arasında narazılığın artmasına, Paşinyan hakimiyyətinin devrilməsi üçün etiraz aksiyalarının baş qaldırmasına dəstək verə bilər.
Yəni payız ayları Rusiya və Qərb arasında Ermənistanda geosiyasi qarşıdurmanın daha gərgin mərhələyə daxil olacağı gözlənilir. Eyni zamanda, Ermənistan və Rusiya arasında kompromis imkanlar hələ tükənməyib.
Böyük ehtimalla, Kreml Ermənistan məhsullarına qoyulan embarqoları ləğv edərsə, Paşinyan da Avropa İttifaqına üzvlük məsələsini konstitusiyanın mətninə daxil etmək planını təxirə sala bilər. /Cebheinfo.az/