BƏƏ rəsmisi açıqladı: ABŞ-İran müharibəsində yeni mərhələ


BƏƏ Prezidentinin diplomatik müşaviri Ənvər Qarqaş ABŞ-İran münaqişəsinin yeni mərhələyə keçdiyini bildirib.

Turkustan.az xəbər verir ki, onun sözlərinə görə, münaqişədən çıxış yolu Körfəz ölkələrini hədəfə almaqdan deyil, gərginliyin azaldılması və siyasi həllin tapılması üçün bu dövlətlərlə əməkdaşlıqdan keçir.

Qarqaş “X” sosial şəbəkəsindəki paylaşımında bildirib ki, iqtisadi təzyiqin artması, Hörmüz boğazına nəzarət uğrunda mübarizənin sona çatması və anlaşma memorandumunun tamamlanması ABŞ-İran qarşıdurmasında yeni mərhələnin başlanmasına səbəb olub.

O, İranın Ərəb Körfəzi ölkələrinə hücumlarının Tehranın mövqeyini gücləndirmədiyini, əksinə, ölkənin onsuz da çətin vəziyyətini daha da ağırlaşdırdığını bildirib.

Qarqaşın sözlərinə görə, bu hücumlar İranın regionda təcridini dərinləşdirir və mövqeyini zəiflədir.

“Müharibədən çıxış yolu Körfəz ölkələrini hədəf almaq deyil, gərginliyi azaltmaq və siyasi həll yolu tapmaq üçün bu ölkələrlə əməkdaşlıq etməkdir”, – Qarqaş vurğulayıb.

Qeyd edək ki, İran ABŞ-ın hücumlarına cavab olaraq Körfəz ölkələrində yerləşən ABŞ hərbi bazalarını raket və pilotsuz uçuş aparatları ilə hədəfə alır.

Körfəz ölkələrindən, xüsusilə Küveyt və Bəhreyndən isə İranın hava hücumlarının qarşısının alındığı barədə açıqlamalar verilib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ