Kanada ABŞ-la davam edən ticarət münaqişəsi fonunda amerikalı məhsullara yeni əks-tariflər tətbiq edəcəyini açıqlayıb.
Turkustan.az xəbər verir ki, Kanada hökumətinin məlumatına görə, yeni tariflər sentyabrın 8-dən qüvvəyə minəcək. Əks-tariflər ABŞ-ın Kanada məhsullarına tətbiq etdiyi tariflərə uyğun olaraq 15%, 25% və 50% səviyyəsində olacaq.
Yeni tədbirlər ABŞ-dan Kanadaya idxal edilən ümumilikdə 27,6 milyard Kanada dolları dəyərində məhsulu əhatə edəcək. Siyahıya metallar, süd məhsulları, məişət texnikası, kənd təsərrüfatı avadanlıqları, kağız, sellüloz və elektronika daxildir.
Kanada hökuməti eyni zamanda ABŞ tariflərindən zərər görən yerli şirkət və işçilərə dəstək məqsədilə 7,5 milyard Kanada dolları (təxminən 5,8 milyard ABŞ dolları) həcmində yardım paketi elan edib.
Ottavanın bu addımı ABŞ Prezidenti Donald Trampın Kanada məhsullarına tətbiq etdiyi tariflər fonunda iki ölkə arasında artan ticarət gərginliyini daha da dərinləşdirə bilər.
Aytən Yaşar/ Turkustan.az