Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Əhlatda keçirilən tədbirdə çıxış edərək ölkənin terrorizmdən azad edilməsi istiqamətində həyata keçirilən prosesin davam etdiriləcəyini bildirib.
Turkustan.az xəbər verir ki, Ərdoğan bu prosesdən narahat olan qüvvələrə mesaj göndərərək Türkiyənin müəyyən etdiyi hədəflərdən geri çəkilməyəcəyini vurğulayıb.
“Bunun kimləri narahat etdiyini və kimlərin təşvişə düşdüyünü bilirik. Nə etsəniz də, bizi yolumuzdan döndərə bilməzsiniz”, – deyə, Ərdoğan bildirib.
Prezident İsrailin Suriyadakı hücumlarına da toxunaraq bölgədəki vəziyyətlə bağlı sərt açıqlamalar verib.
“Bölgəmizə uzanan çirkli əlləri çox yaxşı bilirik. Hər kəsin öz gündəliyi varsa, bizim də öz gündəliyimiz və planımız var. Ən əsası isə Uca Allahın bir planı var. Bu plan qalib gələcək. Qan tacirləri və soyqırım törədənlər uduzacaq, qardaşlıq, sülh və sabitlik qalib gələcək”, – Ərdoğan deyib.
Ərdoğan Türkiyənin gələcəyinə dair nikbin fikirlər səsləndirərək ölkənin qarşıdakı dövrdə daha güclü mövqeyə sahib olacağını bildirib.
“Böyük və qüdrətli türk millətinin şəfəqi açıldı. Gələcəyimiz və üfüqlərimiz açıqdır”, – Türkiyə Prezidenti vurğulayıb.
Çıxışında milli birlik və həmrəyliyin əhəmiyyətinə də toxunan Ərdoğan Türkiyənin “min illik qardaşlığının” qorunmasının vacibliyini qeyd edib.
Aytən Yaşar/ Turkustan.az