Dünya gəncləri – bəşəriyyətin bu günü, gələcəyin memarları


Sevda Axundova
ADPU-nun nəzdində
Azərbaycan Dövlət Pedaqoji Kollecinin
direktor müavini

12 avqust – Beynəlxalq Gənclər Günüdür

Tarixin bütün dövrlərində gənclik cəmiyyətin yenilənən gücü, inkişafın aparıcı qüvvəsi və gələcəyə aparan ən etibarlı körpü hesab edilmişdir. Bütün böyük dəyişikliklərin, elmi kəşflərin, ictimai islahatların və mədəni yüksəlişlərin mərkəzində məhz gənclər dayanmışdır. Hər bir xalqın tərəqqisi onun gənc nəslinin təhsili, dünyagörüşü, vətənpərvərliyi və mənəvi dəyərlərə bağlılığı ilə ölçülür. Məhz buna görə də dünyanın inkişaf etmiş dövlətləri gənclərə yatırılan sərmayəni gələcəyə qoyulan ən dəyərli investisiya hesab edirlər.

Birləşmiş Millətlər Təşkilatı gəncləri cəmiyyətin davamlı inkişafının əsas hərəkətverici qüvvəsi kimi qiymətləndirir. Statistik məqsədlər üçün BMT gəncləri 15–24 yaş arasında olan insanlar kimi qəbul edir. Hazırda dünyada təxminən 1,2 milyard gənc yaşayır ki, bu da Yer kürəsi əhalisinin təxminən 16 faizini təşkil edir. Proqnozlara görə, 2030-cu ilə qədər bu rəqəm daha da artacaq və gənclərin sayı 1,3 milyarda yaxınlaşacaq.

Gənclərin beynəlxalq səviyyədə dəstəklənməsi istiqamətində mühüm addımlar ötən əsrin ikinci yarısından atılmağa başlanmışdır. 1965-ci ildə BMT Baş Assambleyası gənclər arasında sülh, qarşılıqlı hörmət və xalqlar arasında anlaşmanın təşviqi haqqında Bəyannaməni qəbul etdi. Sonrakı illərdə təşkilat gənclərin inkişafı, cəmiyyət həyatında iştirakı və sülhün möhkəmləndirilməsi istiqamətində ardıcıl proqramlar həyata keçirdi. 1985-ci il "Beynəlxalq Gənclər İli" elan olundu və bu tarixdən sonra dünya dövlətlərində gənclərlə bağlı siyasətin formalaşdırılması yeni mərhələyə qədəm qoydu.

Dünya gənclərinin həyatında mühüm əhəmiyyət daşıyan tarixlərdən biri də 12 avqust – Beynəlxalq Gənclər Günüdür. Bu günün təsis edilməsi barədə qərar 1998-ci ilin avqustunda Portuqaliyanın Lissabon şəhərində keçirilən Gənclərlə İş üzrə Nazirlərin Dünya Konfransında qəbul edilmiş, daha sonra isə BMT Baş Assambleyasının 54/120 nömrəli qətnaməsi ilə təsdiqlənmişdir. İlk Beynəlxalq Gənclər Günü 2000-ci ildə qeyd edilmişdir. Həmin gündən etibarən hər il dünyanın müxtəlif ölkələrində gənclərin hüquqlarına, təhsilinə, məşğulluğuna, sağlamlığına və cəmiyyətin inkişafındakı roluna həsr olunmuş beynəlxalq tədbirlər keçirilir.

Azərbaycan da gənclərin inkişafını dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirmişdir. Təhsilin keyfiyyətinin yüksəldilməsi, beynəlxalq təhsil proqramları, könüllülük hərəkatının genişlənməsi, startap ekosisteminin inkişafı və gənclərin dövlət idarəçiliyində iştirakının artırılması bu siyasətin mühüm istiqamətləridir. Azərbaycanın gəncləri beynəlxalq olimpiadalarda, idman yarışlarında, elm müsabiqələrində və mədəni layihələrdə qazandıqları uğurlarla ölkəmizi layiqincə təmsil edirlər.

Bu gün gənclik təkcə yaş dövrü deyil, həm də böyük məsuliyyət, yaradıcılıq və yenilikçilik simvoludur. Hər bir gəncin qazandığı bilik, əldə etdiyi uğur və həyata keçirdiyi təşəbbüs bütövlükdə cəmiyyətin inkişafına xidmət edir. Dünyanın sabahı məhz bugünkü gənclərin düşüncəsi, biliyi və əməyi ilə formalaşacaq.

Ulu öndər Heydər Əliyevin "Gənclər bizim gələcəyimizdir" fikri bu gün də öz aktuallığını qoruyur. Bu ifadə yalnız bir çağırış deyil, həm də gələcəyə inamın və etimadın təcəssümüdür. Çünki güclü dövlətin, inkişaf etmiş cəmiyyətin və firavan gələcəyin əsas təminatçısı məhz savadlı, vətənpərvər, təşəbbüskar və məsuliyyətli gənclərdir.

Gənclik həyatın ən məhsuldar, ən enerjili və ən yaradıcı mərhələsidir. Bu enerjinin elmə, təhsilə, innovasiyaya, humanizmə və vətən sevgisinə yönəldilməsi isə yalnız ayrı-ayrı ölkələrin deyil, bütövlükdə bəşəriyyətin davamlı inkişafının başlıca şərtidir. Dünya dəyişir, texnologiyalar yenilənir, nəsillər əvəz olunur. Lakin dəyişməyən bir həqiqət var: gələcəyin taleyi həmişə gənclərin əlində olacaq.

Hər il avqustun 12-si dünyada Beynəlxalq Gənclər Günü kimi qeyd edilir. Bu qərar 1998-ci il avqustun 8–12-də Portuqaliyanın paytaxtı Lissabonda keçirilmiş gənclərlə iş üzrə nazirlərin beynəlxalq konfransında qəbul olunmuşdur.

Tarix boyu bütün xalqlar öz gələcəyini gənc nəslə etibar etmiş, cəmiyyətin inkişafını məhz onların üzərində qurmuşdur. Gənclərin sağlam düşüncəli, savadlı və vətənpərvər ruhda yetişdirilməsi hər bir dövlət üçün strateji əhəmiyyət daşıyır. Çünki ölkənin gələcək taleyi bugünkü gənclərin bilik və bacarığından, milli dəyərlərə bağlılığından asılıdır. Zaman keçdikcə nəsillər dəyişsə də, milli-mənəvi dəyərlər qorunmalı, hər bir vətəndaş ölkənin tərəqqisinə öz töhfəsini verməlidir.

Vətənə bağlı, yüksək vətəndaşlıq məsuliyyətinə malik gənclərin yetişdirilməsi dövlətin inkişafının əsas təminatlarından biridir. Müasir Azərbaycan gəncliyi milli-mənəvi dəyərlərimizi, ana dilimizi və zəngin adət-ənənələrimizi qoruyaraq yaşadır. Onlar həyat yollarını qurarkən Azərbaycanın bu günü və sabahını düşünür, fəaliyyətlərində vətənpərvərlik və dövlətçilik prinsiplərinə sadiqlik nümayiş etdirirlər.

Azərbaycan xalqının tarixində xüsusi xidmətləri olan görkəmli şəxsiyyətlər sırasında ümummilli lider Heydər Əliyevin müstəsna yeri vardır. O, xalqına, xüsusilə də gənclərə böyük inam bəsləyir, Azərbaycanın gələcəyinin məhz onların əlində olduğunu dəfələrlə vurğulayırdı. Respublika rəhbəri olduğu bütün dövrlərdə sağlam düşüncəli, savadlı və dövlətə layiqincə xidmət edə biləcək gənc nəslin formalaşmasına xüsusi diqqət göstərmişdir.

Gənclər siyasətində idmanın inkişafı da mühüm yer tutur. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə müasir idman infrastrukturu yaradılmış, bölgələrdə Olimpiya İdman Kompleksləri istifadəyə verilmiş, Azərbaycan nüfuzlu beynəlxalq yarışlara uğurla ev sahibliyi etmişdir. İdmançılarımızın beynəlxalq arenada qazandıqları uğurlar bunun əyani göstəricisidir.

2007-ci ilin "Gənclər ili" elan edilməsi gənclərin ictimai fəallığının daha da artmasına səbəb olmuşdur. Ölkədə gənclər və uşaq təşkilatlarının fəaliyyət göstərməsi üçün əlverişli hüquqi və təşkilati mühit yaradılmışdır. Müxtəlif beynəlxalq təşkilatlarla əməkdaşlıq edən Azərbaycan gəncləri ölkəmizi beynəlxalq səviyyədə layiqincə təmsil edirlər.

Heydər Əliyev Fondunun elm və təhsilin inkişafına verdiyi töhfələr də xüsusi qeyd olunmalıdır. Fondun həyata keçirdiyi layihələr təhsil sahəsində mövcud problemlərin həllinə, gənclərin savadlı və vətənpərvər ruhda yetişməsinə mühüm dəstək verir. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın bu istiqamətdə gördüyü işlər ölkədə təhsil siyasətinin uğurla həyata keçirilməsinə mühüm töhfə verir.

"Hər bir xalqın, hər bir millətin, hər bir ölkənin gəncləri onun həm bu günüdür, həm də sabahıdır, ümididir" fikri bu gün də öz aktuallığını qoruyur və Azərbaycan gənclərini yeni nailiyyətlərə ruhlandırır.

Bu gün Azərbaycan gəncləri öz bilik və bacarıqları, dövlətə sədaqətləri və vətənpərvərlikləri ilə ölkənin etibarlı gələcəyinin əsas təminatçılarından biri olduqlarını nümayiş etdirirlər. Dövlət gənclərin sosial-siyasi fəallığının artırılması, onların problemlərinin həlli və cəmiyyət həyatında daha yaxından iştirak etməsi üçün ardıcıl tədbirlər həyata keçirir.

Müstəqillik dövründə formalaşan bugünkü gənclər azad, demokratik və müasir cəmiyyətdə yaşayırlar. Keçmiş dövrlərdə mövcud olmuş məhdudiyyətlər artıq aradan qalxmış, insanların sərbəst fikir söyləmək, təhsil almaq və dünyanı tanımaq imkanları genişlənmişdir. Azərbaycan müstəqil dövlət kimi inkişaf edir və qarşıda duran mühüm vəzifələrin həyata keçirilməsində əsas məsuliyyət bugünkü gənclərin üzərinə düşür.

Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi, iqtisadi inkişafın davam etdirilməsi, ərazi bütövlüyünün qorunması, sosial rifahın yüksəldilməsi və ölkənin beynəlxalq nüfuzunun artırılması istiqamətində görüləcək işlərdə gənclərin rolu xüsusi əhəmiyyət daşıyır. Məhz buna görə də dövlət gənclərə göstərdiyi diqqət və qayğını bundan sonra da davam etdirəcək, onların inkişafı üçün bütün zəruri şəraiti yaratmağa çalışacaqdır.

Bu gün Azərbaycan gəncliyi ölkəsinin inkişafına töhfə verməyə, xalqına, Vətəninə və dövlətinə sədaqətlə xidmət etməyə hazır olduğunu öz fəaliyyəti ilə nümayiş etdirir.

Beynəlxalq Gənclər Günü bizə bir daha xatırladır ki, gənclərə göstərilən diqqət və qayğı, əslində, dövlətin və cəmiyyətin gələcəyinə göstərilən diqqətdir. Biz ziyalılar, xüsusilə də gənclərlə çalışan pedaqoqlar, alimlər və ictimai xadimlər olaraq onların potensialını üzə çıxarmaq, istedadlarını inkişaf etdirmək və sağlam düşüncəli, vətəninə bağlı, milli-mənəvi dəyərlərə sadiq, eyni zamanda müasir dünyanın tələblərinə cavab verən peşəkar şəxsiyyət kimi yetişmələri üçün əlimizdən gələni etməliyik. Gənclərimizə təkcə ölkə daxilində deyil, dünyanın qabaqcıl universitetlərində təhsil almaq, beynəlxalq layihələrdə iştirak etmək, yeni bilik və təcrübələr qazanmaq üçün geniş imkanlar yaradılmalı, onların hər bir uğuru dəstəklənməlidir. Çünki bu gün gənclərə verilən bilik, qayğı və etimad sabah Azərbaycanın elmi, iqtisadi, mədəni və sosial inkişafının əsas dayağına çevriləcək. Güclü dövlətin ən möhkəm təməli isə savadlı, vətənpərvər, dünyagörüşlü və məsuliyyətli gənclikdir.

Medianın İnkişafı Agentliyi — Vikipediya

Media istiqaməti: Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi;

QEYD: Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunur


MANŞET XƏBƏRLƏRİ