Nəcəf Nəcəfov BSU jurnalistika
Azərbaycan milli mətbuatının yaranmasından 151 il ötür... Hər bir xalqı tərəqqiyə aparan yolun mühüm hissəsi mətbuatdan keçir. Mətbuat xalqın aynası, onun ictimai-siyasi düşüncəsinin, milli-mənəvi dəyərlərinin və inkişafının əks olunduğu ən mühüm söz tribunasıdır. O tribuna ki, dürüst sözlər, müxtəlif fikirlər, dəqiq informasiyalar buradan səsləndirilir. Mətbuat yalnız informasiya vasitəsi deyil, həm də cəmiyyəti maarifləndirən, milli özünüdərk hissini formalaşdıran və xalqı gələcəyə aparan güclü ideoloji qüvvədir.
O, müasirliklə milli dəyərlər, xalq və hakimiyyət arasında möhkəm körpü rolunu oynayaraq cəmiyyətin inkişafına xidmət edir. Azərbaycan milli mətbuatının əsası görkəmli maarifçi Həsən bəy Zərdabi tərəfindən 1875-ci il iyulun 22-də nəşr olunan "Əkinçi" qəzeti ilə qoyulmuşdur. Çar Rusiyasının sərt senzura siyasətinin hökm sürdüyü mürəkkəb ictimai-siyasi şəraitdə fəaliyyətə başlayan bu qəzet xalqın maariflənməsi, milli şüurun formalaşması və cəmiyyətin tərəqqisi istiqamətində atılmış ən mühüm addımlardan biri idi."Əkinçi" qəzeti Azərbaycan xalqını elmə, təhsilə və inkişafa səsləyir, insanları cəhalətdən uzaqlaşdırmağa, ağ ilə qaranı, doğru ilə yanlışı ayırd etməyə çağırırdı. Buna görə də qəzet qısa müddətdə milli oyanışın rəmzinə çevrildi. Qəzetə "Əkinçi" adının verilməsi təsadüfi deyildi. Həsən bəy Zərdabi bu ad vasitəsilə çar senzurasının diqqətini yayındırmağa çalışmışdı.
Sonrakı illərdə Azərbaycan mətbuatının nümayəndələri də senzura məhdudiyyətlərini aşmaq üçün müxtəlif üsul və məcazi ifadələrdən istifadə etməyə məcbur olmuşdular. Əkinçi" qəzeti 1877-ci ildə bağlansa da, onun yaratdığı maarifçilik məktəbi öz fəaliyyətini dayandırmadı. Əksinə, bu yol sonrakı mətbuat orqanları tərəfindən davam etdirildi. 1879-cu ildə Hacı Səid Ünsizadənin redaktorluğu ilə "Ziya" ("Ziyayi-Qafqaziyyə") qəzetləri nəşr olunaraq Azərbaycan milli mətbuatının inkişafında mühüm mərhələ təşkil etdi və "Əkinçi"nin ideya xəttini uğurla davam etdirdi. Lakin "Kəşkül"ün bağlanması Azərbaycan milli mətbuatının susması demək deyildi. Çar senzurası bir qəzeti bağlaya bilmişdi, amma milli sözün qarşısını ala bilməmişdi. Əksinə, "Kəşkül"dən sonra Azərbaycan ziyalıları mətbuat uğrunda daha inadkar mübarizəyə başladılar. Onlar anlayırdılar ki, milli oyanışın yolu silahdan deyil, sözdən, zorakılıqdan deyil, maarifdən keçir. Bu səbəbdən XIX əsrin sonlarında bir-birinin ardınca yeni qəzet açmaq layihələri meydana çıxdı. Kamal Ünsizadə "Azərbaycan", "Uçan yarpaq" və sonralar "Daniş", Əhməd bəy Ağaoğlu "Məşriq", Məmmədağa Şahtaxtlı "Tiflis", Sultan Məcid Qənizadə “Nübar”, “Çıraq” Nəriman Nərimanov "Sovqat" kimi mətbuat orqanlarını nəşr etdirmək üçün dəfələrlə rəsmi dairələrə müraciət etdilər. Lakin imperiyanın sərt senzura sistemi milli mətbuatın günəştək doğmasını təhlükə hesab edir, bu təşəbbüslərin hər birini müxtəlif bəhanələrlə rədd edirdi. Qəzetlər işıq üzü görmürdü, lakin onların arxasında dayanan fikir artıq cəmiyyətə yayılmışdı.
Maraqlıdır ki, eyni dövrdə Qafqazda rusdilli mətbuat orqanlarının fəaliyyətinə geniş imkan yaradıldığı halda, Azərbaycan dilində qəzet nəşri ardıcıl şəkildə məhdudlaşdırılırdı. Bu isə çar hakimiyyətinin milli mətbuata münasibətini açıq şəkildə ortaya qoyurdu. Bütün maneələrə baxmayaraq, Həsən bəy Zərdabi, Seyid Əzim Şirvani, Nəcəf bəy Vəzirov, Mirzə Fətəli Axundzadə, Ünsizadə qardaşları, Məmmədağa Şahtaxtlı, Sultan Məcid Qənizadə və Əhməd bəy Ağaoğlu kimi ziyalılar xalqın maariflənməsi, milli şüurun formalaşması və ictimai fikrin inkişafı uğrunda mübarizəni dayandırmadılar. Onların qələmi bəzən senzuranın qırmızı xəttinə toxunurdu, lakin heç vaxt xalqın parlaq gələcəyinə olan inamından dönmürdü. Məhz buna görə Azərbaycan milli mətbuatının tarixi yalnız nəşr olunan qəzetlərin deyil, həm də nəşrinə icazə verilməyən qəzetlərin tarixidir.
XX əsrin Azərbaycan milli mətbuatı üçün yeni bir başlanğıc oldu. Uzun illər davam edən qadağalar və uğursuz cəhdlərdən sonra 1903-cü il martın 30-da Məmmədağa Şahtaxtlının redaktorluğu ilə Tiflisdə nəşrə başlayan "Şərqi-Rus" qəzeti əsrin ilk Azərbaycan dilli mətbuat orqanı kimi adını tarixə yazdı. Bu qəzetin işıq üzü görməsi təkcə yeni bir nəşrin meydana çıxması deyildi. Bu illərlə susdurulmağa çalışılan milli düşüncənin yenidən öz tribunasında səslənməsi idi."Şərqi-Rus" ağır senzura şəraitində fəaliyyət göstərirdi. Məmmədağa Şahtaxtlı qəzeti yaşatmaq naminə bəzən ehtiyatlı redaksiya siyasəti yürüdür, fikirlərini dövrün siyasi reallıqlarına hesablayaraq təqdim edirdi. Lakin bu ehtiyatkarlıq qəzetin əsas missiyasını dəyişmirdi. Onun səhifələrində maarifçilik, milli özünüdərk, elm, təhsil və ictimai tərəqqi ideyaları ardıcıl şəkildə təbliğ olunurdu.
Qısa müddət ərzində "Şərqi-Rus" dövrün ən görkəmli ziyalılarını öz ətrafında birləşdirdi. Eyni zamanda Cəlil Məmmədquluzadə, Ömər Faiq Nemanzadə, Mirzə Ələkbər Sabir, Əhməd bəy Ağaoğlu, Əli bəy Hüseyinzadə Haşım bəy Vəzirov, Əliabbas Müznib, Məhəmməd, Əmin Rəsulzadə və bir çox başqa qələm sahibləri mətbuatı yalnız xəbər mənbəyi kimi deyil, xalqın taleyini dəyişdirəcək mənəvi qüvvə kimi görürdülər. Onlar qələmi ictimai vicdanın səsinə çevirmiş, cəhalətə, xurafata və geriliyə qarşı mübarizəni söz meydanında qətiyyətlə aparmışdılar. “Şərqi-Rus” qəzetinin ardınca "Həyat", "İrşad", "Füyuzat", "Molla Nəsrəddin", "Səda" və "Sədayi-Həqiqət", “Tazə həyat”, “Açıq söz”, “Dirilik” kimi mətbuat orqanları bir-birinin ardınca meydana çıxaraq Azərbaycan milli mətbuatını yeni intibah mərhələsinə daşıdı. Artıq mətbuat yalnız hadisələri yazmırdı. O, cəmiyyətin düşüncə tərzini dəyişdirir, milli kimliyi formalaşdırır və istiqlal ideyasının təməlini yaradırdı. Bu yol asan başa gəlməmişdi. Maddi çətinliklər, senzura və siyasi təzyiqlər milli mətbuatın daimi yol yoldaşı idi. Lakin bütün maneələrə baxmayaraq, Azərbaycan ziyalıları qələmi yerə qoymadılar. Çünki onlar yaxşı anlayırdılar ki, bir xalqın gələcəyini yalnız silah deyil, azad düşüncə və azad söz də müəyyən edir.
Azərbaycan Xalq Cümhuriyyətinin yaranması təkcə siyasi hadisə deyildi. Onilliklər boyu qələmlə aparılan milli mübarizənin məntiqi nəticəsi idi. Həsən bəy Zərdabidən başlanan maarifçilik hərəkatı, Ünsizadələrin, Məmmədağa Şahtaxtlının, Əhməd bəy Ağaoğlunun, Əli bəy Hüseynzadənin və digər ziyalıların milli mətbuat uğrunda apardıqları mübarizə cəmiyyətdə azadlıq düşüncəsini formalaşdırmış, istiqlal ideyasını xalqın şüurunda möhkəmləndirmişdi. Bu mənada Azərbaycan mətbuatı istiqlalın yalnız şahidi deyil, həm də onun memarlarından biri idi. XX əsrin əvvəllərində türkləşmək, müasirləşmək və milli birlik ideyaları Azərbaycan ictimai fikrinin əsas istiqamətlərinə çevrildi.
Türkçülük və Turançılıq ideyaları xüsusilə ziyalılar arasında geniş yayılır, mətbuat isə bu ideyaların cəmiyyətə çatdırılmasında əsas tribuna rolunu oynayırdı. Qəzet və jurnallar artıq sadəcə xəbər mənbəyi deyil, milli kimliyin, dövlətçilik təfəkkürünün və istiqlal arzusunun formalaşdığı intellektual mərkəzlərə çevrilmişdi. Azərbaycan Xalq Cümhuriyyəti dövründə mətbuat tarixinin ən məhsuldar mərhələlərindən biri yaşandı. Onlarla qəzet və jurnal nəşr olunur, ictimai-siyasi fikir görünməmiş dinamika ilə inkişaf edirdi. Üzeyir Hacıbəyli, Cəlil Məmmədquluzadə, Məmməd Əmin Rəsulzadə və digər görkəmli qələm sahibləri milli dövlətçilik ideyasını müdafiə edir, azad sözün və milli istiqlalın keşiyində dayanırdılar. Lakin bu azadlıq uzun sürmədi. 1920-ci ilin aprelində Azərbaycanın bolşevik Rusiyası tərəfindən işğalından sonra mətbuat yenidən sərt senzuranın nəzarəti altına keçdi. Azad fikir tədricən ideoloji nəzarətlə əvəz olundu, müstəqil söz boğuldu, mətbuat isə uzun illər sovet təbliğatının əsas vasitələrindən birinə çevrildi. Şəxsiyyətə pərəstiş geniş vüsət aldı.
Yalnız Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra milli mətbuat yenidən azad söz, plüralizm və demokratik dəyərlər əsasında inkişaf etmək imkanı qazandı. Azərbaycan dövləti müstəqilliyini bərpa etdikdən sonra milli mətbuat yeni inkişaf mərhələsinə qədəm qoydu. Onilliklər boyu ideoloji məhdudiyyətlər altında fəaliyyət göstərən Azərbaycan jurnalistikası yenidən azad söz mühitinə qovuşdu, ölkədə müxtəlif ictimai-siyasi mövqeləri əks etdirən çoxsaylı qəzet və jurnallar nəşrə başladı. "525-ci qəzet", "İki sahil", "Xalq qəzeti","Şərq", "Azərbaycan", "Türküstan", "Bütöv Azərbaycan", “Ədalət” və digər nəşrlər milli mətbuat ənənələrini yaşadaraq cəmiyyətin ictimai fikir həyatında mühüm rol oynamağa başladılar. Müstəqillik illərində Azərbaycan mətbuatının hüquqi əsaslarının möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atıldı.
1998-ci ildə senzuranın ləğvi milli mətbuat tarixində dönüş nöqtəsinə çevrildi. Sonrakı illərdə Ulu Öndər Heydər Əliyev və İlham əliyev tərəfindən medianın inkişafı, jurnalistikanın peşəkarlıq səviyyəsinin yüksəldilməsi, texnoloji yeniliklərin tətbiqi və informasiya məkanının müasirləşdirilməsi istiqamətində ardıcıl islahatlar həyata keçirildi. Bu gün Azərbaycan mətbuatı 151 il əvvəl Həsən bəy Zərdabinin "Əkinçi" ilə yandırdığı maarifçilik, tərəqqi çırağının işığıyla fəaliyyətini davam etdirir. Zaman dəyişir, informasiya texnologiyaları yenilənir, qəzetlərin bir qismi rəqəmsal platformalara çevrilir. Lakin dəyişməyən bir həqiqət var: mətbuat yalnız xəbər ötürücüsü deyil, xalqın tarixi yaddaşı, milli düşüncəsinin ifadəsi və gələcək nəsillər üçün etibarlı mənbədir.