İnformasiya texnologiyalarının sürətli inkişafı ilə xarakterizə olunan XXI əsr sosial şəbəkələri və rəqəmsal platformaları həyatımızın ayrılmaz hissəsinə çevirib. Bu şərait məlumat əldə etmək imkanlarını genişləndirməklə yanaşı, yeni risk və təhlükələr də yaradıb. Onlardan biri və bəlkə də ən təsirlisi dezinformasiyadır. Dezinformasiya dedikdə cəmiyyətdə çaşqınlıq yaratmaq, ictimai rəyə təsir göstərmək və manipulyasiya etmək məqsədilə qəsdən yayılan yalan və ya təhrif olunmuş məlumatlar nəzərdə tutulur.
Bu baxımdan, müasir dövrdə dezinformasiya sadəcə media problemi deyil. Bu məsələ artıq informasiya təhlükəsizliyi, siyasi sabitlik, sosial münasibətlər və milli təhlükəsizliklə birbaşa əlaqəli qlobal problemə çevrilib. Xüsusilə sosial medianın əhatə dairəsinin genişlənməsi dezinformasiyanın yayılmasını daha da asanlaşdırıb və milyonlarla insanın qısa müddətdə manipulyativ informasiyaya məruz qalmasına yol açıb.
Dezinformasiyanın geniş yayılmasının əsas səbəblərindən biri rəqəmsal platformalarda məlumatların sürətlə paylaşılmasıdır. Əvvəllər insanlar məlumatı əsasən televiziya, radio və qəzetlər vasitəsilə əldə edirdilərsə, indi sosial şəbəkələr əsas informasiya mənbələrindən biri kimi çıxış edir. Facebook, X, TikTok, Instagram və digər platformalarda hər kəs istədiyi vaxt məlumat paylaşa bildiyi üçün informasiyanın doğruluğunu yoxlamaq çətinləşib.
Digər mühüm səbəb qorxu, həyəcan və aqressiya yaradan məlumatlara insanların daha çox reaksiya verməsidir. Bu xüsusiyyət dezinformasiya yayan fərdlər və qruplar tərəfindən manipulyasiya vasitəsinə çevrilir. İnsanların diqqətini cəlb etmək üçün sensasion başlıqlardan və saxta məlumatlardan bacarıqla istifadə edilir.
Eyni zamanda, bəzi siyasi və iqtisadi maraqları təmsil edən qrupların dezinformasiyadan seçkilərə təsir göstərmək, rəqibləri nüfuzdan salmaq və ictimai rəyə yön vermək məqsədilə saxta məlumat kampaniyaları təşkil etdikləri də qeyd olunmalıdır.
Nəzərə almaq lazımdır ki, böhran və müharibə dövrlərində dezinformasiyanın təsiri daha güclü olur. Çünki informasiya müharibələri artıq müasir münaqişələrin əsas elementlərindən birinə çevrilib. Bu səbəbdən yalan xəbərlər vasitəsilə insanların psixoloji vəziyyətinə təsir göstərmək, cəmiyyətdə təşviş yaratmaq və ictimai rəyi dəyişmək mümkündür. Bundan əlavə, dezinformasiya iqtisadi sahəyə də ciddi təsir edir. Daha konkret desək, saxta məlumatlar şirkətlərin reputasiyasına zərər vura, maliyyə bazarlarında qeyri-sabitlik yarada və insanların iqtisadi qərarlarına təsir göstərə bilər.
Qeyd olunduğu kimi, sosial media platformaları dezinformasiyanın yayılmasında mühüm rol oynayır. Bu platformaların alqoritmləri daha çox baxış və reaksiya gətirən məzmunları ön plana çıxararaq emosional və sensasion xəbərlərin sürətlə yayılmasına, onların daha geniş auditoriyaya çatmasına səbəb olur.
Həmçinin anonim hesablar və bot şəbəkələri vasitəsilə dezinformasiya kampaniyaları təşkil olunur, süni şəkildə yaradılan paylaşımlar ictimai rəyi manipulyasiya edir. Bir çox hallarda insanlar xəbərin mənbəyini yoxlamadan paylaşdıqları üçün özləri də bilmədən dezinformasiyanın yayılmasında yaxından iştirak edirlər.
Dezinformasiyaya qarşı mübarizənin ən təsirli yollarından biri media savadlılığının inkişaf etdirilməsidir. İnsanlar məlumatın mənbəyini yoxlamağı, müxtəlif mənbələri müqayisə etməyi və manipulyativ məzmunu tanımağı bacarmalıdırlar. Xüsusilə gənclər arasında rəqəmsal maarifləndirmə işlərinin aparılması vacibdir. Məktəblərdə və universitetlərdə media savadlılığı üzrə tədris proqramlarının tətbiqi insanların tənqidi düşüncə bacarıqlarını inkişaf etdirə bilər. Burada peşəkar jurnalistikanın gücləndirilməsi də mühüm amildir. Etibarlı və obyektiv media cəmiyyətin düzgün məlumatlandırılmasına kömək edir və dezinformasiyanın təsirini azaldır.
Müzakirə olunan mövzunu dəyərləndirən Azərbaycan Milli QHT Forumu İdarə Heyətinin üzvü Zaur İbrahimli qeyd edib ki, dünyada geniş vüsət alan dezinformasiya kampaniyaları istənilən dövlətin suverenliyi üçün ciddi təhdid yaradır:
“Rəqəmsallaşma və qloballaşma şəraitində müasir informasiya məkanı dövlətlərin suverenliyinə birbaşa təsir göstərən əsas cəbhəyə çevrilib. Azərbaycana qarşı aparılan ideoloji müharibə və dezinformasiya kampaniyaları ölkənin daxili sabitliyini sarsıtmaq, milli birliyini zəiflətmək və xarici siyasət qərarlarına məqsədli təsir göstərmək məqsədi daşıyan çoxşaxəli fəaliyyətdir. Prezident İlham Əliyevin VII çağırış Milli Məclisinin açılış iclasındakı proqram xarakterli nitqində vurğuladığı kimi, bizə qarşı ideoloji təxribatlar davam edir və ideoloji təhlükəsizlik məsələləri daim diqqət mərkəzində saxlanılmalıdır.”
Onun sözlərinə görə, Azərbaycanın suverenliyinə və daxili sabitliyinə yönəlmiş dezinformasiya axınlarını, həmçinin ideoloji təxribatları bir neçə strateji istiqamət üzrə qruplaşdırmaq mümkündür:
“Bu sırada dini zəmində təfriqə yaratmaq üçün konkret məzhəblərin təbliği, maliyyələşdirmə mexanizmlərinin qurulması və sosial media üzərindən radikal qrupların formalaşdırılması cəhdləri xüsusi qeyd edilə bilər. Eyni zamanda, etnik azlıqların adından sui-istifadə edərək yalançı tarixi hekayələr uydurmaqla separatizm meyllərinin gücləndirilməsinə yönəlik səylərin şahidi oluruq. Xüsusi vurğulanmalıdır ki, bu çərçivədə müəyyən xarici dairələr və təbliğatçılar Azərbaycanın müstəqil dövlətçilik tarixini saxtalaşdırmağa çalışırlar. Bu mövzuda dezinformasiyaların məqsədi gənc nəslin müstəqil kimlik hissini zəiflətməkdir.”
Ekspert bildirib ki, böhran, müharibə və epidemiyalar dövründə xarici xüsusi xidmət orqanları və dezinformasiya şəbəkələri tərəfindən manipulyasiya edilmiş saxta xəbərlərin sürətlə tirajlanması cəmiyyətlərdə qütbləşməni dərinləşdirir:
“Azərbaycan təcrübəsinə nəzər saldıqda görürük ki, ölkəmizin müstəqil və uğurlu xarici siyasəti, qonşu ölkələrlə geniş əməkdaşlığı, rəsmi Bakının təşəbbüsü ilə reallaşdırılan regional və transmilli layihələr bəlli çevrələr tərəfindən müntəzəm hədəfə alınır. Məqsəd Azərbaycanın xarici siyasət qərarlarına təsir göstərmək, əsas tərəfdaşlar, qonşu ölkələr və müttəfiqlərlə qarşılıqlı münasibətlərinə kölgə salmaq, regionda artan nüfuzunu və təsirini zədələmək, ölkəmizin güclü reputasiyasına zərbə vurmaqdır. Bundan başqa, əsrlər boyu formalaşmış və bu gün də dövlət siyasətinin əsasını təşkil edən Azərbaycanın multikulturalizm və dini tolerantlıq modeli hədəf alınır, ölkəmizi monokultural və radikal bir cəmiyyət kimi göstərməyə çalışırlar.”
Z.İbrahimlinin fikrincə, dezinformasiyaya qarşı mübarizədə institusional və qanunvericilik tədbirləri, eləcə də əhalinin maarifləndirilməsi və media savadlılığının artırılması istiqamətində təşəbbüslər mühüm rol oynayır:
“Burada söhbət həm də faktyoxlama (fact-checking) mexanizmlərinin gücləndirilməsindən gedir. Artıq bəzi süni intellekt modelləri bu cür alətlərdən istifadə edir. Belə alətlərin bir neçə səviyyəli milli analoqu hazırlanmalı, onlar jurnalistlər və adi istifadəçilər üçün də əlçatan olmalıdır. Məktəblərdə və ali təhsil müəssisələrində ideoloji təxribatların məqsədi, məzmunu və əsas tezisləri gənclərə anlaşıqlı şəkildə öyrədilməlidir. Gənclərin media savadlılığı və tənqidi təfəkkür qabiliyyəti inkişaf etdirilməlidir ki, rəqəmsal mühitdə manipulyasiyaları dərhal ayırd edə bilsinlər. O cümlədən, dövlət orqanları və milli media rəqəmsal mühitdə dezinformasiyalara qarşı çevik cavab mexanizmləri formalaşdırmalıdırlar.”
A.Zeynalov
Yazı “Jurnalist Araşdırmaları Mərkəzi” İB-nin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyələşdirdiyi "Dezinformasiya ilə mübarizənin təşviqi" layihəsi çərçivəsində hazırlanıb.

Məqalələrin məzmununda əks olunan fikirlərə görə “Jurnalist Araşdırmaları Mərkəzi” məsuliyyət daşıyır. Fikir və mülahizələr Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.