Qonaqkənddə çıxmış qəzetlər haqqında - Bildiklərimiz və bilmədiklərimiz



Şövkət Səlimov BUDAD

Azərbaycan milli mətbuatı - 151

Hər xalqın milli inkişaf göstəricilərindən biri onun dövrü mətbuat yarada bilməsi, özü də bunu başqalarından nə qədər əvvəl ərsəyə gətirməyi bacarmasıdır. Bu mənada Azərbaycan milli mətbuatının tarixi 1875-ci ildə görkəmli Azərbaycan ziyalısı və alimi Həsən bəy Məlikov Zərdabinin əsasını qoyduğu “Əkinçi” qəzetindən başlayır. Buna qədər 1831-ci ildə Tiflisdə Azərbaycan dilində “Tatar əxbarı” və 1845-ci ildə “Qafqazın bu tərəfinin əxbarı” adlı qəzetlər, həmçinin 1858-ci ildə Təbrizdə “Əxbare darəlsəltəneye Azərbaycan” adlı qəzet çıxsa da Azərbaycanın daxil olduğu dövlətlər – Rusiya və İran hökumət dairələri tərəfindən buraxıldıqlarından və əsasən rəsmi sənədlər dərc etdiklərindən az tirajla çap edilmiş və qısa ömür sürmüş bu nəşrlər Azərbaycan dövri mətbuatının sələfləri hesab edilmir. Üstəlik də 1838-1845-ci illərdə məşhur Azərbaycan yazıçısı və alimi Abbasqulu Ağa Bakıxanovun fəaliyyəti sayəsində azərbaycanca işıq üzü görmüş nəşrin hələlik heç bir nömrəsi əldə olmadığından mətbuat tariximizi bir neçə onillik irəli atmaq mümküm sayılmır. Bu mənada daha ciddi məsələ budur ki, “Qafqazın bu tərəfinin əxbarı”nın nə məzmunu, nə poliqrafik bazası, nə onun materiallarını tərcümə və çap edən şəxslərin heç biri Azərbaycan varlığı ilə bağlı olmadıqlarından onu milli mətbuatımızın sələfi hesab etməyə əsas yoxdur...

Azərbaycan Sovet Sosialist Respublikasında qəzaların ləğv olunub rayonlaşdırılma aparılması səbəbi ilə 8 avqust 1930-cu ildə tarixi Quba qəzası ərazisində Qonaqkənd rayonu təşkil olundu. Sonradan bir müddət – 1952-1953-cü illərdə rayon Bakı vilayətinə daxil edilmişdi. 1947-ci ilə aid məlumatlara görə rayonun daxilində 19 kənd sovetliyi olub. 4 dekabr 1959-cu ildə Qonaqkənd rayonu ləğv edilmiş, ərazisi isə Quba rayonuna birləşdirilib.


Mövcud olduğu 29 ildən artıq dövr ərzində tarixi adı Ləmsə olan Qonaqkənddə bir neçə adda rayon qəzeti nəşr olunub ki, bunlardan birincisi ilk nömrəsi 1935-ci ildə çıxmış “Sosializm maldarlığı”dır. Elə buradaca qeyd edək ki, ötən əsrin 30-cu illərində Azərbaycan SSR-də daha iki yerdə bu adda qəzet fəaliyyət göstərib: 1932-ci ildən Şuşada, 1936-cı ildənsə Şahbuzda (Naxçıvan MSSR) ilkin adı “Sosializm maldarlığı” olan qəzetlər çıxıb. Qonaqkənddəki bu qəzet isə üç il ərzində həmin adla buraxılıb. Təəssüf ki, həmin qəzetin heç bir nüsxəsi hazırda əlimizdə yoxdur. 1938-ci ildən Qonaqkənddə nəşrə başlamış Azərbaycan K(b)P Qonaqkənd RK və RZDSİK-in orqanı olan “Staxanovçu maldar” qəzetinin bir neçə sayını isə Qubada yaşayan ziyalı T. Həsənlinin köməyi ilə əldə etdik.
Təqribən 16 il ərzində “Staxanovçu maldar” adı ilə çıxan qəzetin tanış olduğumuz səhifələri bu dövri nəşrin rayonun ictimai-siyası və təsərrüfat həyatını yaxından və cəsarətlə işıqlandırdığını söyləməyə əsas verir. Təqdim edilmiş nüsxələr A3 formatlı, 2 və 4 səhifədən ibarət 800 nüsxə tirajlı qəzetin 1944-cü ilin 9 yanvar, 23 fevral və 28 may tarixli saylarıdır.
“Staxanovçu maldar”ın 9 yanvar 1944-cü il tarixli (№61 (2) iki səhifəlik sayı “Sovet İttifaqı Marşalı İ. V. Stalinə 1-ci dərəcəli Suvorov ordeninin verilməsi” haqqında xəbərlə açılır. Korrespondensiyadan bunlar məlum olur: “Dünən, dekabrın 30-da SSRİ Baş Soveti Prezidiumunun sədri M. İ. Kalinin yoldaş, nemes işğalçılarına qarşı vətən müharibəsində Qızıl Ordunun əməliyyatlarına düzgün rəhbərlik etdiyinə və əldə edilən müvəffəqiyyətlərə görə təltif olunan Sovet İttifaqı Marşalı İ. V. Stalinə 1-ci dərəcəli Suvorov ordeni vermişdir”. Baş xəbərin altında rayon sakinlərinə “Sovet məlumat bürosundan” başlığı ilə dekabrın 31-nə olan hərbi əməliyyat xəbərləri çatdırılır. Səhifədə müharibə oqvatlı bir yerli məlumat da verilib. “Rayon zəhmətkeşlərinin təşəbbüsü ilə” başlıqlı xəbərdə deyilir: “Rayonumuzun zəhmətkeşləri Qızıl Ordunun yeni qalibiyyətləri ilə ruhlanaraq igid döyüşçü ailələrinə yardım etmək üçün 1944-cü il hesabına 71000 man. pul, 63 sent. taxıl, 128 dəs üst paltarı, 94 dəs alt paltarı, 390 cüt corab, 676 cüt ayaqqabı və çarıq toplamaq təşəbbüsünü irəli sürmüşlər. Bu təşəbbüslə irəlidə gedən Buduq Revolyusiya adına kolxozun kolxozçuları 3 sent. taxıl, 10 dəs üst paltarı, 5 dəs alt paltarı, 30 cüt corab, 30 cüt ayaqqabı və çarıq, 8000 man. pulu əsgər ailələrinin yardım fonduna vermişlər”.


Qəzetin bu nömrəsinin 2-ci səhifəsindəki əsas məqalə Ənvər Əlixanov adlı müəllifin “Müəllimlərin rayon konferensiyası” yazısıdır. Buradan məlum olur ki, 4 yanvar 1944-cü ildə rayon mərkəzində müəllimlərin konferensiyası olmuşdur: “Konferensiyanı açmadan bütün dünya proletariatının sevimli rəhbəri, müəllimlər müəllimi, Ümumi Baş Komandan, Sovet İttifaqı Marşalı Stalin yoldaşı, siyasi büro üzvlərini və Azərbaycanın doğma oğlu, stalinçi M. C. Bağırov və Teymur Quliyev yoldaşları uzun sürən alqışlarla fəxri prezidiuma seçmişlər”. Bu girişdən sonra yazıda rayon xalq maarif şöbəsi müdirinin 1943-1944-cü dərs ilinin birinci yarısının yekunları və 2-ci yarımildə görüləcək işlər haqqında məruzəsinin dinlənildiyi haqqında məlumat verilir. Maraqlıdır ki, məruzəçi müsbət göstəricilərlə yanaşı geri qalan, yaxşı göstəricilərə malik olmayan məktəb direktorlarının da adlarını bir-bir çəkərək tənqid edir. Çıxış edən 15 məruzəçi də nöqsanları gizlətmir, hətta rayon maarif müdirini də tənqid etməkdən çəkinməyərək respublikadakı bir çox müasir media qurumunun qibtə edəcəyi cəsarət payı ilə, “maarif müdiri Rəsulovun məktəblər üzərində zəif rəhbərliyini göstərməklə məktəblərin dərsliklərlə hələ də təmin olunmadığını qeyd edirlər. Digər tərəfdən də müəllimlər üçün buraxılan “produqsiya və sənaye mallarının” bəzi dükandarlar tərəfindən mənimsənilməsini” göstərirlər. Daha sonra xəbərdə bildirilir: “Məktəblərdə dərs keyfiyyətini yüksəltmək məktəb direktor və müdirlərinin şərəfli işi olduğu halda Afurca məktəb direktoru Ə. H., dərs hissə müdiri N. A. yoldaşlar (qısaltmalar bizimdir – Ş. S. B) 2-ci rübdə 107 şagirdin 4596 qayibi olduğu halda məktəb üzrə 84,1 faiz mənimsəmə vermişlər. Belə məktəblərdə dərs keyfiyyəti yarıtmazdır”.


Rayon komsomol komiteti katibinin açdığı konfransa təbii ki, dövrün tələbinə uyğun olaraq partiya “komitetinin” katibləri yekun vururlar: “Son çıxışda rayon Partiya komiteti katibləri Abdullayev və Əliyev yoldaşlar çıxış edərək işimizdə olan nöqsanları tənqid edib gələcəkdə işimizin tarixi məruzə əsasında nə cür qurulması və hər şeyin cəbhə mənafeyi üçün həll edilməsi haqqında lazımi göstərişlər vermişlər. Konferensiya öz işini qurtararaq müvafiq qərarlar qəbul etmişdir”.
Son səhifənin ikinci və yekun materialı rayon torpaq şöbəsinin uçotçiki Əhmədovun Rayon torpaq şöbəsinin 1943-cü ilin 31 dekabrına kimi dondurma şumunun vəziyyətinə dair məlumatıdır. Burada rayondakı 36 kolxoz üzrə şum göstəriciləri verilib. 145 faizlə 22 faiz arasında dəyişən göstəricilərdən yalnız Hüsü Hacıyev kolxozu məhrumdur – burada heç şum aparılmayıb.
Qəzetin 23 fevral 1944-cü il tarixli nömrəsi (№ 661) “Lenin-Stalin bayrağı altında qələbəyə doğru irəli!” şüarı ilə açılır. Səhifədə İ. Stalin və K. Voroşilovun qoşa portreti və onların hər ikisinin Qızıl Ordu haqqında sitatları verilib. Qəzetin 2-3-cü səhifələrini “Qızıl Ordunun XXVI ildönümü” yazısı tutur. Sovet ordusunun yaranma tarixi, iştirak etdiyi döyüşlər və əldə etdiyi qələbələr haqqında məlumatların verildiyi bu təbliğati yazının sonunda Qonaqkənd rayonu ilə bağlı bir sıra maraqlı faktlar da yer alıb: “Rayonumuzda 1943-cü ildə əsgər ailələri üçün 20 yaşayış evi təmir edilməklə 26750 manat birdəfəlik pul köməkliyi olunmuş və 450 pud taxıl, 105 kq ət, 317 kq pendir, 607 cüt ayaqqabı və çarıq, 215 cüt corab, 209 araba odun, 23 baş qaramal və 1500 sentner ələf koməkliyi olmaqla 8 kolxozda uşaq evi yaradıldığı kimi 36 kolxozda qadın sovetləri təşkil edilmişdir. Bunlardan əlavə əsgər ailələrinə yardım etmək məqsədilə dövlət tərəfindən 320 pud taxıl paylanmaqla 59000 manat pul saxlanılmışdır”. Yazı ordunu, donanmanı, Stalini mədh edən şüarlarla bitir.


Qəzetin bu sayının 4-cü səhifəsində müəllif Asəf Asəfovun “Yerfidə VI növbəli ümumi məcburi hərbi təlimin gedişi” sərlövhəli xəbəri, “Bizə yazırlar” rubrikası altında “Bolşevik yaz əkininə hazırlıq işində geridə qalırlar” və “Raypoda olan nöqsanları tezliklə aradan qaldırmalı” başlıqlı redaksiya yazıları yerləşdirilib. Səhifədəki yazılardan birincisi pozitiv ruhlu olsa da, iki sonrakı yazı tənqidi səciyyəlidir və burada redaksiyanın nümayiş etdirdiyi cəsarəti təqdir etməmək mümkün deyil. Kiçik yazıda “son vaxtlar rayponun ticarət şöbəsi müdiri və aşxana müdirinin (hər ikisinin ad-soyadı açıq göstərilir – Ş, S. B.) arasında xüsusi acıqları olduğu üçün aşxanaya produkt buraxılmadığından” camaatın 5 günlərlə xörəksiz qaldığı; bu iki nəfərin Quba və Xaçmaz rayonlarından ərzaq gətirmək əvəzinə “idarədə oturaraq vaxtlarını boş danışıqlarla keçirdiklərindən”; çörəyin keyfiyyətinin çox aşağı olmasından, içərisindən xırda daşlar, ip, tük və sair qırıntılar çıxdığı və isti halda satışa buraxıldığı qeyd olunur. Sonda redaksiya diqqətə çatdırır: “Rayponun pis işləri haqqında qəzetimizin dəfələrlə yazmasına baxmayaraq hələ də aidi idarələr bir ölçü götürmədiyindən iş pozğunluğu davam etməkdədir. Odur ki, bu vəziyyətdən raypo idarə heyəti tezliklə çıxmalıdır”.


“Staxanovçu maldar”ın 28 may 1944-cü il (№17 (78) bazar günü nömrəsi “Yeni dərs ilinə ciddi hazırlaşmalı” yazısı ilə açılır. Xəbərdə qurtarmaq üzrə olan 1943-44-cü dərs ili üzrə konkret kənd məktəbləri və direktorların adları göstərilməklə həm müsbət, həm də mənfi faktlar verilir. Sütun yarımlıq, 76 sətirlik yazının son abzaslarından birində məsələ ilə bağlı redaksiya təklifi verilir: “1943-44-cü dərs ilində buraxılmış bir sıra nöqsanlara bir daha yol verməmək, 44-45-ci dərs ilinə ciddi hazırlıq işinin aparılması bütün müəllimlər kollektivinin şərəfli və məsuliyyətli işidir. Yeni dərs ili üçün indidən bütün məktəb binaları təmir edilməklə məktəb yaşlı uşaqların yenidən siyahıya alınaraq onların yeni dərs ilində məktəbə qəbulu üçün indidən hazırlıq işi aparılmalıdır”. Həmin səhifədə “İbrahimovun at ferması” (müəllif Asəf Asəfov), “Xanbabanın çağırışı” (müəllif Ənvər Əlixanov), “Mal-qaraya qayğı” adlı təbliğati səciyyəli təsərrüfat xəbərləri də yer alıb. Buradakı daha bir maraqlı xəbər isə Azərbaycan SSR Xalq Komissarları Sovetinə istinadən verilmiş “Azərbaycan SSR kolxozları, kolxozçular və tək təsərrüfatçıları tərəfindən taxıl və çörək satışının qadağan edilməsi haqqında” başlığı ilə verilib: “Yeni taxıl məhsulu biçininin başlanması ilə əlaqədar olaraq Azərbaycan SSR Xalq Komissarları Soveti, respublikada dövlətə taxıl təhvili planı hər cəhətdən yerinə yetirilənədək Azərbaycan SSR kolxozlarının, kolxozçularının və tək təsərrüfatçılarının taxıl (un, dən və çörək) satmalarını qadağan etmişdir”.


İki səhifəli qəzetin 2-ci səhifəsində “Partiya həyatı” rubrikası altında Əlixan Həsənov və Şafaqət Məmmədovun müəllifi olduğu “Rük ilk partiya təşkilatında” adlı tənqidi məqalə, “Müxbir” imzalı, “Kolxoz əmlakını sağlam əllərə tapşırmalı” adlı kəskin tənqidi yazı əsasında isə bir neçə cinayət işi açmaq mümkündür, deyə bilərik. Qarxun kəndindəki “III İnternasional” kolxozunun sabiq sədri Q. Q.-nin və hesabdarı S. B.-nın (ad-soyad qısaltmaları bizimdir – Ş. S. B.) “fərasəti” ilə baş vermiş çoxsaylı oğurluq hallarının açıq şəkildə verildiyi yazıdakı bu cür faktlardan ikisi ilə sizi də tanış edək:
- kolxozda hər ay doldurulan 24 №-li Formaya 75 baş qaramal, 13 at, 75 toyuq, 13 arı olmadığı halda formaya daxil edib rayon torpaq şöbəsinə məlumat vermişlər;
- kolxozçu M. A. Quba kolxoz bazarında kolxozun 17 qoçun, 140 kq ərinmiş yağın və 240 kq yunun sataraq, pulunu oğrular aparıb deyə yalan məlumat vermişdir və s.
Yazıdakı neçə-neçə belə faktları göstərdikdən sonra redaksiya sual verir və cavabını da özü göstərir: “Kolxozda baş vermiş belə kimi vəziyyəti rayon torpaq şöbəsi görməyirmi? Odur ki, kolxozun əmlakına xəyanət edənlərin işinə rayon prokuroru tezliklə qarışmalıdır”.
Səhifədəki “Siyasi maarif idarələrinin işlərini canlandırmalı” adlı redaksiya yazısında rayonun kəndlərindəki klubların yarıtmaz halından, rayon aptekinin müdiri Rıza Müslümovun “Cəbhə və ölkənin sağlamlığı üçün” yazısında isə dərman bitkilərinin zəif toplanmasından bəhs edilir. Yazının sonunda müəllif toplayıcıları belə həvəsləndirir: “Birə gülü otunun 1 tonnası 10000 manat, gicitkan yarpaqlarının 1 tonnası 1200 manat və ilaxır dərman bitkiləri dövlət qiyməti ilə qəbul olunaraq pulu nəqd veriləcəkdir”.


Bütün nömrələrdə olduğu kimi, bu sayın da sonunda “Qonaqkənd rayon “Staxanovçu maldar” mətbəəsində çap edildi, tiraj 800 raylit” qeydi vardır. Bəs qəzetin redaksiyası Qonaqkənddə hansı binada yerləşirmiş? Bu suala Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Dövlət Arxivinin Quba filialında qorunub saxlanılan rus dilində tərtib edilmiş sənəddə cavab tapmaq mümkündür. 14 aprel 1937-ci il tarixli, beş nəfər rəsmi şəxsin imzaladığı 3 saylı aktda deyilir ki, Qonaqkənddəki Mayıl Zahirova məxsus olmuş ikimərtəbəli evin yuxarı qatında poçt, aşağı mərtəbədə isə mağaza və “Sosializm maldarlığı” qəzetinin redaksiyası yerləşir (Dövlət Arxivinin Quba filialı, F. 69). Aktda adı çəkilən Mayıl Zahirov zamanında (və elə indinin özündə də) Quba bölgəsində geniş tanınan, burada baş vermiş ölkə və bölgə əhəmiyyətli bir çox ictimai-siyasi hadisələrdə mühüm rol oynamış əslən Quba Dağıstanının Buduq kəndindən olan yüzbaşı Qaçaq Mayıldır (1865-1924). Elə buradaca qeyd edək ki, sonralar bu yerlərin yaylaqlar naziri olmuş məşhur qaçağın həmin evi hazırda Qonaqkəndin mərkəzində qapısı bağlı vəziyyətdə qalmaqdadır. Damı yeniləndiyindən yağıntılardan zərər görmə ehtimalı önlənsə də, bütövlükdə binanın vəziyyəti qənaətbəxş deyil və yerli hakimiyyət orqanları tərəfindən tamamilə unudulmuş kimi görünür. Halbuki burada ötən əsrin əvvəllərində müstəqil Azərbaycan Demokratik Respublikasının qurulması və qorunması üçün xeyli əziyyət çəkmiş Qaçaq Mayıl və onun çoxsaylı silahdaşlarının xatirəsini əbədiləşdirəcək İstiqlal muzeyi yaratmaq həm gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsi yolunda müsbət addım olar, həm də bu yerlərin turizm marşrutlarına növbəti maraqlı ünvanın əlavə edilməsinə yol açardı. Daha bir təklif onun həm bu, həm də az qala bir əsr müddətində ibtidai məktəb kimi istifadə olunan və indi qəzalı vəziyyətə düşmüş Xaşı kəndindəki evinin üzərinə xatirə lövhəsinin vurulmasıdır.
Keçən yüzilliyin bu maraqlı əyalət qəzetinə dair söhbətimizi uzun müddət onun məsul redaktoru olmuş Əlişan Həsənli haqqında bilgi verməklə bitirmək istəyirik: Əlişan Məcid oğlu Həsənli 1916-cı ildə Quba qəzasının Yerfi kəndində anadan olub. 1933-cü ildə Yerfi kənd məktəbini bitirib. Sonra Qayadalı və Yerfi kəndlərində müəllim, Qonarkənd rayon partiya komitəsində təlimatçı işləyib. On altı il rayonda çıxan “Staxanovçu maldar” və “Kommunizmə doğru” qəzetlərinin məsul katibi və redaktoru vəzifələrində çalışıb. 1959-cu ildə Qonaqkənd rayonu ləğv edilərək Qubaya birləşdirildikdən sonra Yerfi kənd rabitə şöbəsinin rəisi olub. 1978-ci ildə dünyasını dəyişib.

* * *

Qonaqkənd rayonunun ləğv edildiyi 1959-cu ilədək burada çıxan son qəzet “Kommunizmə doğru” adlanıb. Qəzetin nüsxələri M. F. Axundov adına Milli kitabxanada saxlanılır. A3 formatda, cəmi iki səhifə həcmində və Qonaqkənddə çıxmış əvvəlki qəzetlər kimi tirajı 800 nüsxə olmuş “Kommunizmə doğru”nun 1954-cü ilə aid bir sıra nömrələrindəki diqqətimizi cəlb etmiş bəzi korrespondensiyaları ilə sizi də tanış etmək qərarına gəldik.
“Kommunizmə doğru”nun 1 yanvar tarixli sayı “1954-cü ildə daha böyük nailiyyətlər əldə etməli” sərlövhəli redaksiya baş məqaləsi ilə açılır. Həm ölkə, həm də respublika və rayon miqyasında əldə olunmuş əsas nailiyyətlərin qeyd edildiyi hesabat xarakterli yazıda növbəti il üçün müəyyənləşdirilən hədəflərin konturları da görünməkdədir. 2-ci səhifədəki siyasi kampaniya səciyyəli yazı “Rayonumuzun zəhmətkeşləri SSRİ Ali Məhkəməsi Xüsusi Məhkəmə Heyətinin hökmünü yekdilliklə bəyənirlər” rubrikası ilə verilir. Buradakı “Xainlər cəzalarına çatdılar” yazısında Yerfi kəndindəki Karl Marks adına kolxozun kolxozçularının, “Məktəblilərin ürək sözü” adlı xəbərdə Qonaqkənd orta məktəbinin şagirdlərinin, “Ədalətli hökm”də Kaqanoviç adına kolxozun kolxozçularının, “Vətən xainlərinə aman yoxdur” yazısında isə “Qumaş xalça” artelinin işçilərinin “beynəlxalq imperializmin agenti olan” Beriyanın başçılıq etdiyi mənfur casuslar və Vətən xainləri dəstəsi haqqındakı ölüm hökmünü yekdilliklə bəyəndikləri bildirilir.


Qəzetin 13 yanvar tarixli nömrəsində “Rayon xəbərləri” rubrikası altında M. Mustafayev imzalı müəllifin “Ukraynanın Rusiya ilə birləşməsinin 300 illiyi qarşısında” adlı xəbəri verilib. Buradan belə məlum olur ki, rayonun zəhmətkeşləri Ukraynanın Rusiya ilə birləşməsinin 300 illiyini geniş qeyd etməyə hazırlaşırlar: “Kənd təsərrüfatı və ictimai heyvandarlıq sahələrində çalışan qabaqcıl adamlar bu böyük tarixi gün şərəfinə yüksək öhdəçiliklər götürmüşlər”. Məlum olur ki, rayon partiya komitəsi və mədəniyyət şöbəsinin məruzə və mühazirəçiləri idarə və müəssisələrdə bu və başqa mövzularda mühazirələr oxuyurlar. “Rayonun mərkəzi və uşaq kitabxanalarında Ukraynanın yazıçı və şairlərinin əsərlərindən ibarət sərgilər düzəldilmişdir”.
Ümumiyyətlə, qəzetin saylarını vərəqlədikcə görmək olur ki, bu iki slavyan xalqın birləşməsinin üç yüz illik yubileyinin qeyd edilməsi böyük bir kampaniya səciyyəsi daşıyır. Aydın olur ki, bu barədə göstəriş ta Moskvadan gəlib və onun bütün səviyyəli qəzet və jurnallarda işıqlandırılması vacib hesab edilib. Təsadüfi deyil ki, qəzetin 17 yanvar tarixli nömrəsinin 2-ci səhifəsində Kiyev şəhərindən olan iqtisad elmləri doktoru İ. Romanenkonun “Ukraynanın Rusiya ilə birləşməsi” rubrikası ilə “Əbədi dostluq” sərlövhəli bir səhifəlik yazısı yerləşdirilib. Qəzetin 5 may tarixli nömrəsindən isə belə məlum olur ki, bu mövzu hətta kəndlərdəki divar qəzetlərinin də “diqqətindən” yayınmayıb. Belə ki, N. Haşımovun imzası ilə verilmiş “Elmə doğru” divar qəzetinin 6-cı nömrəsi” adlı xəbərdə bildirilir ki, Buduq məhəlli ilk partiya təşkilatının orqanı olan “Elmə doğru” divar qəzetinin 6-cı nömrəsində ... Ukraynanın Rusiya ilə birləşməsinin 300 illiyinə həsr edilən yazılar məzmunlu və diqqətəlayiqdir. “Həmçinin qəzetin bədii tərtibatı bu iki xalqın qardaşlığını parlaq surətdə əks etdirir”. “Kommunizmə doğru”nun 26 may nömrəsindəki eyni mövzulu “Yaradıcı əməkdaşlıq” yazısında verilmiş plakatın şüarı isə belədir: “Bu ellər dostluğu daim var olsun! Nəsildən-nəsilə yadigar olsun!”
Qəzetin 18 aprel tarixli bazar günü nömrəsinin ilk səhifəsində “N. S. Xruşşov yoldaşa Sosialist Əməyi Qəhrəmanı” adının verilməsi ilə bağlı rəsmi xəbərlə yanaşı, “Bizim rayonda” rubrikasında müəllif Ə. B. Quliyevin imzası ilə çap edilmiş “Sərgi təşkil edilmişdir” adlı xəbərdə bildirilir ki, kəndlərdə və rayon mərkəzindəki mədəni-maarif müəssisələrində Azərbaycanda sovet hakimiyyəti qurulmasının 34-cü ildönümü və 1 May bayramları şərəfinə sərgilər təşkil edilib. “Bu sahədə rayon mərkəzindəki kitabxanada təşkil edilmiş sərgi diqqəti daha çox cəlb edir. Sərgidə 34 il ərzində Azərbaycanda elmin, mədəniyyətin inkişafını və kolxoz quruluşunun böyük qələbəsini nümayiş etdirən faktlar və rəqəmlər vardır”. 5 may tarixli nömrədəki “Gənclərin yarışı” başlıqlı xəbər də bu mövzudadır: “Aprelin 30-da Azərbaycanda sovet hakimiyyəti qurulmasının 34-cü ildönümü və 1 May bayramları şərəfinə rayon gənclərinin yarışı olmuşdur. Yarışda 500 metr, 1000 metr və 2000 metr məsafəyə qaçmaq normaları qoyulmuşdu”. Xəbərin sonunda birinci yeri tutan şagirdlərin adları qeyd olunur.
30 may tarixli nömrədə rayonda baş vermiş maraqlı bir hadisə yer alıb. Müəllif T. Zahirovun “Mahir ovçu” başlıqlı xəbərində deyilir ki, Lenin adına kolxozun üzvü, mahir ovçu Abusəttar Əsgərov işdən qayıdarkən bir canavar və onun dörd balası ilə rastlaşır. Canavarı öldürən ovçu onun balalarını evə gətirir. Canavar və balalarının dəriləri rayonun xammal tədarükü idarəsinə təhvil verilir və ovçuya ümumilikdə 1500 manat mükafat verilir.
Maraqlı məqamlardan biri də qəzetdə tez-tez gözlənilən boşanmalar haqqında elanların verilməsidir. Belə elanlarda boşanacaq insanların yaşayış yerləri və ad-soyadları dəqiqliklə göstərilir.
Müxtəlif rubrikalarla zəngin olan “Kommunizmə doğru”nun 29 dekabr nömrəsinin 1-ci səhifəsində “Sovet İttifaqında” rubrikasında Sovet yazıçılarının İkinci Ümumittifaq qurultayı çərçivəsində Kuba şairi Nikolas Gilyenə Stalin mükafatının verilməsi haqqında xəbər yer alıb: “Dekabrın 24-də sovet yazıçılarının ikinci qurultayının səhər iclası qurtardıqdan sonra, İttifaqlar Evinin Sütunlu salonunda görkəmli Kuba şairi və sülh uğrunda fəal mübariz Nikolas Gilyenə təntənəli surətdə beynəlxalq Stalin mükafatı verildi”. Mükafatı verən Komitənin qərarının rus və ispan dillərində oxunduğu bildirilir. Akademik Skobeltsın laureatın qızıl medalını və diplomunu Nikolas Gilyenə təqdim edərkən gurultulu alqışlar səslənir. Xəbərin sonunda mükafatçının cavab nitqi söylədiyi bildirilir.
Həmin səhifənin son xəbəri “Oxucular konfransı” adlanır. Müəllif H. Rəhimov yazır: “Bu günlərdə Dərk kəndi kitabxanasında oxucular kitabxanası keçirilmişdir. Məktəbin dil-ədəbiyyat müəllimi Züleyxa Məmmədova yoldaş yazıçı S. Rəhimovun “Mehman” povesti haqqında geniş məruzə etmişdir”. Xəbərin sonunda müzakirənin maraqlı keçdiyi, oxuculardan 7 nəfərinin povest haqqında öz rəylərini söylədiyi vurğulanır.
Sovet hakimiyyətinin uzaq dağ rayonunda əsas ideoloji ruporu olan bu qəzet haqqında az-çox təsəvvür yarandığını düşündüyümüzdən, son olaraq deyək ki, “Kommunizmə doğru”ya uzun illər Niftulla Ağasiyev redaktorluq edib, ayrı-ayrı vaxtlarda nömrələri məsul redaktor kimi Əlişan Həsənli imzalayıb. 1910-cu ildə Yerfi kəndində anadan olmuş Əlövsət Haşımov da bir müddət burada redaktor kimi çalışıb. 1959-cu ildə Qonaqkənd rayonu ləğv edilib Qubaya birləşdirildikdən və “Kommunizmə doğru” bağlandıqdan sonra isə o, Quba rayonunda bir sıra məsul vəzifələrdə çalışıb, Georgi Dimitrov kolxozunun sədri olarkən 1965-ci ildə təşəbbüs göstərərək ilk dəfə Xınalığa avtomobil yolunun çəkilməsinə nail olub, Azərbaycanın Xalq rəssamı Maral Rəhmanzadənin “Xınalıq lövhələri”nin ərsəyə gəlməsi üçün rəssama lazımi şərait yaradıb...

Medianın İnkişafı Agentliyi — Vikipediya

Media istiqaməti: Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi;

QEYD: Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunur


MANŞET XƏBƏRLƏRİ