Ermənistanın baş naziri Nikol Paşinyanın KTMT ilə bağlı son açıqlaması Moskva ilə İrəvan arasındakı münasibətlərdə yeni suallar yaradıb. Paşinyan bildirib ki, Ermənistanın KTMT-dən xaric edilməsi qərarı qəbul olunsa, bundan “çox məmnun” olar.
“İstənilən halda bu, bizi çıxıb-çıxmamaq dilemmasından azad edərdi. KTMT-yə marağımız tükənib. Nizamnamə ölkənin təşkilatdan xaric edilməsini nəzərdə tutur”, – Paşinyan parlamentdə hökumət proqramını təqdim edərkən deyib. Onun sözlərinə görə, qarşıdakı beş il ərzində İrəvanın KTMT çərçivəsində fəaliyyətini aktivləşdirmək və təşkilata qayıtmaq planı yoxdur.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Paşinyanın bu sözlərinə kifayət qədər soyuq münasibət göstərib. O bildirib ki, Ermənistan KTMT-yə üzvlüyə artıq ehtiyac duymursa, təşkilatı özü tərk edə bilər.
“Düzünü desəm, ‘xaric etsələr, məmnun olaram’ ifadəsinin nə demək olduğunu başa düşməkdə çətinlik çəkirəm. Əgər İrəvan regional təhlükəsizliyin təmin edilməsində belə mühüm təşkilata üzvlüyə artıq ehtiyac duymursa, o zaman uyğun qərar qəbul edib bu təşkilatı tərk etməkdə sərbəstdir”, – Peskov deyib.
Moskvanın mövqeyi bununla da aydın görünür: Rusiya Ermənistanı KTMT-də saxlamaq üçün İrəvanın qarşısına keçmək niyyətində deyil və məsuliyyəti Ermənistan rəhbərliyinin üzərinə qoyur.

Maraqlı məqam da məhz budur. Ermənistan 2024-cü ildən KTMT-də fəaliyyətini faktiki olaraq dondurub, təşkilata üzvlük haqlarını ödəməyi dayandırıb. Paşinyan dəfələrlə ölkəsinin KTMT-dən çıxa biləcəyini də bəyan edib. Buna baxmayaraq, İrəvan hələ də rəsmi çıxış prosedurunu başlatmayıb.
Musavat.com xəbər verir ki, analitik Mixail Neyjmakov “Svobodnaya Pressa”ya bu mövzuda maraqlı açıqlamalar verib.
Analitik hesab edir ki, Paşinyanın bu mövqeyi təsadüfi deyil. Onun fikrincə, rəsmi İrəvan KTMT məsələsini həm Moskva, həm də Qərb ölkələri ilə danışıqlarda siyasi alət kimi istifadə edə bilər.
Neyjmakovun sözlərinə görə, Paşinyan 2026-cı ilin iyununda da oxşar mövqe nümayiş etdirərək, KTMT üzvləri Ermənistanın təşkilatdan xaric edilməsi barədə qərar qəbul etsələr, İrəvanın bunu nəzərə alacağını bildirmişdi.
Ekspert hesab edir ki, Ermənistan hazırda KTMT-dən formal olaraq çıxmadan da təşkilat daxilindəki öhdəliklərini faktiki olaraq yerinə yetirməmək imkanına malikdir. Buna görə də rəsmi çıxışa tələsməmək İrəvana daha geniş manevr imkanları yaradır.

“SP” iddia edir ki, Ermənistanın təşkilatdan dərhal çıxmamasının başqa səbəbi də maliyyə öhdəlikləri ola bilər. KTMT Nizamnaməsinin 19-cu maddəsinə əsasən, təşkilatdan çıxmaq istəyən dövlət əvvəlcə təşkilat çərçivəsindəki öhdəliklərini tənzimləməlidir. Bu isə Ermənistanın ödəmədiyi üzvlük haqları məsələsinin yenidən gündəmə gəlməsi deməkdir. Beləliklə, Ermənistanın rəsmi çıxış qərarı verməsi Moskva ilə yeni maliyyə və hüquqi mübahisələrin yaranmasına səbəb ola bilər.
Nəşrə görə, Rusiya üçün Ermənistanın KTMT-də formal iştirakından daha vacib məsələlər də var. Xüsusilə Ermənistanın Avrasiya İqtisadi İttifaqında (Aİİ) qalması Moskva üçün iqtisadi baxımdan əhəmiyyətlidir. Aİİ mexanizmləri Ermənistan üzərindən Rusiyaya “paralel idxal” imkanlarının qorunmasına şərait yaradır. Bu səbəbdən Moskvanın Ermənistanı KTMT-dən çıxarmaq üçün xüsusi səy göstərməsi də o qədər vacib görünmür. Üstəlik, Ermənistanın KTMT-dən çıxması avtomatik olaraq Rusiyanın Gümrüdəki 102-ci hərbi bazasının fəaliyyətinin başa çatması demək deyil. Bazanın fəaliyyəti ayrıca sazişlə tənzimlənir və həmin saziş 2044-cü ilə qədər qüvvədədir.
Rusiya Maliyyə Universitetinin dosenti Dmitri Yejov isə hesab edir ki, Paşinyan KTMT ilə bağlı bəyanatları ilə həm Ermənistan daxilində ictimaiyyətə, həm də xaricə mesaj verir. Onun fikrincə, Paşinyan eyni zamanda Moskvanın reaksiyasını yoxlayır. Çünki KTMT-dən çıxmaq mexanizmi kifayət qədər sadədir: Ermənistan rəsmi ərizə ilə müraciət edə bilər. Deməli, İrəvanın əsas məqsədi təşkilatı dərhal tərk etmək yox, çıxış prosesindən əvvəl Moskva və Qərbin hansı addımları atacağını görmək ola bilər.
Yejovun fikrincə, əsas sual KTMT-nin Ermənistansız necə fəaliyyət göstərəcəyi deyil, Ermənistanın KTMT-dən kənarda hansı vəziyyətə düşəcəyidir. Ekspert hesab edir ki, Paşinyanın Qərbdən aldığı vədlərin nə qədər davamlı olacağı da mühüm məsələdir. Xüsusilə Avropadakı siyasi dəyişikliklər Ermənistanın hesablamalarını dəyişə bilər. KTMT məsələsi əslində Ermənistanın qarşısında duran daha böyük geosiyasi seçimin yalnız bir hissəsidir. İrəvan son illərdə Avropa İttifaqına yaxınlaşmağa çalışır. Eyni zamanda Ermənistan Aİİ-nin üzvü olaraq qalır. Burada isə KTMT-dən fərqli olaraq, təşkilatdan “xaric edilmə” mexanizmi yoxdur və yalnız könüllü çıxış mümkündür. Bu isə Paşinyan hökumətinin qarşısında daha mürəkkəb seçim yaradır: Ermənistan bir tərəfdən Rusiya ilə iqtisadi əlaqələrini, xüsusilə Aİİ çərçivəsindəki imkanları qoruyur, digər tərəfdən isə Qərbə siyasi və təhlükəsizlik baxımından yaxınlaşmağa çalışır.Nəticədə Paşinyanın KTMT ilə bağlı siyasəti hələlik tam qopuşdan daha çox siyasi manevrə bənzəyir.
İrəvan təşkilatdan çıxmaq qərarını özü verə bilər. Lakin bunu etməməklə Paşinyan həm Moskvanın, həm də Qərbin növbəti addımlarını gözləmək üçün özünə əlavə vaxt qazandırır. Məhz buna görə də onun “bizi xaric etsələr, çox məmnun olarıq” bəyanatı sadəcə KTMT-dən narazılıq deyil. Bu, eyni zamanda Moskvaya ünvanlanan mesaj, Qərbə verilən siqnal və Ermənistanın geosiyasi seçim qarşısında apardığı hesablamaların göstəricisi kimi görünür...