Türkiyə Xarici İşlər Nazirliyi ABŞ-ın Suriyanı “terrorizmi dəstəkləyən dövlətlər” siyahısından çıxarmaq qərarını alqışlayıb.
Turkustan.az xəbər verir ki, Nazirliyin yaydığı yazılı açıqlamada ABŞ administrasiyasının bu istiqamətdə nümayiş etdirdiyi iradə və qərarın qəbulunda konstruktiv mövqe sərgiləyən ABŞ Konqresinin yanaşması yüksək qiymətləndirilib.
Açıqlamada Suriya hökuməti və xalqı da “qətiyyətli mövqeyinə” görə təbrik olunub.
XİN bildirib ki, uzun müddətdir dəstəklənən bu qərarla Suriyanın iqtisadi bərpası və yenidən qurulması qarşısındakı əsas maneələrdən biri aradan qaldırılıb.
Nazirlik qərarın Suriyanın beynəlxalq ictimaiyyətlə əlaqələrinin güclənməsinə, eləcə də ölkədə davamlı təhlükəsizlik və sabitliyin təmin olunması istiqamətində səylərin sürətlənməsinə töhfə verəcəyinə inandığını açıqlayıb.
Aytən Yaşar/ Turkustan.az