Bir daha Himnimiz haqqında


Kamil Şahverdi

V yazı

(əvvəli BU LİNKDƏ)

...Məlumdur ki, elan olunmuş müsabiqəyə yekun vurmaq mümkün olmadı. 1920-ci il aprelin 27-dən 28-nə keçən gecə Azərbaycan Xalq Cümhuriyyəti qırmızı bolşeviklər tərəfindən işğal olundu. Cəmi 23 ay davam edən müstəqilliyimizə qəsb edildi. Cümhuriyyət qurucularına qarşı amansız təqiblər başladı.
Azərbaycan Xalq Cümhuriyyəti Xalq Maarif Nazirliyinin dəftərxanasına müsabiqədə iştirak üçün təhvil verilən sənət nümunələrinin sonrakı taleyi bu günə qədər məlum deyil. Bu müsabiqədə kimlər iştirak etmək üçün müraciət edib, iştirakçıların sayı, onların təqdim etdikləri əsərlər haqqında hər hansı bir məlumat əldə etmək hələ ki, mümkün olmayıb. Lakin bir fakt ümidimizi itirməmək üçün bizə əsas verir ki, nə zamansa Xalq Maarif Nazirliyinin dəftərxanasına təhvil verilən əsərlərin sorağını ala biləcəyik.
İstedadlı jurnalist araşdırmaçı Dilqəm Əhməd bir neçə il bundan əvvəl İstanbulda bir kolleksionerdən AXC gerbinin eskizinin orijinal nüsxəsini əldə edib. Bu fakt düşünməyə əsas verir ki, ölkəmiz bolşeviklər tərəfindən işğal olunanda Cümhuriyyətçilər Xalq Maarif Nazirliyinin dəftərxanasından bəzi sənədləri özləri ilə apara bilmişlər. Əgər müsabiqəyə təqdim olunan gerbin orijinal eskizi İstanbulda bir kolleksionerdə aşkar olunubsa, demək ki, himn üçün təqdim olunan əsərləri də Türkiyədə axtarmaq lazımdır. Əgər bu məlumatlar əldə olunarsa, onda bir çox suallara cavab verilmiş olacaq.
Bir maraqlı faktı da qeyd etməyi vacib sayıram. Himn üçün elan olunmuş müsabiqədə kimlərin və neçə bəstəkar və şairin iştirakı haqqında dəqiq məlumat olmasa da, tanınmış Türk bəstəkarı və musiqişünası İsmayıl Zühtü Kuşçuoğlunun müsabiqəyə öz əsərini göndərməsi haqqında bilgilər vardır.

Türkiyənin unudulmuş böyük bəstəkarı İsmayıl Zühtü Bəy

İsmayıl Zühtü Bəy (1877-1924) Krım savaşından canlarını qurtarmaq üçün Bolqarıstanın Aydoş qəsəbəsinə köçmüş ailədə dünyaya gəlib. Hələ qundaqda ikən ailəsi İstanbula gəlmiş, lakin iki ildən sonra yenidən Bolqarıstana qayıtmışlar. İsmayıl üç yaşında olanda atası çiftçi (nalbənd) Əhməd Ağa Kuşçuoğlu vəfat edir. Bir müddət sonra anası Ayşə xanım ikinci dəfə ailə qurur. İsmayılın atalığı ona qarşı olduqca mərhəmətsiz davranır. 8-9 yaşında uşağı çobanlıq etməyə məcbur edir. İsmayıl 10 yaşında olanda atalığı vəfat edir və Ayşə xanım oğlu ilə Türkiyəyə, İzmirə köçürlər.

Türkiyənin unudulmuş bəstəkarı Ismayıl Zühtü Bəy

İzmirdə bugünki Mithatpaşa Endüstri Meslek Liseyinin olduğu yerdə İzmir Sənaye məktəbi fəaliyyət göstərirdi. İsmayıl Zühtü Bəy bu məktəbə daxil olur və musiqi bölümündə təhsil alır. Həmin illərdə məktəbdə dərs deyən dövrünün məşhur pianoçusu, "Macar Tevfik" adıyla tanınan Alessandro Voltandan piano, harmoniya və kontrapunkt, Şem Tov Şikardan Türk musiqi nəzəriyyəsi dərsləri alan İsmayıl Zühtü bəy peşəkar musiqiçi kimi formalaşlr. Ona görə də məzun olduğu məktəbdə yaradılan ansambla (bando) rəhbər təyin olunur. Şagirdlərdən ibarət Avropa tipli bu ansambl İzmirdə konsert proqramları ilə çıxış edən ilk ansambl sayılır. Onlar şəhərin bütün mədəni tədbirlərində iştirak edir və qısa zamanda tamaşaçıların rəğbətini qazanırlar. Hətta o dövrdə həftə sonu Torbalıdakı Sultan Çifliyindəki at yarışmaları zamanı konsertlərlə çıxış edirdilər. İsmayıl Zühtü Bəyin rəhbərlik etdiyi ansamblın sorağı bütün Türkiyəyə yayılır.
İsmayıl Zühtü Bəy 1913-cü ildə İzmirdə böyük bəstəkar Adnan Sayqunun atası Cəlal Bəyin tövsiyyəsi ilə yeni açılan İttihat və Tərəqqi məktəbinə dəvət alır və bu məktəbdə dərs deməklə yanaşı dörd səsli xor yaradır.
1914-cü ildə Birinci Dünya müharibəsi başlayanda İsmayıl Zühtü Bəy hərbi xidmətə çağırılır və Çanakkala döyüşlərində iştirak edir. Məşhur yazıçı və Türk musiqi tarixinin araşdırıcısı Ahmed Say "...İsmayıl Zühtü, Çanakkaleden sağ çıkmışdır. Bu bir möcüzədir..." yazır. ( Ahmet Say. Sanattan yansımalar portalı. İsmail Zühtü Bey. 18 oktyabr 2015)
1920-ci ildə ismayıl Zühtü Bəy Qurtuluş Savaşında işğalçılara qarşı döyüşmək üçün könüllü olaraq yenidən cəbhəyə yollanır. Eskişehirə gələn bəstəkar İsmet Paşa İnönünün komandanlıq etdiyi Qərb Cəbhəsi Komandanlığı hərbi orkestrına rəhbər təyin edilir. Daha sonra bəstəkar Ankarada Türkiyə Böyük Millət Məclisinin orkestrinə rəhbərlik (orkestra şefi) edir. İsmayıl Zühtü Bəy Böyük Millət Məclisi orkestrinə dirijor təyin edilən ilk Türk bəstəkarı idi. Ona qədər Fransadan, İtaliyadan dəvət olunan dirijorlar orkestri idarə edirdilər. Dirijorluqla yanaşı böyük bəstəkar eyni zamanda Ankara məktəblərində musiqi dərsləri verirdi.
İsmayıl Zühtü Bəy BMM-nin simfonik orkestrinin konsertlərini təşkil edərək müharibə səbəbindən ruh düşkünlüyü yaşayan soydaşlarının əhvalını yüksəltməyə çalışırdı. Bu konsertlər tamaşaçıların böyük rəğbətini qazanmışdı. Belə konsertlər Qurtuluş Savaşı zamanı böyük əhəmiyyət kəsb edirdi. Bəstəkarın vətənpərvərlik ruhunda yazdığı marşlar insanlarda ruh yüksəkliyi yaradırdı. İsmayıl Zühtü Bəyin həyat və yaradıcılığına aid qiymətli yazıların müəllifi musiqişünas Seymen Özdeniz "Türk Müzik Tarihinin Kayıb Bestəçisi: İsmail Zühtü" məqaləsində bəstəkarın Ankara dövründəki fəaliyyətinə aid maraqlı məlumatlar verir. Belə məlumatlardan birinə diqqət edək:
"...Onun (İsmayıl Zühtü Bəyin-K. Ş) bu çabalarının canlı şahidlərindən biri olan Ənvər Behnan Bəy, illər sonra Muhiddin Nalbandoğluna yazdığı ətraflı bir məktubda İsmayıl Zühtü Bəyin Ankarada olduğu dönəmdəki fəaliyyətinin bəzilərini belə anlatmışdır: "Böyük Millət Məclisinin bandosunu (orkestrini-K. Ş.) günortadan sonra ara-sıra idarə edərdi. O illərdə Ankarada qurulan İzmir Yurdu şəhər bağçası sinema salonunda bir müsamere (konsert-K. Ş.) vermişdi. Bu müsamereye Qazi Mustafa Kamal Paşa da gəlmişdi. Bu gecə İsmayıl Zühtünün "Dünya Susuyor!" adlı alafranga (çox səsli Türk müziği) bir bəstəsini bir gənc oxudu. Bu əsər çox sevildi. İkinci bir əsəri də şair Kemalettin Kamunun "Sarmış matem buraları" (misrası ilə başlayan) şeirini bəstələmişdir. Bu əsəri məktəb şagirdləri oxuyardı. Bu bir dua şəklini almışdı. " (Uçan A. və digərləri. Anadolunun Sırlı Sesi: Meziğiyle Ankara. 2017, s. 199-200).
Milli düşüncəyə sahib olan İsmayıl Zühtü Bəy bütün yaradıcılığl boyu, istər uşaqlar üçün yazdığı 100-dən artıq mahnıları ilə, istərsə də Vətəndə baş verən hadisələrə həsr etdiyi əsərləri ilə Türk insanının milli özünüdərkinə, gənclərə Vətən sevgisinin aşılanmasına xidmət göstərirdi.
Professor Doktor Ömer Faruk Huyugüzel tərəfindən qələmə alınmış "İzmir Fikir ve Sanat İnsanları (1850-1950) kitabında İsmayıl Zühtü Bəyin Milli Mücadilə illərində göstərdiyi əvəzsiz xidmətlərə geniş yer ayrılır. Bu məlumatları oxuduqca böyük bəstəkarın yorulmadan millət yolunda, haqq yolunda çalışdığının şahidi oluruq:
"Milli Mücadilə illərində Kastamonu və Ankara şagird məktəblərində milli ruhu hərəkətə keçirən əsərləri ilə gənclərə vətən sevgisini aşılayan, bu arada Akifin "İstiklal Marşını", Tunalı Hilminin "Atatürk Marşını" bəstələyən İsmail Zühtünün Ankaradakı son ilini və bəstə çalışmalarını tələbəsi Ferit Hilmi Atrek belə anlatmaqdadır (İsmail Zühtüden Hatıralar", nr. 7, Ekim 1939, s. 19-20):
İşğalın üçüncü ili Ankarada tahammül (tolerantlıq-K. Ş.) edilməz bir İzmir daüssılası arız oldu. Mərhum Vasif Çınarın başkanlığı altında bir "İzmir Yurdu" dərnəyi quruldu. Sık-sık yapılan toplantılarda və tədbirlərdə İzmir, Ankaranın maddi və mənəvi şəxsiyyətində bir bir ikinci varlıq olaraq yaşadıldı. İsmail Zühtü bu dərnək üçün "İzmir Yurdu Marşı" adıyla bir əsər yazdı. Hikmet Türk və Esat Çınar müştərək olaraq o günlərin həyəcanını anladan bir şeir qələmə alaraq bu bəstəni tətbiq etdilər;

Güzel İzmir, Anadolu kalbi
Senin için yara dolu.
Güzel İzmir bağlarının
Ne oldu zümrüt yolu?

Biz o yılın işte üç yıl
Ufkuna atıldık canla başla.
Bir gün sana varacağız,
Gözümüz dolu yaşla.

(...)

O günlərin könüllərdə yanıb kül olan İzmir aşkını İsmail Zühtü bir çox əsərlərində tərənnüm etdi. Gənc şairlərdən Kemalettin Kami və Feyzullah Sacit tərəfindən bu mövzu ətrafında qələmə alınmış bir çox şeirlərə bəstələdi. Bunlardan "Feryat" adındakı əsər üzərində çalışdığı axşam, İsmail Zühtünün İzmir üçün hıçqırıqlarla ağladığı həqiqətdir. İşte Feryattan bir neçə kuplet:

İncil mi koydular Kuran yerine?
Hep haç mı taktılar minberlerine?
Düşman sovüyor mu makberlerine?
Çoktandır almadım haber İzmirim
İzmirim, İzmirim, güzel İzmirim.

Ben nasıl yaşarım vatansız, sensiz
Baharı neyleyim gülsüz, gülşensiz
İzmirim gömülüp gittin kefensiz
Çoktandır almadım haber İzmirim.

Bilmedim gittin mi duruyor musun?
Feryad ediyoruz, duyuyor musun?
Niçin susuyorsun, uyuyor musun?
Uyan gün batıyor, uyan İzmirim,
Bak doğan güneşler al kan İzmirim."

(Ö. Faruk Huyugüzel. İzmir Fikir ve Sanat İnsanları (1850-1950). Cilt 1, s. 324-328. İzmir, 2025.)
(ardı var)


MANŞET XƏBƏRLƏRİ